Vətəndaşları maraqlandıran YENİ QANUN GƏLİR - Nələr dəyişəcək? 

saytların hazırlanması

Evə çatdırılma

Vətəndaşları maraqlandıran YENİ QANUN GƏLİR - Nələr dəyişəcək? 

Sosial

05 Oktyabr 2026 12:15 748


Azərbaycanda istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı 31 il əvvəl qəbul edilən qanunun yenilənməsi məsələsi yenidən gündəmdədir. Deputat Əli Məsimli parlamentdə yeni qanunun qəbul edilməsini təklif edib. Bəs istehlakçıların bu gün ən çox hansı hüquqları pozulur? Yeni qanun nələri dəyişə bilər?

“Yeni Sabah” Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli ilə müsahibəni təqdim edir:

-   Hazırda Azərbaycanda istehlakçıların ən çox hansı problemləri ilə qarşılaşırsınız? Dominos pizza

-  İstehlakçıların hüquqlarının yüksək səviyyədə müdafiəsi, yəni vətəndaşların keyfiyyətli məhsul əldə etmək, təhlükəsiz qidalanmaq, aldadılmaqdan qorunmaq və sair bu kimi hüquqları birbaşa insanların sağlamlığı və həyat səviyyəsi ilə bağlı bir məsələ kimi sağlam cəmiyyət və sağlam iqtisadiyyatın qurulması üçün strateji əhəmiyyət kəsb edir. Ölkəmizdə istehlakçıların müdafiəsinin əsas hüquqi bazası 1995-ci ildə qəbul edilmiş “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa söykənir. Qanunun tələblərindən irəli gələn istiqamətlərdə həyata keçirilən tədbirlərə baxmayaraq, bir sıra sahələrdə istehlakçı hüquqlarının pozulması halları aktual olaraq qalır. Bu, özünü sahibkarlar tərəfindən vətəndaşların 14 gün ərzində malı dəyişdirmə və ya qaytarma hüququnun pozulmasında daha qabarıq göstərir.14 gün ərzində malın qaytarılması və ya dəyişdirilməsi zamanı sahibkarlar tərəfindən süni maneələrin yaradılması hallarına rast gəlinir. Marketlərdə, apteklərdə, yanacaqdoldurma məntəqələrində və sair yerlərdə istehlakçı hüquqları daha tez-tez pozulur.

-  Marketlərdə ən çox hansı pozuntu ilə qarşılaşılır?

-  Supermarketlər şəbəkəsində ən kütləvi pozuntu növü rəfdəki qiymətlə kassadakı qiymət arasında fərqin olmasıdır. Bir sıra hallarda vitrinə 2 manata qoyulan bir malın qiyməti kassaya gəlib çatanda 2,5-3 manata çataraq 25-50 faizə, bəzən bundan da baha satılır. Bəzən istehlakçı almadığı malın qiymətinin də kassa çekinə əlavə olunması hallarına da rast gəlinir. Texnologiyalar inkişaf etdikcə bu qəbildən olan manipulyasiyalar daha da artıb. İstehlakçını aldadan, vaxtı keçmiş və ya keyfiyyətsiz mal satan biznes subyektlərinə qarşı tətbiq edilən sanksiyalar və mexanizmlər yenidən işlənməli və daha kəsərli olmalıdır.

-   Onlayn alış-verişdə vəziyyət necədir?

-  Sosial şəbəkələr və müxtəlif yerli platformalar vasitəsilə həyata keçirilən elektron ticarət-onlayn alış-verişlərində çox vaxt istehlakçıya mal haqqında dolğun məlumat verilmir. Sifariş olunan məhsulla gələn məhsul fərqli çıxdıqda geri qaytarılma mexanizminin demək olar ki, işləmir. Onlayn mağazalar çox vaxt fiziki ünvan gizlədir.

-   Zəmanət məsələsində hansı problemlər var?

-   Bir sıra hallarda müştərilərə satılan malların, xüsusən də məişət texnikasının zəmanət şərtləri pozulur. Nasazlıq yarandıqda servis mərkəzləri müxtəlif bəhanələrlə təmirdən boyun qaçırır və ya qanunvericilikdə nəzərdə tutulmuş müddətləri gecikdirirlər.

- Məhsulların mənşəyi ilə bağlı da problemlər olduğunu bildirmişdiniz. Söhbət nədən gedir?

-  Çin istehsalı olan hansısa təmir-tikinti və ya digər sahənin malının bir hissəsinin ayırıb, Qərb ölkələrindən birinin malı kimi daha yüksək qiymətə təklif edirlər və sair.

- Bəs endirim adı ilə aparılan qiymət manipulyasiyaları necə?

- Məhsula edilən endirimlər bir sıra hallarda real olsa da, qiymət süni surətdə artırıldıqdan sonra tətbiq edildikdə, əslində aldadıcı xarakter daşıyır. Dəyəri ən çoxu 10 manatlıq olan mala 20 manat qiymət qoyub, sonra 30 faiz endirimlə təklif etməklə əslində 10 manatlıq mal belə manipulyasiyalar yolu ilə 14 manata təklif olunur. Böyük endirimlər əsasən istehlakçıların bir o qədər də ehtiyacı olmayan mallara qoyulur. Ona görə də endirimlər də istehlakçıların hüquqları baxımından müzakirə edilməlidir.

-  Sizcə, əsas problem qanunvericilikdədir?

-  Yaranmış vəziyyətin səbəbləri çox olsa da, əsas səbəb budur ki, istehlakçıların hüquqlarını yüksək səviyyədə müdafiə etməkdən ötrü digər şərtlərlə yanaşı, həm də müasir tələblərə cavab verən hüquqi baza lazımdır. Lakin 31 il bundan əvvəl-1995-ci ildə qəbul edilmiş “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanuna ötən dövr ərzində müəyyən düzəlişlər edilsə də, o, müasir tələblər səviyyəsində tamamilə yenilənməyib. Bir sıra qanunlar kimi, bu qanunun da həm icra mexanizmi mükəmməl deyil, həm də qanunların icrasına nəzarət mexanizmi zəif işləyir.  Bu qanunun qəbulundan bəri Azərbaycan bazarı tamamilə dəyişib, onlayn ticarət və rəqəmsal xidmətlər yaranıb.

- Bəs yeni qanunda əsas dəyişikliklər nədən ibarət olmalıdır?

-  Hazırkı mərhələdə əsas hədəf mövcud qanunvericilik bazasının müasir rəqəmsal dövrün tələblərinə uyğunlaşdırılması, cərimə sanksiyalarının kəsərliyinin artırılması və vətəndaşların hüquqi maarifləndirilməsinin genişləndirilməsidir. Bütün bu deyilənlərə əsaslanaraq sentyabrın 30-da Milli Məclisdə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” yeni qanunun qəbul edilməsi məsələsini qaldırdıq və istehlakçıların bazarın əsas subyekti kimi yenidən tanınmasını gündəmə gətirdik.

- Yeni qanunun qəbul ediləcəyini gözləyirsinizmi?

-  Bu kontekstdə hazırda Azərbaycan istehlakçıların hüquqlarının müdafiəsi sahəsində həm güclü dövlət nəzarəti mexanizmlərinin tətbiqinin, həm də qanunvericiliyin müasirləşdirilməsinin obyektiv zərurətə çevrilməsi dövrünü yaşayır. Ona görə də yeni qanunun qəbul edilmə ehtimalı kifayət qədər böyükdür.

- Qanun hazırlanarkən ictimai dinləmələrin keçirilməsini vacib hesab edirsiniz?

-  Milli Məclisdə təşkil olunan ictimai dinləmələrin müzakirəyə çıxarılan məsələnin aktuallığının artırılması və həllinin sürətləndirilməsi baxımından yetərincə güclü vasitə rolunu oynaya bilmə faktından çıxış etməklə demək olar ki, qanunun qəbulundan əvvəl parlamentdə ictimai dinləmələr təşkil etmək çox faydalı olar. Milli Məclis, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyi, vətəndaş cəmiyyəti institutları və digər maraqlı qurumlarla birlikdə ortaq işçi qrupu yaradaraq təkliflər hazırlana bilər. Bu əsasda qanunveriliklə müəyyən olunmuş qaydada “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” müasir beynəlxalq standartlara uyğun tamamilə yeni qanun layihəsi hazırlana bilər.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!