Azərbaycan məhsulları Ermənistan bazarlarında – Ticarət əlaqələri nələr vəd edir?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan məhsulları Ermənistan bazarlarında – Ticarət əlaqələri nələr vəd edir?

İqtisadiyyat

17 Avqust 2026 15:48 42


“Ermənistanın Azərbaycana ixrac edəcəyi məhsulların konkret siyahısı hələ açıqlanmayıb. Ona görə burada daha çox Ermənistanın istehsal və ixrac potensialına əsaslanaraq proqnoz vermək mümkündür”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Bella Bəşirova deyib. O bildirib ki, ilk ticarət mərhələsində böyük həcmli və geniş çeşidli ixracdan daha çox, bazarın reaksiyasını yoxlayan məhdud həcmli kommersiya tədarükləri ilə başlanılması daha realdır:

“İlk mərhələdə Azərbaycana daha çox kənd təsərrüfatı və ərzaq məhsullarının çıxarılması ehtimalını yüksək qiymətləndirirəm. Buraya meyvə-tərəvəz, emal olunmuş kənd təsərrüfatı məhsulları, içkilər, konserv məhsulları və müəyyən qida məhsulları daxil ola bilər. Bundan başqa, Ermənistanın tikinti materialları, daş və digər mineral mənşəli məhsullar, yüngül sənaye və bəzi sənaye məhsulları üzrə də ixrac imkanları mövcuddur. Lakin burada əsas məsələ məhsulun sadəcə Ermənistanda istehsal olunması deyil. Azərbaycan bazarında həmin məhsula tələb, keyfiyyət, qiymət və rəqabət qabiliyyəti olmalıdır. Mən hesab edirəm ki, ilk ticarət mərhələsində böyük həcmli və geniş çeşidli ixracdan daha çox, bazarın reaksiyasını yoxlayan məhdud həcmli kommersiya tədarükləri ilə başlanılması daha realdır”. pizza

Ekspert vurğulayıb ki, Azərbaycanda eyni məhsul daha rəqabətli qiymətə və daha yüksək keyfiyyətlə istehsal olunursa, həmin məhsulun Ermənistandan idxal edilməsinə iqtisadi əsas zəif olacaq:

“Azərbaycan böyük və müxtəlif istehsal potensialına malik ölkədir. Buna görə Ermənistandan idxalın iqtisadi zərurət deyil, daha çox qarşılıqlı ticarətin və regional əməkdaşlığın formalaşması baxımından əhəmiyyəti olacaq. Azərbaycan tərəfinin idxal edə biləcəyi məhsullar arasında ilk növbədə mövsümi kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəz, qida və emal sənayesi məhsulları nəzərdən keçirilə bilər.

Bundan əlavə, Azərbaycan bazarında rəqabətqabiliyyətli olduğu halda müəyyən tikinti materialları, yüngül sənaye məhsulları, qablaşdırma və digər sənaye məhsullarının idxalı da mümkün ola bilər. Burada çox vacib məqam ondan ibarətdir ki, idxalın həcmini dövlət deyil, əsasən bazarın tələbi və sahibkarların kommersiya marağı müəyyən etməlidir. Məsələn, Azərbaycanda eyni məhsul daha rəqabətli qiymətə və daha yüksək keyfiyyətlə istehsal olunursa, həmin məhsulun Ermənistandan idxal edilməsinə iqtisadi əsas zəif olacaq. Əksinə, Ermənistanın müəyyən məhsul üzrə qiymət və ya keyfiyyət üstünlüyü varsa, özəl sektor üçün belə idxal maraqlı ola bilər. Hazırda ticarətin balansı isə kifayət qədər fərqlidir: 2026-cı ilin ilk rübündə Azərbaycanın Ermənistana ixracı təxminən 5,8 milyon dollar olduğu halda, Ermənistandan Azərbaycana idxal cəmi təxminən 960 min dollar təşkil edib.

Bu da göstərir ki, qarşıdakı dövrdə əsas məsələ sadəcə ticarətin başlaması deyil, qarşılıqlı və davamlı ticarət dövriyyəsinin formalaşmasıdır”.

B.Bəşirova əlavə edib ki, ölkələr arasında birbaşa və səmərəli nəqliyyat əlaqələrinin qurulması logistika xərclərinin azalmasına və nəticə etibarilə məhsulun son qiymətinə müsbət təsir göstərə bilər:

“Nəzəri olaraq, bəli. Ölkələr arasında birbaşa və səmərəli nəqliyyat əlaqələrinin qurulması logistika xərclərinin azalmasına və nəticə etibarilə məhsulun son qiymətinə müsbət təsir göstərə bilər. Amma burada bir məqamı xüsusi vurğulamaq istəyirəm: qonşu olmaq avtomatik olaraq məhsulun ucuz olması demək deyil. Məhsulun son qiymətinə nəqliyyat xərclərindən başqa istehsal maya dəyəri, enerji xərcləri, gömrük prosedurları, vergi və rüsumlar, sığorta, anbarlaşdırma, sertifikatlaşdırma və digər logistika xərcləri də təsir edir. Bu baxımdan, əgər Azərbaycan və Ermənistan arasında ticarət marşrutları sadələşdirilərsə, sərhəd və gömrük prosedurları effektiv təşkil olunarsa və daşıma müddəti azalarsa, logistika xərclərinin aşağı düşməsi və məhsulların daha rəqabətli qiymətlərlə bazara çıxması üçün real imkan yaranacaq. Artıq regionda qarşılıqlı ticarətin ilkin nümunələri də formalaşır. 2026-cı ilin ilk rübündə Azərbaycan Ermənistana əsasən neft məhsulları ixrac edib. Eyni zamanda Azərbaycan Ermənistan üçün üçüncü ölkələrdən gələn bəzi yüklərin tranzitində də rol oynayır. Mən hesab edirəm ki, uzunmüddətli perspektivdə əsas iqtisadi qazanc təkcə məhsulun ucuzlaşmasında deyil. Əsas qazanc Cənubi Qafqazda yeni regional təchizat zəncirlərinin yaranması, logistikanın inkişafı, sahibkarlar arasında əlaqələrin genişlənməsi və qarşılıqlı ticarət dövriyyəsinin artması olacaq. Yəni bu proses düzgün qurularsa, söhbət yalnız “Ermənistandan Azərbaycana hansı məhsul gələcək?” sualından getməyəcək. Daha böyük məsələ iki ölkə arasında dayanıqlı iqtisadi və ticarət münasibətlərinin formalaşmasıdır”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!