Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Azay Quliyev gələn il dövlət büdcəsi gəlirlərinin 60 faizdən çoxunun qeyri-neft sektorunun hesabına formalaşmasının nəzərdə tutulduğunu bildirib
"Yeni Sabah" xəbər verir ki, arlamentari büdcənin ümumi həcminin artmasının müsbət tendensiya olduğunu qeyd etməklə yanaşı, əsas göstəricinin gəlirlərin formalaşma mənbələrində baş verən keyfiyyət dəyişiklikləri olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, son 20 ildə ilk dəfə olaraq dövlət büdcəsi gəlirlərinin 60 faizdən çoxu qeyri-neft gəlirləri hesabına formalaşacaq və cari xərclərin 90 faizdən çoxunun məhz bu gəlirlər hesabına qarşılanması planlaşdırılır.
A.Quliyev əlavə edib ki, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği gələn il 935 milyon manat azaldılacaq ki, bu da hökumətin büdcənin sadəcə həcminin artırılmasından daha çox onun dayanıqlılığına və səmərəliliyinə üstünlük verdiyini nümayiş etdirir. İnternetdən sifariş
İkinci mühüm göstərici kimi bələdiyyələrin öz xərclərini öz gəlirləri hesabına təmin etməsi istiqamətində atılan addımları önə çəkən deputat 2027-ci ildə ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərdəki bələdiyyələrin də öz gəlirləri hesabına xərclərini qarşılamasının nəzərdə tutulduğunu bildirib.
Büdcənin gəlirlərin rasional bölüşdürülməsi baxımından balanslı olduğunu və dövlətin əsas prioritetlərini əhatə etdiyini vurğulayan A.Quliyev əhalinin sosial vəziyyətinin və rifahının yaxşılaşdırılmasının prioritetlər sırasında yer almasını yüksək qiymətləndirib.
Parlamentarinin sözlərinə görə, gələn il növbədə olan qazi və şəhid ailələri üçün 600 mənzilin alınmasına, eləcə də Prezidentin nəzərdə tutduğu sosial paketin icrasına büdcədə lazımi vəsait ayrılacaq.
İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma, bərpa və məskunlaşma tədbirlərinin davam etdirilməsinin, həmçinin müdafiə qabiliyyətinin gücləndirilməsinin əhəmiyyətini xüsusi qeyd edən A.Quliyev regionda mövcud olan təhlükəsizlik çağırışlarının bu sahənin büdcənin prioritet istiqamətləri sırasında saxlanılmasını zəruri etdiyini diqqətə çatdırıb. O, həmçinin rəqəmsal inkişaf, innovativ texnologiyaların tətbiqi, təhsil islahatları və səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması istiqamətlərinə ayrılan vəsaitlərin artırılmasını mühüm addım kimi dəyərləndirib.
Nazim Hacıyev
Telegram kanalımız