Milli Məclisin bugünkü plenar iclasında büdcə müzakirələri zamanı çıxış edən deputat Azər Əmiraslanov Azərbaycanın regional proseslərə təsir göstərən, güclü mərkəzlərlə bərabərhüquqlu tərəfdaşlıq edən, çoxtərəfli platformalarda və beynəlxalq təşəbbüslərdə fəal iştirak edən dövlət olduğunu bildirib.
"Yeni Sabah" xəbər verir ki, deputatın sözlərinə görə, ölkəmiz bu xüsusiyyətləri ilə qlobal siyasət arenasında özünəməxsus mövqeyə malik suveren dövlət kimi tanınır və qəbul olunur. A.Əmiraslanov qeyd edib ki, iqtisadi müstəqillik baxımından Azərbaycan yalnız strateji enerji resurslarına malik ölkə deyil, həm də həmin resursları regional əməkdaşlığın və iqtisadi inteqrasiyanın möhkəmləndirilməsinə yönəldən, iqtisadi diplomatiyanın imkanlarından məharətlə istifadə edən dövlətdir.
Enerji və iqtisadi infrastrukturun, Orta Dəhlizin, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat bağlantılarının, Xəzər üzərindən rəqəmsal imkanların və perspektivli yaşıl iqtisadiyyatın Azərbaycanın iqtisadi əhəmiyyətini regional göstəricilərdən daha yüksək səviyyəyə qaldırdığını vurğulayan deputat bütün bunların maliyyə sisteminə və büdcə siyasətinə xüsusi tələblər müəyyən etdiyini, müasir dövlətin büdcəsinin sadəcə böyük deyil, strateji büdcə olmasının vacibliyini diqqətə çatdırıb. Sərfəli qiymətə məhsullar
A.Əmiraslanov ifadə edib ki, həyata keçirilən büdcə siyasəti iqtisadi müstəqilliyin qorunmasına, xarici şoklara qarşı maliyyə ehtiyatlarının yaradılmasına, milli təhlükəsizliyin təmin edilməsinə və gələcək iqtisadi potensialın formalaşdırılmasına xidmət edir. Makroiqtisadi vəziyyətdən və konyunktur dəyişikliklərindən asılı olmayaraq maliyyə təhlükəsizliyinin ən yüksək səviyyədə təmin edilməli olduğunu bildirən deputat dayanıqlı iqtisadiyyat üçün valyuta ehtiyatlarının, suveren fondların, idarə olunan dövlət borcunun və konservativ fiskal siyasətin iqtisadi təhlükəsizliyin əsas amilləri olduğunu vurğulayıb. Deputat bu yanaşmanın hökumətin siyasətində aydın göründüyünü qeyd edərək 2026-cı il noyabrın 1-nə olan məlumata əsasən Azərbaycanın xarici dövlət borcunun təxminən 4,5 milyard dollar və ya ümumi daxili məhsulun 5,6 faizi səviyyəsində olduğunu, ümumi həcmi 89,4 milyard dollar təşkil edən strateji valyuta ehtiyatlarının isə makroiqtisadi sabitliklə yanaşı ölkəmizin iqtisadi suverenliyini dəstəklədiyini diqqətə çatdırıb.
Nazim Hacıyev
Telegram kanalımız