ABŞ-də epilepsiya xəstəsi olan 31 yaşlı qadının ailəsi "ChatGPT"nin verdiyi tibbi məsləhətlərin onun ölümünə səbəb olduğunu iddia edərək "OpenAİ" şirkətindən məhkəməyə şikayət edib.
“Yeni Sabah” xəbər verir ki, Vaşinqton ştatında yaşayan Bouen Vanın ailəsi süni intellekt çatbotunun qadına epilepsiya dərmanlarını dayandırmağı tövsiyə etdiyini və bunun faciə ilə nəticələndiyini bildirib. Sezar pizza
İddialara görə, işini itirdikdən sonra yeni iş tapmaqda çətinlik çəkən Van qəbul etdiyi dərmanların yan təsirlərindən narahat olub. O, dərmanların iş görüşmələri zamanı danışıq və düşünmə qabiliyyətinə təsir etdiyini düşünərək "ChatGPT"yə müraciət edib.
Ailənin məhkəməyə təqdim etdiyi iddia ərizəsində bildirilir ki, çatbot qadına dərmanları tədricən dayandırmaq üçün plan hazırlayıb. Ona bu qərarı həkimlərindən gizlətməyi tövsiyə edib. İddia ərizəsində "ChatGPT"nin Vana “Artıq səni ayaqda saxlamaq üçün dərmana ehtiyacı olan biri deyilsən” dediyi də qeyd olunub.
Bu məsləhətlərdən sonra qadın evində epileptik tutma keçirərək həyatını itirib. Ailəsi baş verənlərə görə "OpenAİ" şirkətini məsuliyyətli hesab edir və ona qarşı məhkəmə iddiası qaldırıb.
Van ailəsinin vəkili Metyu Berqman "OpenAİ" şirkətinin məhsulunu tibbi məlumat verə bilən vasitə kimi təqdim etdiyini bildirib. Onun sözlərinə görə, istifadəçilərin şirkətin açıqlamalarına etibar etməsi təbii haldır. Bu məhkəmə işi süni intellekt vasitələrinin sağlamlıqla bağlı verdiyi məlumatların nə dərəcədə etibarlı olması və yanlış məsləhətlərə görə kimin məsuliyyət daşıması məsələsini yenidən gündəmə gətirib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız