“Ayrılıq və ya boşanma həm fərd, həm də cəmiyyət üçün çətin adaptasiya dövrüdür. Lakin təcrübəmiz və apardığımız müşahidələr göstərir ki, bəzi hallarda bu proses sağlam emosional sonlanmadan çıxaraq təhlükəli patologiyaya – nəzarət və təqibə çevrilir. İllərlə məişət zorakılığına qarşı apardığımız mübarizə, AŞPA-nın “Stop Violence Against Women” kampaniyasının milli koordinatoru kimi həyata keçirdiyimiz layihələr və dövlət qurumları (DİN, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi) ilə apardığımız seminarlar bir həqiqəti açıq göstərdi ki, bu problem sadəcə fərdi xarakter daşımır, dərin sosial-psixoloji köklərə malikdir”.
Bunu “Yeni Sabah”a keçmiş deputat, psixoloq Gülər Əhmədova deyib. O bildirib ki, toksik xarakterə malik şəxslər partnyoru müstəqil insan kimi deyil, öz mülkiyyəti kimi qəbul edirlər:
“Birmənalı olaraq qeyd etməliyəm ki, burada heç vaxt sevgidən söhbət gedə bilməz. Söhbət yaralanmış eqodan, sahiblik instinktindən və nəzarət itkisindən gedir. Qərb psixologiyasında, o cümlədən tanınmış psixoterapevt Syuzan Forvardın əsərlərində qeyd olunduğu kimi, toksik xarakterə malik şəxslər partnyoru müstəqil insan kimi deyil, öz mülkiyyəti kimi qəbul edirlər. Qadının ayrılmaq və müstəqil qərar vermək hüququ onların daxili dünyasında “hakimiyyətə qarşı qiyam” kimi qəbul olunur. Marqarita pizza
Təqib (stalking) və təhdid davranışları heç vaxt təsadüfi deyil. Dr. Ceyms Kantor və digər tədqiqatçılar haqlı olaraq qeyd edirlər ki, bu davranışlar ölümcül risk daşıyan bir zəncirin halqalarıdır:
Zənglərin, mesajların intensivliyinin artması;
Qadının iş yerinə, evinə gəlmək, yaxınlarına təzyiq göstərmək;
Bütün məsuliyyəti qadının üzərinə yıxaraq öz hərəkətlərinə bəraət qazandırmağa çalışmaq.
Bunların hər biri real təhlükə xəbərdarlığıdır”.
Psixoloq qeyd edib ki, qadının boşanmadan sonra başqa həyat qurması bəzi kişilərdə kəskin aqressiya doğurur:
“Buna psixologiyada “narsistik qəzəb” deyilir. Fərd bunu öz hakimiyyətinin tamamilə süqutu kimi qiymətləndirir və aqressiyanı qadını cəzalandırmaq, yenidən nəzarəti ələ keçirmək üçün son vasitə kimi seçir.
Hüquq-mühafizə orqanları ilə iş təcrübəmiz və kriminoloq Cek Levinin qeyd etdiyi kimi, bu ifadələr əsla emosional sözlər və ya boş təhdid kimi qəbul edilməməlidir. Bir insan açıq şəkildə öldürməklə hədələyirsə, bu, onun şüuraltında həmin ssenarini artıq qəbul etdiyini və gələcək cinayətin psixoloji anonsunu verdiyini göstərir.
Milli Məclisdə Məişət zorakılığı ilə bağlı qanunun qəbul edilməsi prosesində yaxından iştirak etmiş, qadın polislərin sıralara qatılması və qurumlararası seminarlar keçirmiş biri olaraq bu gün “Sağlam Ruh” İnstitutunda da bu istiqamətdə praktiki addımlar atırıq”.
G.Əhmədova bildirib ki, burada narsistik şəxsiyyət pozuntusu, patoloji qısqanclıq və mülkiyyətçilik sindromu olan fərdlər üçün kognitiv-davranışçı terapiya proqramları həyata keçirilir:
“Sağlam Ruh” İnstitutunda Ayrılıqdan sonra təzyiqə məruz qalan qadınların daxili sərhədlərini bərpa etməsi, hüquqi-psixoloji reabilitasiyası üçün xüsusi dəstək qrupları və fərdi seanslar təşkil olunur.
Cəmiyyətdə “sevgi adına zorakılığa göz yummaq” stereotipini aradan qaldırmaq üçün mütəmadi olaraq ictimai müzakirələr və maarifləndirici layihələr həyata keçirilir”.
Aydan Hacı
Telegram kanalımız