Baş Dövlət Yol Polisi İdarəsi velosiped idarə edən şəxslərə yol hərəkəti qaydalarına riayət etmələri ilə bağlı müraciət edib.
"Yeni Sabah" xəbər verir ki, İdarə velosipedçiləri həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinə məsuliyyətlə yanaşmağa çağırıb.
Qeyd olunub ki, velosipeddən istifadənin ölkədə genişlənməsi müsbət haldır. Bununla yanaşı, velosipedçilər də yol hərəkətinin digər iştirakçıları kimi müəyyən edilmiş qaydalara əməl etməlidirlər. Pepperoni pizza
Baş Dövlət Yol Polisi İdarəsinin müşahidələrinə görə, bəzi hallarda velosipedçilər tərəfindən yol hərəkəti qaydalarının pozulması təhlükəli vəziyyətlərin yaranmasına səbəb olur. Belə hallar müxtəlif dərəcəli xəsarətlərlə, hətta ağır nəticələrlə yekunlaşa bilər.
İdarə velosipedçilərə bir sıra vacib məqamları xatırladıb:
Velosiped idarə edərkən mobil telefondan istifadə etmək, xüsusilə əlləri sükandan çəkərək telefonla danışmaq yolverilməzdir. Bu, diqqətin yayınmasına və velosiped üzərində nəzarətin itirilməsinə səbəb olaraq qəza riskini artırır.
İstiqaməti dəyişərkən və yolayrıclarında dönərkən qəfil manevrlərdən çəkinmək, nəzərdə tutulan manevr barədə digər hərəkət iştirakçılarını əvvəlcədən müvafiq qaydada xəbərdar etmək lazımdır.
Xüsusi velosiped yolları və zolaqları olan ərazilərdə həmin yollardan və zolaqlardan istifadə edilməlidir.
Belə imkan olmadıqda isə yol hərəkəti qaydalarının tələblərinə uyğun olaraq yolun sağ kənarı ilə hərəkət edilməlidir.
Baş Dövlət Yol Polisi İdarəsi bildirib ki, yol hərəkəti qaydalarına riayət etmək yalnız qanunun tələbi deyil, həm də insanın öz həyat və sağlamlığını, eləcə də digər hərəkət iştirakçılarının təhlükəsizliyini qorumasının vacib şərtidir.
Aytac Əliyeva
Telegram kanalımız