Qlobal istiləşmə okeanlardakı suyun səviyyəsini artırdıqca bir sıra ada ölkələrinin gələcəyi sual altında qalır. Bəzi dövlətlər əhalinin başqa ölkələrə köçürülməsi, bəziləri isə daha hündür ərazilərdə yeni yaşayış məntəqələrinin salınması üçün hazırlıq görür.
“Yeni Sabah” xəbər verir ki, Tuvalu, Kiribati, Marşal Adaları, Maldiv adaları və Vanuatu dəniz səviyyəsinin yüksəlməsinin mümkün nəticələrinə qarşı müxtəlif tədbirlər həyata keçirir. Sakit okeandakı Tuvalu dəniz səviyyəsindən orta hesabla cəmi 2 metr yüksəklikdə yerləşir. Ölkə vətəndaşlarının gələcəkdə Avstraliyaya köçə bilməsi üçün bu ölkə ilə xüsusi razılaşma imzalayıb.
Kiribatidə isə əsas problemlər sahillərin dağılması və içməli su mənbələrinin duzlaşmasıdır. Ölkə mümkün köç üçün Ficidə torpaq sahəsi də alıb. Marşal Adaları sakinlərinin bir hissəsinin ABŞ-də yaşamasına imkan verən razılaşmaya malikdir. Maldiv adaları isə problemi başqa cür həll etməyə çalışır. Ölkədə dəniz səviyyəsindən daha yüksəkdə yerləşən süni adalar salınır. Onlardan biri Hulhumaledir. Vanuatuda isə bəzi yaşayış məntəqələrinin adaların daha hündür hissələrinə köçürülməsi planlaşdırılır. pizza mizza
Dəniz səviyyəsinin yüksəlməsi bu ölkələr üçün yalnız ekoloji problem deyil, həm də insanların gələcəkdə harada yaşayacağı məsələsinə çevrilib.
Telegram kanalımız