Bahalı geyimlər məktəbliləri üz-üzə qoyur: Vahid forma nəyi dəyişir?   - MÜSAHİBƏ

saytların hazırlanması

Evə çatdırılma

Bahalı geyimlər məktəbliləri üz-üzə qoyur: Vahid forma nəyi dəyişir? - MÜSAHİBƏ

Sosial

11 Oktyabr 2026 20:17 185


Nəsimi adına Dilçilik İnstitutunun Türk Dilləri şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Şəbnəm Həsənli-Qəribovanın “Yeni Sabah”a müsahibəsi:

- Şəbnəm xanım, dünyəvi təhsil dedikdə nə başa düşülür və bu prinsip məktəblərdə necə qorunmalıdır?

- Dünyəvi təhsil dedikdə, dinin təhsil sistemindən ayrı olması, tədrisin elmi biliklərə, məntiqə və faktlara əsaslanması başa düşülür. Bu Azərbaycan Respublikası Konstitusiyasında da öz əksini tapır. Konstitusiyanın 18-ci maddəsinə əsasən  “Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır”. Yəni, təhsil sistemi dinə münasibətdə neytral xarakter daşımalı, dövlət məktəbi dini təbliğat üçün istifadə edilməməlidir. Eyni zamanda müxtəlif dini inanclara, konfessiyalara mənsub olan şagirdlər məktəb mühitində dini mənsubiyyətlərinə görə fərqləndirilməməli, bu fərqlər onların tədris prosesində iştirakına, qiymətləndirilməsinə və onlara göstərilən münasibətə təsir etməməlidir. Dünyəvi təhsilin əsas məqsədi azad düşünən, elmə və biliyə dəyər verən, başqalarının fikirlərinə və inanclarına hörmət edən savadlı insanlar yetişdirməkdir. Bugün Azərbaycan təhsil sistemində bu prinsip tamamilə təmin olunur. pizza mizza

- Tarixən məktəbli geyim forması hansı məqsədlə tətbiq olunub və bu ənənənin əsas əhəmiyyəti nədir?

- Tarixən məktəbli geyim forması şagirdlər arasında nizam-intizam yaratmaq, onların hansı məktəbə mənsub olduqlarını göstərmək və sosial-iqtisadi statuslarından qaynaqlanan fərqləri məktəb daxilində aradan qaldırmaq məqsədilə tətbiq olunub. Bugün bu ənənə bir çox ölkənin təhsil sisteminin ayrılmaz hissəsinə çevrilmişdir. Bir çox ölkələrdə hər məktəbin öz loqosunu daşıyan və fərqli rənglərdə olan geyimlər şagirdlərin hansı dövlət və ya özəl məktəbdə təhsil aldığını göstərən fərqləndirici simvollardandır. Məktəbli forması həm də şagirdlərə xatırladır ki, məktəbdə hər kəs eyni kollektivin üzvüdür və hər bir şagird hörmətə layiqdir. Şagird özünü məktəb daxilində o kiçik cəmiyyətin üzvü kimi rahat hiss edir və bu həm də şagidlərarası münasibətlərdə bərabərliyi qoruyur.

- Sizcə, vahid məktəbli geyim formasının tətbiqi şagirdlər arasında bərabərliyin təmin olunmasına necə təsir edir?

- Bu gün uşaqlar altı yaşından etibarən günlərinin böyük və əhəmiyyətli hissəsini məktəbdə keçirirlər. Məktəb yalnız bilik qazandıqları yer deyil, həm də onların dünyagörüşünün, xarakterinin və cəmiyyətə münasibətinin formalaşdığı mühüm bir mühitdir. Bu baxımdan məktəblərdə şagirdlərin ailələrinin maddi vəziyyətindən və sosial statusundan asılı olmayaraq bərabər imkanlarla təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. Övladları məktəbdə təhsil alan valideynlər çox yaxşı bilir ki, müəyyən yaş dövründə uşaq özünü sinif yoldaşlarından, ətrafdakılardan fərqləndirmək üçün fərqli geyinməyə, müxtəlif aksesuarlardan istifadə etməyə, məktəbdə diqqət çəkməyə çalışır. Bu isə bəzən fərqli maddi imkanlara malik uşaqlar arasında müxtəlif aqressiv reaksiyalar yarada bilir. Vahid geyim forması şagirdlər arasında sosial fərqlərin zahiri görünüşdə daha az nəzərə çarpmasına, bahalı və dəbli geyimlərlə bağlı rəqabətin azalmasına kömək edir. Bu isə uşaqların bir-birini geyiminə görə deyil, biliyinə, davranışına və şəxsi keyfiyyətlərinə görə qiymətləndirməsini təşviq edir.   Şagird məktəbdə müəyyən olunmuş qaydalara riayət etməyi öyrənməklə həm də cəmiyyətdə mövcud olan qaydalara hörmətlə yanaşmağı, öz hüquqları ilə yanaşı, başqalarının hüquqlarını da nəzərə almağı mənimsəyir. Məktəbli formasına riayət etmək də bu tərbiyə prosesinin kiçik, lakin əhəmiyyətli bir hissəsidir. Çünki uşaq məktəb illərindən etibarən anlayır ki, hər bir kollektivin öz qaydaları var və bu qaydalara əməl etmək yalnız şəxsi məsuliyyət deyil, həm də ətrafındakı insanlara hörmətin göstəricisidir.

 Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!