Milli Məclisin bu gün keçirilən iclasında yeni hazırlanan Dövlət Qulluğu Məcəlləsinin layihəsi birinci oxunuşda müzakirə olunaraq qəbul edilib.
"Yeni Sabah" xəbər verir ki, ümumilikdə 15 fəsil və 94 maddədən ibarət olan yeni Məcəllə qüvvəyə mindikdən sonra bu sahəni tənzimləyən 6 qanun ləğv ediləcək. Həmin sənədlər aşağıdakılardır:
"Dövlət qulluğu haqqında" qanun; pizza
"Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında" qanun;
"Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" qanun;
"Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında" qanun;
"Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında dövlət qulluqçularının vəzifə maaşları üçün artıq əmsalın müəyyən edilməsi haqqında" qanun;
"Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanun.
Ölkənin digər normativ hüquqi aktları yeni Məcəlləyə uyğunlaşdırılanadək ona zidd olmayan hissələrdə qüvvədə qalacaq.
Eyni zamanda, mövcud "Dövlət qulluğu haqqında" qanun çərçivəsində imtahan verərək sertifikat almış şəxslərin hüquqları qorunacaq. Şəxs etibarlılıq müddəti bitməmiş "Dövlət qulluğu sertifikatı"na sahibdirsə, həmin müddət ərzində yeni Məcəllənin tələblərinə uyğun olaraq müsahibə mərhələlərində iştirak edə biləcək.
Sənəd dövlət orqanlarında qulluq keçmənin ümumi prinsip və şərtlərini, habelə mülki dövlət qulluqçularının hüquqi statusunu tənzimləyir. Xüsusi növ dövlət qulluğunda xidmət keçmə isə vətəndaşların təyinat hüququ, müsabiqə, şəffaflıq, fəaliyyətin qiymətləndirilməsi və şəxsi işlərin aparılması kimi əsas prinsiplər saxlanılmaqla xüsusi qanunlarla idarə olunacaq.
Məcəllənin şamil edilmədiyi şəxslərin də dairəsi müəyyənləşdirilib. Sənəd Prezident, Birinci vitse-prezident və vitse-prezidentlər, deputatlar, Baş nazir və müavinləri, hakim və ombudsman, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və müavinləri, MSK və Hesablama Palatasının rəhbər heyəti, AAK və Media və Yayım Şurasının üzvləri, icra hakimiyyəti başçıları, NMR-in məsul şəxsləri və nümayəndələri, eləcə də hərbi qulluqçulara tətbiq olunmur.
Bundan başqa, yeni Məcəllə dövlət orqanlarının strukturuna daxil olmayan tabeli qurumların əməkdaşlarına da şamil edilmir. Həmin işçilərin hüquqları Əmək Məcəlləsi ilə tənzimlənməyə davam edəcək.
Nazim Hacıyev
Telegram kanalımız