“Bu sahədə gələcək görülmür, istedadlı nəsil yoxdur” -  “Niderland faciəsi”nin səbəbləri
14 Yan 2020 10:26
343

“Bu sahədə gələcək görülmür, istedadlı nəsil yoxdur” - “Niderland faciəsi”nin səbəbləri

Xəbər verdiyimiz kimi, qadın voleybolçular arasında Niderlandda keçirilən Avropa Olimpiya Təsnifat turnirində qrup mərhələsində 3 oyuna 0 xal toplayan millimiz Avropa çempionatına vəsiqə qazana bilməyib. Lakin ilk “səkkizliy”ə düşməyərək 10-cu yerdə qərar tutan komandamız üçün şans yaranıb. Belə ki, millimizi qabaqlayan 9 ölkədən ikisi ev sahibləri sırasında olduğundan Azərbaycan voleybolçuları sonuncu – 8-ci vəsiqəyə yiyələniblər. 

Bəs görəsən, millinin bu uğursuz çıxışına hansı amillər səbəb olub? Ümumiyyətlə, turnirdən 0 xalla qayıdan millidən qarşıdakı mötəbər turnirdə nə gözləmək olar?

Bu suallarımıza cavab tapmaq üçün voleybol üzrə ekspert Rüstəm Fətəliyevlə əlaqə saxladıq. O, “Yeni Sabah”a açıqlamasında öncə, komandamızın məğlubiyyətinin səbəblərindən danışıb:

“Millinin məğlub olmasının bir neçə səbəbi var. Birinci səbəb bizim qrupda olan hər bir rəqib çox güclü idi. İkincisi, bəzi oyunçuların oyunda olmaması idi. Üçüncüsü isə, gələn oyunçuların aşağı səviyyəli performansı idi. Xüsusilə, Polina Rəhimovanı nəzərdə tuturam. Bir az daha yaxşı oynaya bilərdi. Toppaylayıcı mövqedə yaxşı performanslı müdafiəçilərin olmaması, müdafiədə, qəbulda problemlər məğlubiyyətə səbəb oldu. 

Problem olmayan mövqe hücumdur, ancaq bu oyunlarda da gördük ki, orada da sıxıntılarımız çoxdur. Komanda idman növlərində belədir ki, komanda uduzubsa, günah baş məşqçidədir. Amma mən bütün daşları baş məşqçinin üzərinə atmazdım. Çünki yığmada bu turnir onun ilk turniri idi. Yəqin ki, komandanı hələ ki, yaxşı tanımır. Ona vaxt lazımdır. Düzdür, bəzi nüanslar var ki, Vasif Talıbova işləməyə maneçilik törədir. Amma bu, subyektiv səbəblərdir. Mən onlıarın haqqında danışmaq istəməzdim, ola bilsin haqlı deyiləm, amma Vasif Talıbovun millidə işi alına bilər. Əgər ona vaxt verilsə, şərait yaradılsa, işlər alınar. Çünki o, olduqca güclü baş məşqçidir”. 

R.Fətəliyev növbəti oyunlarda millinin çıxışından da danışıb. O, millinin legionerlərə dolu olmasından və bunun da nəticələrə mənfi təsir göstərməsindən söhbət açıb:

“Növbəti oyunlarda nə gözləmək olar? Bilmirəm. Ən pis məqam odur ki, voleybolda gələcək görülmür. Azərbaycan voleybolunda istedadlı nəsil yoxdur. Döyüşən oyunçular azdır. Başqa problemlər də ondan ibarətdir ki, digər ölkələrdən gətirilən oyunçular çoxdur. Bu da öz sözünü deyir. Gəlmələr çoxdur, bunun qarşısını 10 il bundan öncə almaq lazım idi. Onda almaq lazım idi ki, aparıcı komandalarımız öz heyətlərini xarici oyunçularla doldururdular və uşaq voleybolu haqqında heç fikirləşmirdilər. Onda düşünmək lazım idi ki, voleybolda pul var idi, sponsorlar gəlirdi, maraq var idi. İndi bir qədər çətindir, çünki voleybolda böyük pullar yoxdur, uşaq məktəbləri normal işləmir. 

Vaxtilə öyrəşdik ki, voleybolumuzu bir adama – Faiq Qarayevə bağlayaq. Amma bir adam o qədər yükü daşıya bilməz. Faiq Qarayev öz gücünə görə voleybolu daşıdı, Azərbaycana voleybolu qaytaran o oldu. Amma biz indi bir adama ümidli olmamalıyıq. Heç kəs idmanın bir sahəsini bütöv qaldıra bilməz, bu mümkünsüz missiyadır. Onun yanında normal ətarf və köməkçilər olmalıdır”.

Naibə Məmmədova

 

Oxşar xəbərlər