14 min 883 tələbənin universitetlərdən xaric olunması və 12 mindən çox tələbənin öz istəyi ilə təhsilini yarımçıq qoyması ali təhsildə mövcud vəziyyətlə bağlı müzakirələri yenidən aktuallaşdırıb.
“Təhsil haqqının ödənilməsində yaranan çətinliklər bəzi tələbələrin təhsilini davam etdirməsinə mane olur. Bununla yanaşı, universitet tələbələrinin bir qismi aşağı balla qəbul olunan gənclərdir və onlar tədris prosesində müxtəlif çətinliklərlə qarşılaşırlar”.
Bunu “Yeni Sabah”a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib. Dördpendirli pizza
Onun sözlərinə görə, maddi imkansızlıq ən önəmli amildir:
“Amma universitet təhsilini yarımçıq qoymada proqramı mənimsəyə bilməmə də mühüm faktordur. İmtahan kəsiri, akademik borcların artması ali təhsil müəssisəsini tərk etmə ilə nəticələnir.
Əlbəttə, maliyyə problemləri də burada mühüm amillərdəndir. Xüsusilə aztəminatlı ailələrdən olan tələbələr üçün təhsil haqqının ödənilməsi çətinlik yarada bilir. Doğrudur, dövlət tərəfindən tələbə təhsil kreditləri və digər dəstək mexanizmləri tətbiq olunur. Amma məncə, əsas problem qəbulda az bal toplamış tələbənin tədris yükünün öhdəsindən gələ bilməməsidir.
Hazırda ölkədə 150 baldan yuxarı nəticə göstərən abituriyentlərin ali məktəblərə qəbul olmaq imkanı var. Lakin müşahidələr göstərir ki, xüsusilə 150-250 bal aralığında nəticə göstərərək qəbul olan tələbələr arasında universitetdən xaric olunma halları daha çoxdur.
Bəzi tələbələr isə könüllü şəkildə təhsildən uzaqlaşırlar. Çünki peşə təhsili müəssisələri və kolleclər də alternativ seçim kimi çıxış edir. Qəbul prosesində müəyyən tənzimləmələr həyata keçirilsə, daha hazırlıqlı və motivasiyalı gənclərin ali təhsilə qəbul imkanları artsa, bu cür halların sayı da azala bilər”.
Ramin Nurəliyevin fikrincə, bəzi gənclər qəbul olduqları ixtisasın onların maraq və bacarıqlarına uyğun olmadığını düşünürlər:
“Onlar düşünür ki, həmin ixtisası bitirdikdən sonra əmək bazarında uğur qazanmaq çətin olacaq və ya bu sahə onların potensialına uyğun deyil. Bu baxımdan düzgün ixtisas seçimi də mühüm əhəmiyyət daşıyır. Xüsusilə, aşağı bal toplayan abituriyentlər çox vaxt arzuladıqları ixtisasları seçə bilmir və topladıqları bala uyğun ixtisaslara müraciət edirlər. Sonradan həmin ixtisasın maraq dairələrinə uyğun olmadığını gördükdə isə müxtəlif problemlərlə üzləşirlər və bəzi hallarda təhsildən uzaqlaşırlar”.
Aytac Əliyeva
Telegram kanalımız