“TikTok”, “İnstagram” və “YouTube” üçün video hazırlamaq artıq bəzi ölkələrdə universitetdə öyrədilən peşəyə çevrilib. Hətta bu sahədə üçillik ali təhsil proqramlarına qəbul olan tələbələr də var.
“Yeni Sabah” xəbər verir ki, İngiltərə və ABŞ-də bəzi universitetlər tələbələrə sosial şəbəkələr üçün məzmun hazırlamaqla yanaşı, izləyici kütləsi formalaşdırmaq, şirkətlərlə əməkdaşlıq etmək və hazırladıqları məzmundan gəlir əldə etmək yollarını öyrədir. İngiltərədəki “Nottingham Trent” Universiteti 2022-ci ildə məzmun yaradıcıları üçün xüsusi təhsil proqramı açan ali məktəblərdən biri olub.
BBC-nin məlumatına görə, həmin proqramın tələbələrindən olan 21 yaşlı Destini Makqovan bu ilin iyulunda niversiteti bitirib. O, təhsil müddətində “İnstagram”, “TikTok” və “YouTube” üçün maraqlı məzmun hazırlamağı, izləyici toplamağı, şirkətlərlə əməkdaşlıq qurmağı və hazırladığı məzmundan pul qazanmağı öyrənib. Həmişə sahibkarlıqla məşğul olmaq istədiyini deyən gənc qadın universitetdə qazandığı bacarıqların başqa sahələrdə də ona fayda verəcəyini bildirib. Marqarita pizza
Destini hazırda öz sosial şəbəkə hesablarında dəb mövzusunda paylaşımlar hazırlayır. Eyni zamanda başqa şəxslər üçün də videolar çəkir.
Bundan başqa, məhsulları kamera qarşısında təqdim etdiyi “TikTok” canlı yayımlarında satış aparıcısı kimi işləmək üçün də işə qəbul olunub.
Destini universitetin ona yalnız nəzəri bilik deyil, həm də texniki avadanlıq, müasir texnologiyalar və sahə üzrə əlaqələr yaratmaq imkanı verdiyini deyib. O, xüsusilə universitetdə keçirilən tədbirlər zamanı bu sahədə çalışan şəxslərlə tanış olmasının karyerasına kömək etdiyini bildirib. Gənc məzunun sözlərinə görə, belə əlaqələri başqa yollarla yaratmaq illər çəkə bilərdi.
Hazırda İngiltərədə “Nottingham Trent” Universiteti ilə yanaşı, “Brighton” Universitetində də bu istiqamətdə təhsil proqramı var. Lakin sosial şəbəkələr üçün məzmun hazırlamağı universitetdə öyrənməyin qiyməti də kifayət qədər yüksəkdir.
“Nottingham Trent” və “Brighton” universitetlərində üçillik proqramların İngiltərə vətəndaşları üçün illik təhsil haqqı 9 790 funt sterlinqdir. Bu məbləğ təxminən 21986 manat edir.
Amerikada Arizona Dövlət Universitetində isə həmin ştatın sakinləri üçün illik standart təhsil haqqı 14 724 dollardır. 1 dolların 1,70 manat olduğu rəsmi məzənnə ilə bu, təxminən 25 031 manat edir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız