“Səni öldürərəm”, “Uşağını əlindən alaram” - Boşanmadan sonra qadınları gözləyən   TƏHLÜKƏ

saytların hazırlanması

Evə çatdırılma

“Səni öldürərəm”, “Uşağını əlindən alaram” - Boşanmadan sonra qadınları gözləyən TƏHLÜKƏ

Sosial

10 Oktyabr 2026 20:28 197


“Ayrıldıqdan sonra kişinin qadını təhdid etməsinin arxasında bir sıra psixoloji amillər dayanır. İlk növbədə, paranoid düşüncələri qeyd etmək istərdim. Çünki belə hallarda çox vaxt söhbət sevgidən deyil, nəzarəti itirmək qorxusundan və ayrılığı qəbul edə bilməməkdən gedir.

Burada əsas səbəblərdən biri nəzarət ehtiyacıdır. Kişinin beynində “Məndən ayrıla bilməzsən” düşüncəsi formalaşır. Bu fikir gün ərzində dəfələrlə təkrarlanır, daha sonra isə həftələrlə, aylarla davam edir. Bununla yanaşı, rədd edilməni qəbul edə bilməmək də mühüm amildir. Kişi ayrılığı sanki şəxsi təhqir kimi qəbul edir. “Mən kişiyəmsə, sən mənim yanımda olmalısan. Məndən başqa kiminsə yanında necə ola bilərsən?” kimi düşüncələr formalaşır. Qısqanclıq və sahiblik hissi də bu prosesdə mühüm rol oynayır. Qadını özünə məxsus hesab edən kişi bu cür düşüncələrin təsiri altına düşür”.

Bunu “Yeni Sabah”a psixoloq Aytən Ələkbərova deyib. O bildirib ki, bu kimi məsələlərdə qadınla yanaşı kişinin eqosu da zədələnir: Sezar pizza

“Qadının öz qərarını verməsi onun üstünlük hissini birbaşa sarsıdır. “Sən kimsən ki, özbaşına qərar verəsən?” düşüncəsi ilə hərəkət etməyə başlayır. Qarşısındakı insanı özünə tabe etdirmək istəyən kişi ilk növbədə eqosunun zədələnməsini yaşayır. Onun düşüncəsi belə olur: “Mənim başımın üstündən addım ata bilməzsən. Bu günə qədər səni mən idarə etmişəmsə, indi səni başqa biri də idarə edə bilməz”.

Təbii ki, burada emosiyaları idarə edə bilməmək də ön plana çıxır. Qəzəb və qorxu hissləri, qarşı tərəfi birdəfəlik itirdiyini düşünmək belə davranışlara səbəb ola bilər. Eyni zamanda, bu günə qədər özünə tabe olan insanın artıq ona tabe olmaması kişini münasibəti qorxu vasitəsilə davam etdirməyə sövq edə bilər. Yəni qadını qorxutmaqla, təhdid etməklə münasibəti saxlamağa çalışır.

Görürük ki, bəzi boşanma hadisələrindən sonra bu cür hallar yaşanır. Hətta kişilərin daha çox hansı yaş qrupunda belə davranışlar göstərdiyinə baxdıqda, 28-34, eləcə də 35 yaş ətrafında olan şəxslərlə qarşılaşırıq. Ayrılığı qəbul edə bilmədikdə qadına zərər verməyə, hətta onu öldürməyə cəhd edənlər də olur”.

Psixoloq bildirib ki, ayrılıq zamanı kişi qadına dəfələrlə yaxınlaşırsa, onu izləyirsə və idarə etməyə çalışırsa, qadın onun hələ də nəzarəti əlində saxlamaq istədiyini görürsə, bu, ciddi həyəcan siqnalıdır:

“Belə vəziyyətdə qadın mütləq şəkildə aidiyyəti qurumlara müraciət etməlidir. Çünki təhlükə vaxtında nəzərə alınmadıqda vəziyyət qadının ölümü ilə nəticələnə bilər.

İlk növbədə, münasibətdə əvvəldən mövcud olmuş zorakılıq halları da nəzərə alınmalıdır. Hansı fiziki və psixoloji zorakılıqlar davam edib ki, qadın ayrılmaq qərarına gəlib və ayrılıq onun üçün çıxış yolu olub? Yəni əvvəlki münasibətdə mövcud olan zorakılıq amili mütləq nəzərə alınmalıdır.

Bu təhdidlərin içərisində bəzən qadın tərəfindən göstərilən müəyyən psixoloji təzyiq hallarına da rast gəlirik. Məsələn, kişilər bunu “dır-dır” adlandırırlar. Halbuki qadın bəzən qarşı tərəfə “Məni gör, məni sev, mənimlə maraqlan, mən hələ də səninləyəm” deməyə çalışır. Lakin təəssüf ki, kişi bunu “dır-dır” kimi qəbul etdikdə və özünə qarşı psixoloji zorakılıq hesab etdikdə, bəzən təhdidlər fiziki zorakılığa qədər gedib çıxır.

Fiziki zorakılıq bir neçə dəfə təkrarlandıqdan sonra qadın ayrılmaq qərarına gəlsə belə, kişi zorakılıqdan əl çəkməyə bilər. Təcrübəmizdə belə hallarla da qarşılaşırıq. Bəzən qadınlar müraciət edərək bildirirlər ki, həmin kişi təkcə onlara qarşı deyil, uşaqlarına qarşı da zorakılıq göstərir. Məsələn, uşağı liftdə saxlayıb, qolunu sıxıb və ya onu anasına qarşı yönləndirməyə çalışıb. Göründüyü kimi, bu zaman kişi təkcə qadını deyil, uşağı da təzyiq altında saxlamağa çalışır”.

A.Ələkbərova bildirib ki, ayrılığa hazır olmayan insanlar bəzən məhz bu cür davranışlar göstərirlər:

“Ən əsası isə, “Səni öldürərəm”, “Özümə nəsə edərəm”, “Uşağını səndən alaram”, “Heç kimə lazım olmayacaqsan” kimi ifadələr işlədilirsə, artıq qadının təhlükəsizliyi məsələsi ciddi şəkildə gündəmə gəlməlidir. Belə təhdidlər olduqda qadının qorunması üçün müvafiq tədbirlər görülməlidir.

Münasibət bitdiyi halda bəzi kişilərin həyat yoldaşlarını Rahat buraxa bilməməsinin əsas səbəblərindən biri həmin kişilərin özlərini ailədə daim dominant, daha çox idarəedici mövqedə görmələridir. Onlar “İndi mənim idarə etdiyim insanın başqası tərəfindən idarə olunmasına icazə verə bilmərəm” düşüncəsi ilə hərəkət edirlər.

Psixoloji baxımdan burada çox mühüm fərq var. Sevmək qarşı tərəfin azad seçiminə və hüquqlarına hörmət etməyi tələb edir. Sahib olmaq istəyi isə insanı qarşı tərəfə nəzarət etməyə, onun həyatını idarə etməyə sövq edir. Məhz buna görə də ayrılıq zamanı bu cür hallar baş verə bilər.

Ayrılığa uyğunlaşmaq da mühüm məsələdir. Ayrılığa hazır olmayan insanlar bəzən məhz bu cür davranışlar göstərirlər. Ayrılığa hazır olan insanlar isə, adətən, münasibətin bitməsini əvvəlcədən düşünür, müəyyən müddət ərzində bunu öz daxilində qəbul etməyə çalışırlar. Bəzən bu proses təxminən üç ay davam edir. Daha sonra qərarlarını həyata keçirdikdə “Səni öldürərəm”, “Sənə nəsə edərəm” kimi təhdidlərə əl atmırlar. Çünki ayrılığı daxilən qəbul edən insan qarşı tərəfi də azad buraxa bilir”.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!