Uşaq tərbiyəsi cəmiyyətin hər dövründə aktual mövzulardan biri olub. Mütəxəssislər bildirirlər ki, sağlam şəxsiyyətin formalaşmasında yalnız tərbiyə üsulları deyil, valideyn sevgisinin ifadə olunma forması da mühüm rol oynayır. Buna baxmayaraq, bəzi ailələrdə uşağı öpmək, qucaqlamaq və ya sığallamaq onun ərköyünləşməsinə səbəb olacağı düşünülür və fiziki nəvazişdən bilərəkdən çəkinilir.
Bəs uşağı öpmədən, qucaqlamadan və fiziki nəvaziş göstərmədən böyütmək onun psixoloji inkişafına necə təsir edir? Valideyn sevgisinin sözlə ifadəsi kifayət edirmi, yoxsa fiziki təmas da uşağın emosional inkişafı üçün vacib amillərdən biridir?
Bu barədə “Yeni Sabah”a danışan psixoloq, pedaqoq Zeynəb Əyyubova bildirib ki, uşağın psixoloji inkişafında valideynlə emosional bağın formalaşması əsas amillərdən biridir: Dominos pizza
“Bu bağ təkcə sözlə deyil, eyni zamanda fiziki təmas vasitəsilə də qurulur. Uşağı qucaqlamaq, öpmək, sığallamaq və əlindən tutmaq onda təhlükəsizlik, qəbul olunma və sevildiyi hissini gücləndirir. Elmi araşdırmalar göstərir ki, sevgi dolu fiziki təmas uşağın stress hormonlarının azalmasına, özünəinamının artmasına və sağlam emosional tənzimləmə bacarıqlarının inkişafına müsbət təsir göstərir. Fiziki nəvaziş uşağı ərköyün etmir”.
Psixoloq qeyd edib ki, ərköyünlük daha çox sərhədlərin düzgün qoyulmaması, bütün istəklərin qeyd-şərtsiz yerinə yetirilməsi və ardıcıl tərbiyə prinsiplərinin olmaması ilə əlaqədardır:
“Əlbəttə, valideynin “Səni sevirəm”, “Səninlə fəxr edirəm”, “Yanındayam” kimi sözləri də çox dəyərlidir. Lakin xüsusilə erkən uşaqlıq dövründə sözlə yanaşı qucaqlaşma və digər uyğun fiziki təmaslar uşağın bu sevgini daha dərindən hiss etməsinə kömək edir. Çünki uşaqlar sevgini yalnız eşitməklə deyil, həm də hiss etməklə öyrənirlər. Bununla yanaşı, hər uşağın fərdi xüsusiyyətləri nəzərə alınmalıdır. Bəzi uşaqlar fiziki təmasa daha açıq, bəziləri isə daha həssas ola bilər. Valideyn uşağın sərhədlərinə hörmət etməli, onu məcbur etmədən, ehtiyacına uyğun sevgi və nəvaziş göstərməlidir”.
Z. Əyyubova vurğulayıb ki, sağlam tərbiyənin əsasını sevgi, təhlükəsizlik hissi, ardıcıllıq və düzgün sərhədlər təşkil edir:
“Valideyn sevgisinin həm sözlə, həm də uyğun fiziki təmasla ifadə olunması uşağın sağlam şəxsiyyət kimi formalaşmasına, gələcək münasibətlərində güvən hissi yaratmasına və emosional dayanıqlılığının inkişafına mühüm töhfə verir”.
Aytac Əliyeva
Telegram kanalımız