Türkiyə Superliqasının cari mövsümündə göstərdiyi sürpriz performansla turnir cədvəlinin zirvəsinə yüksələn və liderliyini qoruyan "Amedspor", həm də idman sahəsindəki siyasi və separatçılıq qalmaqalları ilə ölkə gündəmindən düşməyən ən ziddiyyətli klublardan biridir.
“Yeni Sabah” xəbər verir ki, klubun əsası 1972-ci ildə Diyarbəkirdə "Melikahmet Turanspor" adı ilə qoyulub və uzun illər həvəskar liqalarda mübarizə aparıb. Sonradan "Diyarbakır Büyükşehir Belediyespor" adını alan komanda, 2014-cü ildə regionun qədim adını mənimsəyərək "Amedspor" adını qəbul edib.
Rəsmi olaraq Diyarbəkirin tarixi adı olan "Amed" sözünün istifadəsi və formadakı sarı, qırmızı, yaşıl rəng seçimi təşəbbüsləri Türkiyə Futbol Federasiyası tərəfindən uzun müddət siyasi mesaj və separatçılıq simvolu kimi qiymətləndirilib. Sonda rəsmi tələblərə uyğun olaraq klubun rəngləri yaşıl, qırmızı və ağ şəklində təsdiqlənib. Sezar pizza
İllər ərzində klub bəzi futbolçularının sosial şəbəkələrdəki bölücü bəyanatları, qadağan olunmuş siyasi şüarlar və separatçı qruplarla əlaqələndirilən insidentlər səbəbindən tez-tez intizam cəzaları, azarkeş qadağaları və stadionlarda səfər komandalarının sərt reaksiyası ilə qarşılaşıb. Bütün bu gərginliklərə baxmayaraq, "Amedspor" özünü yalnız idman kollektivi kimi deyil, regionun və müxtəlif sosial qrupların səsi olan bir platforma kimi təqdim edir.
Sosial baxımdan böyük bir kütləni təmsil edən klub təkcə Diyarbəkirdə deyil, ölkə daxilində və xaricdə yaşayan milyonlarla tərəfdara sahibdir. Hətta aşağı liqalarda oynadığı dövrlərdə belə, ev oyunlarındakı azarkeş sayı Superliqa klublarının bir çoxunun göstəricisini geridə qoyurdu. Klubun "Barikat" və "Mor Barikat" kimi azarkeş qrupları anti-irqçi və sosial aksiyaları ilə futbol tribunasında diqqət çəkən duruş sərgiləyir.
Aşağı liqalardan addım-addım yüksələrək tarixi uğurlara imza atan Diyarbəkir təmsilçisi, Superliqa pilləsinə qədər ucalaraq Türkiyə futbolunun ən yüksək səviyyəsində köklü klublarla baş-başa mübarizə aparır. Hazırda liqanın lideri kimi çıxış edən "Amedspor" futbolun sadəcə 90 dəqiqəlik oyundan ibarət olmadığını, idmanın siyasi və sosial müstəvidə necə böyük bir müzakirə mövzusuna çevrilə biləcəyini sübut etməyə davam edir.
Nazim Hacıyev
Telegram kanalımız