Bir ixrac gömrük bəyannaməsi üzrə ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi məbləğinin yuxarı həddi müəyyənləşib.
“Yeni Sabah” Trend-ə istinadla bildirir ki, bununla bağlı müvafiq qərar qəbul edilib.
Qərara əsasən, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ixracı zamanı gömrük rəsmiləşdirilməsi xərclərinə görə verilən kompensasiyanın məbləği bir ixrac gömrük bəyannaməsi üzrə 1 000 manatdan çox olmayacaq. ShopByBro
Kompensasiyanın yuxarı həddi ixracatçıların gömrük rəsmiləşdirilməsi üçün ödədikləri gömrük yığımlarının məbləğinə uyğun müəyyən edilir.
Beləliklə, ixracatçıya ödənilən kompensasiya faktiki ödədiyi gömrük yığımlarının məbləği qədər olacaq, lakin hər bir ixrac gömrük bəyannaməsi üzrə 1 000 manatı keçməyəcək.
Qeyri-neft-qaz mallarının ixracı və daxili daşınması üzrə dəstək məbləğləri rüb ərzində həyata keçirilən daşımalarla bağlı müraciət əsasında, rüb başa çatdıqdan sonra İqtisadiyyat Nazirliyi tərəfindən ödəniləcək.
İxrac daşımaları üzrə müraciəti ixracatçı, daxili daşımalar üzrə isə satıcı (malgöndərən) təqdim etməlidir. Onlar qaydada ümumi şəkildə ərizəçi adlandırılır.
Sənəddə malın daşınması üçün çəkilmiş xərcə nəqliyyat tarifi, terminallarda yükləmə-boşaltma və rəsmi müşayiət xərclərinin daxil olduğu bildirilir. Sığorta və gömrük rəsmiləşdirilməsi xərcləri isə bu məbləğə aid edilmir.
Daşımanın həyata keçirilməsi ixrac daşımaları üzrə malın ixrac gömrük bəyannaməsində göstərilən ölkənin gömrük sərhədini keçməsi, daxili daşımalar üzrə isə malın təyinat yerinə çatdırılması hesab olunur.
Qaydaya görə, bir nəqliyyat vasitəsi ilə həm ixrac daşıma dəstəyi şamil olunan, həm də bu dəstəyin aid edilmədiyi mallar birlikdə daşındıqda, sənədlərdə ümumi daşıma xərcinin dəstək şamil olunan mallara düşən hissəsi ayrıca göstərilməzsə, xərc malların kütləsinə uyğun bölüşdürüləcək. Daşıma tarifi həcm əsasında müəyyən edildikdə isə bölgü malların həcminə mütənasib aparılacaq.
Eyni qayda bir nəqliyyat vasitəsi ilə iki və ya daha çox ixracatçının, yaxud satıcının (malgöndərənin) malları daşındıqda da tətbiq ediləcək. Belə ki, sənədlərdə daşıma xərcinin hər bir ərizəçiyə aid hissəsi müəyyən edilmədikdə, həmin xərc onların mallarının ümumi yükdəki kütlə və ya həcm payına uyğun hesablanacaq.
Telegram kanalımız