Pulun psixologiyası: Qazanc artır, amma kasıblıq qorxusu bitmir

saytların hazırlanması

Evə çatdırılma

Pulun psixologiyası: Qazanc artır, amma kasıblıq qorxusu bitmir

Sosial

20 Oktyabr 2026 15:47 229


“İnsanın pulla münasibətini yalnız onun qazancı və maddi vəziyyəti ilə izah etmək düzgün olmaz. Çünki pul insan üçün təkcə ehtiyaclarını qarşılamaq vasitəsi deyil, eyni zamanda təhlükəsizlik, rahatlıq və gələcəyə inam hissi ilə də bağlıdır. Bu münasibətin təməli isə çox vaxt uşaqlıq illərində, ailədə gördüyümüz davranışlar və yaşadığımız təcrübələr əsasında formalaşır”.

Bunu “Yeni Sabah”a psixoloq Zeynəb Əyyubova deyib. O bildirib ki, uşaqlıqda maddi çətinlik yaşayan insanlarda gələcəkdə pulla bağlı müəyyən qorxuların yaranması mümkündür:

“Uşaq ailəsində daim pul çatışmazlığı olduğunu görürsə, valideynlərinin pul üstündə mübahisələrinə şahid olursa və ya öz ehtiyaclarının qarşılanmadığını hiss edirsə, onda pulun təhlükəsizliklə bağlı olduğu düşüncəsi formalaşa bilər. Sezar pizza

Belə bir insan böyüdükdən sonra maddi vəziyyəti yaxşılaşsa belə, daxilində əvvəlki çətinliklərin yenidən yaşanacağı qorxusunu daşıya bilər. Bəzi insanlar həddindən artıq qənaət etməyə başlayır, bəziləri isə əksinə, əlinə pul keçən kimi onu xərcləməyə çalışır. Çünki pulun əllərində uzun müddət qalmayacağına inanırlar və ya uşaqlıqda yaşadıqları məhrumiyyətləri kompensasiya etməyə çalışırlar. Amma burada vacib məqam odur ki, eyni təcrübə hər insana eyni şəkildə təsir etmir.

Bəzən insanın real həyatda maddi imkanları dəyişir, amma onun daxili təhlükəsizlik hissi eyni sürətlə dəyişmir. Məsələn, əvvəllər maddi çətinlik yaşamış bir insan artıq yaxşı gəlir əldə edə bilər, lakin yenə də “Bəs sabah işimi itirsəm?”, “Bəs yenidən əvvəlki vəziyyətə qayıtsam?” kimi düşüncələrlə yaşayar”.

Z. Əyyubova qeyd edib ki, bəzən insan öz dəyərini yalnız işləmək, qazanmaq və başqalarına faydalı olmaqla əlaqələndirir:

“Bu halda insan nə qədər pul toplasa da, özünü tam təhlükəsiz hiss etməyə bilər. Çünki problem təkcə pulun miqdarında deyil, gələcəyə nəzarət edə bilməmək qorxusunda da ola bilər. Əgər bu narahatlıq insanın gündəlik həyatına mane olursa, öz ehtiyaclarını qarşılamağa imkan vermirsə, həmin hisslərin mənbəyini araşdırmaq vacibdir. Keçmişdə yaşanan çətinliklər insanın gələcəyinin mütləq eyni olacağı demək deyil.

Digər tərəfdən, kifayət qədər qazandığı halda özünə pul xərcləməyə çətinlik çəkən insanların davranışlarının arxasında da müxtəlif psixoloji səbəblər dayana bilər. Bəzi insanlar uşaqlıqdan öz ehtiyaclarını ikinci plana keçirməyə öyrəşirlər. Ailədə daim “pul xərcləmə”, “bu bizə lazım deyil”, “gələcək üçün saxla” kimi fikirlər eşidiblərsə, böyüdükdən sonra da özlərinə pul xərcləyərkən günahkarlıq hiss edə bilərlər.

İstirahəti özlərinə rəva görmür, özlərinə nəsə almağı lazımsız hesab edir və daim daha vacib bir ehtiyacın ortaya çıxacağını düşünürlər. Digər hallarda isə pul xərcləmək insanda nəzarəti itirmək hissi yaradır. Pulun azalması narahatlıq doğurduğu üçün insan xərcləməməyə üstünlük verir”.

Psixoloq bildirib ki, burada bir məqamı da vurğulamaq lazımdır: qənaətcillik özlüyündə psixoloji problem deyil:

“Gələcəyi düşünmək, pul toplamaq və büdcəni planlaşdırmaq sağlam maliyyə davranışlarıdır. Problem o zaman yaranır ki, insanın maddi imkanı olduğu halda belə, özünün əsas ehtiyaclarını qarşılamağa icazə vermir, istirahət edə bilmir və həyatını baş verə biləcək təhlükələrə görə daim məhdudlaşdırır.

Mənim fikrimcə, insanın pulla münasibətinə yalnız maddi məsələ kimi yanaşmaq olmaz. Bəzən pul haqqında danışarkən əslində insanın qorxularından, uşaqlıq təcrübələrindən, təhlükəsizlik ehtiyacından və özünə verdiyi dəyərdən danışırıq.

Əsas məqsəd insanı daha çox xərcləməyə və ya daha çox qənaət etməyə yönəltmək deyil. Məqsəd onun pulla münasibətində tarazlıq yaratmaqdır. İnsan həm gələcəyini düşünə bilməli, həm də bu günü yaşamağa, öz ehtiyaclarını qarşılamağa və qazandığı puldan sağlam şəkildə faydalanmağa imkan tapmalıdır. Çünki pul insanın həyatını asanlaşdıran vasitə olmalıdır, onun bütün həyatını idarə edən qorxu mənbəyinə çevrilməməlidir”.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!