Avqustun 13-ü Beynəlxalq Solaxaylar Günüdür. İlk dəfə 1992-ci ildə, 1990-cı ildə yaradılmış Britaniya Solaxaylar Klubunun təşəbbüsü ilə qeyd olunub.
“Solaxaylığın insana nə ziyanı, nə də xeyri var. Bu, sadəcə irsən keçən bir haldır. Elmi izahı isə belədir: insan beyni iki yarımkürədən ibarətdir; onlardan biri aktiv, digəri isə nisbətən passivdir. Lakin fəaliyyət eynidir. Sadəcə, ikinci hissə bir az ləng fəaliyyət göstərir. Sağ əldən istifadə edənlərin beyninin sol yarımkürəsi daha aktivdir. Solaxaylarda isə sağ yarımkürə daha aktivdir”.
Bunu “Yeni Sabah”a psixiatr Azad İsazadə deyib. pizza hut
Onun sözlərinə görə, solaxay insanları məcburi olaraq sağ əldən istifadəyə yönləndirmək onlar üçün böyük psixoloji travmadır:
“Solaxaylıq nə pisdir, nə də yaxşı. Bu, bütün dünyada normal sayılır. Lakin sovet dövründə solaxay insanları sağ əldən istifadə etməyə məcbur edirdilər. Bu, işgəncə sayılmasa belə, insanın təbii davranışına mənfi təsir edirdi.
Mən ilk dəfə İngiltərədə görmüşdüm ki, solaxaylar üçün ayrıca mağazalar var. Bəzi əşyalar var ki, onlar sağ əl üçün hazırlanıb və onları sol əllə istifadə etmək çox çətindir. Keçmişdə istifadə etdiyimiz tikiş və ət maşınları da sağaxaylar üçün nəzərdə tutulmuşdu. Lakin həmin mağazalarda onlara uyğun məhsullar satılırdı.
Solaxaylar yazı yazanda belə dəftəri başqa formada qoyurlar. Çünki dəftərin özü belə sağ əllə yazanlar üçün nəzərdə tutulub. Lakin psixoloji baxımdan solaxaylığın insana heç bir mənfi təsiri yoxdur. Lakin onları məcburi olaraq sağ əldən istifadəyə yönləndirmək böyük psixoloji travmadır. Mənim nəvəm də solaxaydır və heç fikir də vermirik. Hansı əldən istəsə, istifadə edir”.
A.İsazadə qeyd edib ki, elə insanlar var ki, hər iki əldən eyni dərəcədə istifadə edə bilir. Bu da daha çox uşaqlıqdan aşılanan bir şeydir:
“Solaxaylığın idmana da təsiri böyükdür. Məsələn, boksda hamı öyrəşib ki, zərbə, adətən, sağdan gəlir. Solaxaylar isə zərbəni bu istiqamətdən endirir. Futbolda belə solaxay oyunçular hər iki ayağını aktiv formada istifadə edə bilir. Bu da rəqiblərini çaşdırmağa kömək edir. Qılınc oynatma yarışlarında da bu fərq çox hiss olunur. Sağaxaylar üçün sol əli istifadə etmək çətindir, solaxaylar üçün isə bu daha asandır.
Solaxay insanların daha yaradıcı və ya intellektual olduğu haqqında fikirlər də var. Lakin bunun heç bir elmi əsası yoxdur. Ona görə deyə bilmərik ki, dahi olan insanların arasında nə qədər real solaxay var.
Məntiqlə yanaşdıqda, onlar arasında heç bir fərq olmamalıdır. Solaxaylığın xarakterə də hansısa bir təsiri olmamalıdır. Yalnız cəmiyyət tərəfindən əks reaksiya görmək solaxay insanlara psixoloji olaraq təsir edə bilər”.
Aydan Hacı
Telegram kanalımız