Bakıda çay içmək artıq əvvəlki kimi sadə və ucuz istirahət hesab olunmur. Şəhərin müxtəlif məkanlarında təqdim edilən çay dəstgahlarının qiymətləri son aylarda xeyli yüksəlib. Xüsusilə İçərişəhərdəki etnik restoranlarda, şəhər mənzərəli kafelər və lüks otellərdə çay süfrəsi açdırmaq istəyənlər daha çox xərc çəkməli olurlar. Üstəlik, menyuda göstərilən qiymət yekun hesabı əks etdirmir: servis haqqı da əlavə ediləndə müştərinin ödədiyi məbləğ bir neçə manat, bəzi hallarda isə onlarla manat artır.
“Yeni Sabah”ın araşdırmasına görə, Bakıda çay dəstgahlarının qiyməti məkanın yerləşdiyi əraziyə, təqdim olunan məhsulların çeşidinə və xidmət səviyyəsinə görə ciddi şəkildə fərqlənir. Ən sadə dəstlərdən tutmuş samovar və müxtəlif milli şirniyyatlarla təqdim edilən geniş süfrələrə qədər qiymətlər kifayət qədər geniş diapazonu əhatə edir.
Çay üçün 200 manatadək xərc pizza hut
Bakının mərkəzində, xüsusilə İçərişəhər və Fəvvarələr Meydanı ətrafındakı kafe və konsept məkanlarda iki nəfərlik çay dəstgahlarının qiyməti təxminən 35-50 manat arasında dəyişir. Bu məbləğə adətən çay, bir neçə növ mürəbbə, şirniyyat və çərəz daxil olur. Lakin sifarişin tərkibi məkandan-məkana fərqləndiyindən eyni qiymətə təqdim olunan dəstlərin çeşidi də eyni olmur.
Daha geniş süfrə sifariş etmək istəyənlər üçün qiymətlər yüksəlir. 4-6 nəfərlik çay dəstləri orta səviyyəli məkanlarda təxminən 50-80 manata təklif olunur. Belə dəstlərə daha böyük çaynik və ya samovar, bir neçə növ mürəbbə, badam, fındıq, püstə kimi çərəzlər, quru meyvələr və milli şirniyyatlar və ya türk paxlavası daxil edilir.
Şəhərin mərkəzində yerləşən, panorama mənzərəsi və xüsusi konsepti ilə seçilən restoranlarda isə bu məbləğ 80-110 manata qədər yüksəlir.
Ən yüksək qiymətlər isə xüsusilə İçərişəhərdə yerləşən etnik konseptli restoranlarda və lüks xidmət təqdim edən məkanlarda qarşımıza çıxır. Burada milli üslubda hazırlanmış interyer, ənənəvi çay təqdimatı, geniş çərəz və şirniyyat çeşidləri, eləcə də tarixi mühit qiymətə təsir edən amillər sırasındadır.
Lüks restoranlarda və beşulduzlu otellərdə VIP samovar dəstlərinin qiyməti 120-200 manata çatır. İngilis üslubunda təqdim edilən “Afternoon Tea” menyularında isə qiymət çox vaxt adambaşı hesablanır. Bu kateqoriyada bir nəfər üçün 45-75 manatlıq xərc iki nəfər üçün ümumilikdə 90-150 manata və daha yuxarı məbləğə qalxır.
Servis haqqı hesabı daha da artırır
Çay dəstgahlarının qiyməti ilə bağlı narazılıqlar yalnız menyuda göstərilən məbləğlə məhdudlaşmır. Müştərilərin qarşılaşdığı əsas məsələlərdən biri də servis haqqıdır. Bir çox məkanda yekun hesaba 10-15 faiz xidmət haqqı əlavə olunur. Nəticədə menyuda göstərilən qiymətlə müştərinin ödədiyi məbləğ arasında fərq yaranır. Məsələn, 40 manatlıq çay dəstinə 10 faiz servis haqqı əlavə edilərsə, yekun məbləğ 44 manat olur. Xidmət haqqı 15 faiz hesablandıqda isə müştəri 46 manat ödəməli olur. Başqa sözlə, müştəri üçün sonda ilkin qiymətdən əlavə 4-6 manat xərc yaranır.
Daha bahalı məkanlarda isə bu fərq daha böyük olur. Məsələn, 120 manatlıq sifarişə 15 faiz xidmət haqqı əlavə edilərsə, yekun hesab 138 manata çatır. Bu o deməkdir ki, müştəri təkcə çay və süfrəyə daxil olan məhsullar üçün deyil, xidmətə görə də əlavə ödəniş etməli olur. Buna görə çay sifariş edərkən yalnız dəstin qiymətinə deyil, yekun hesabın necə formalaşdığına da diqqət yetirmək lazımdır.
Əsmətxanım Rzazadə
Telegram kanalımız