Əvvəllər ailə və qohumlarla münasibətlər gündəlik həyatın ayrılmaz hissəsi idi. Bayramlarda, həftəsonlarında, xüsusi günlərdə qohumların bir araya gəlməsi adi hal sayılırdı. İndi isə bir çox ailədə bu münasibətlərin əvvəlki qədər sıx olmadığı müşahidə edilir.
“Yeni Sabah” xəbər verir ki, bunun əsas səbəblərindən biri həyat tempinin dəyişməsidir. İnsanların iş, ailə və şəxsi həyatla bağlı öhdəlikləri artıb. Gün ərzində kifayət qədər məşğul olan insanlar bəzən ən yaxın qohumlarına belə zəng etməyə və görüşməyə vaxt tapmırlar.
Şəhərləşmə də qohumluq əlaqələrinə təsir edən amillərdəndir. Eyni məhəllədə, hətta eyni binada yaşayan qohumların yerini müxtəlif şəhərlərdə və ölkələrdə yaşayan ailə üzvləri tutub. Məsafə artdıqca görüşlərin sayı da azalır. pizza mizza
Texnologiya isə münasibətləri həm asanlaşdırıb, həm də müəyyən mənada dəyişib. Artıq qohumun halını öyrənmək üçün evinə getmək əvəzinə mesaj yazmaq və ya sosial şəbəkədə paylaşımına baxmaq kifayət edir. İnsanlar əlaqədə qalırlar, amma bu əlaqə əvvəlki kimi üz-üzə ünsiyyətə çevrilmir.
Digər tərəfdən, gənc nəsildə şəxsi məkan anlayışının güclənməsi də qohumluq münasibətlərinə təsir edir. Əvvəllər qohumların bir-birinin həyatına daha çox müdaxilə etməsi normal qarşılanırdı. İndi isə bir çox insan şəxsi qərarlarının müzakirə olunmasını və həyatına müdaxilə edilməsini istəmir.
Xüsusilə evlilik, iş, maaş, övlad sahibi olmaq və şəxsi münasibətlərlə bağlı suallar bəzən qohumlar arasında məsafə yaranmasına səbəb olur. İnsanlar münasibəti tamamilə kəsməsələr də, bəzi mövzularda danışmamağa və daha az görüşməyə üstünlük verirlər.
Qohumluq münasibətlərinin zəifləməsində incikliklər də mühüm rol oynayır. Kiçik bir mübahisə, uzun müddət həll olunmayan narazılıq və ya tərəflərdən birinin özünü dəyərsiz hiss etməsi zamanla münasibətin soyumasına gətirib çıxara bilər.
Bütün bunlara baxmayaraq, qohumluq münasibətləri tamamilə yox olmur. Sadəcə, onların forması dəyişir. Əvvəllər tez-tez baş tutan üz-üzə görüşlərin yerini telefon zəngləri, mesajlar və sosial şəbəkələrdə ünsiyyət tutur.
Əslində məsələ qohumların bir-birindən uzaqlaşmasından çox, insanların münasibətlərə ayıra bildiyi vaxtın və şəxsi sərhədlərin dəyişməsidir. Qohumluq əlaqələrinin davam etməsi üçün isə təkcə eyni soyadı və ya qan bağını bölüşmək kifayət etmir. Qarşılıqlı hörmət, maraq və ünsiyyət də vacibdir.
Aydan Hacı
Telegram kanalımız