Gözünüzlə gördüyünüzə də inanmayın - Yeni dələduzluq üsulu

saytların hazırlanması

Evə çatdırılma

Gözünüzlə gördüyünüzə də inanmayın - Yeni dələduzluq üsulu

Maraqlı

22 Oktyabr 2026 11:56 62


Süni intellekt artıq təkcə işimizi asanlaşdıran vasitə deyil. Dələduzlar bu texnologiya ilə insanların səsini təqlid edir, saxta videolar hazırlayır, olmayan iş yerləri yaradır və saxta investisiya təklifləri ilə vətəndaşları aldadırlar. Bəzən insanın gözləri ilə gördüyü, qulaqları ilə eşitdiyi belə həqiqət olmur.

Bəs belə tələləri necə tanımaq olar?

“Yeni Sabah” xəbər verir ki, süni intellektdən istifadə etməklə törədilən dələduzluq halları təkcə Azərbaycanda yox, dünyanın müxtəlif ölkələrində qeydə alınır. Bu texnologiya cinayətkarların işini asanlaşdırır: əvvəllər xüsusi avadanlıq və peşəkar bilik tələb edən saxta səs və videoları indi daha asan hazırlamaq mümkündür. Ən təhlükəli məqam isə budur ki, dələduzlar insanları yalnız saxta məlumatlarla deyil, onların güvəndiyi şəxslərin səsi, üzü və adı ilə aldada bilirlər. Dominos pizza

Bir videozənglə 25 milyon dollar necə mənimsənildi?

2024-cü ildə Honq Konqda baş verən hadisə süni intellektlə hazırlanan saxta görüntülərin nə qədər təhlükəli ola biləcəyini göstərmişdi. Böyük Britaniyanın mühəndislik şirkəti “Arup”un Honq Konq ofisində çalışan maliyyə işçisi saxta videozəng nəticəsində təxminən 25,6 milyon dollar itirilməsinə səbəb olan əməliyyatlar həyata keçirmişdi.

Hadisə şirkətin maliyyə əməkdaşına rəhbərlik adından göndərilən mesajla başladı. Mesajda məxfi pul köçürməsinin həyata keçirilməsi tələb olunurdu. Əməkdaş əvvəlcə şübhələnsə də, daha sonra videokonfransa qoşuldu. Ekranda şirkətin maliyyə rəhbəri və digər əməkdaşlar görünürdü. Lakin onların görüntüləri süni intellekt vasitəsilə yaradılmışdı. Əməkdaş ekranda gördüyü şəxsləri həqiqi rəhbərləri hesab edərək 15 ayrı əməliyyatla beş bank hesabına ümumilikdə 200 milyon Honq Konq dolları köçürdü. Hadisə sonradan şirkət tərəfindən də təsdiqləndi. Bu nümunə göstərdi ki, saxta görüntü təkcə sosial şəbəkələrdə yayılan videolardan ibarət deyil. O, işgüzar görüşdə, rəhbərin göstərişi kimi təqdim olunan müraciətdə və milyonlarla dollarlıq maliyyə əməliyyatında da istifadə edilə bilər.

Telefonun o başındakı səs doğrudan da yaxınınıza məxsusdur?

Təsəvvür edin: günün birində telefonunuza zəng gəlir. Zəng edən şəxs övladınız, bacınız, qardaşınız və ya həyat yoldaşınızdır. Səsi də eynidir. Həyəcanlı danışır, təcili pula ehtiyacı olduğunu bildirir və vaxt itirməməyinizi istəyir.

Belə bir anda insanın ilk reaksiyası şübhələnmək yox, kömək etmək olur. Dələduzlar da məhz bu hissdən istifadə edirlər. Süni intellekt mövcud səs nümunələrindən istifadə edərək həmin şəxsin danışığına bənzər yeni səs yarada bilirlər. Sosial şəbəkələrdə paylaşılan videolar, səs yazıları və açıq çıxışlar bu məqsədlə istifadə oluna bilər. Bu cür dələduzluqda ən təsirli vasitə qorxudur. “Qəza keçirmişəm”, “polisə düşmüşəm”, “indi pul göndərməsən, gec olacaq” kimi sözlər insanı tələsik qərar verməyə vadar edə bilər.

Bəs nə etmək lazımdır?

Zəng edən şəxsin səsi nə qədər inandırıcı olsa da, pul göndərməzdən əvvəl telefonu bağlayıb həmin adamın əvvəldən bildiyiniz nömrəsinə özünüz zəng edin. Ailə üzvləri arasında yalnız sizə məlum olan yoxlama sözü müəyyənləşdirmək də faydalıdır.

Əsas qayda budur: səs tanışdır deyə zəng edən şəxsin kimliyinə tam əmin olmaq olmaz.

Saxta iş elanları: həm pulunuzu, həm də şəxsi məlumatlarınızı itirə bilərsiniz

Süni intellektin yaratdığı təhlükələr yalnız səs və video ilə məhdudlaşmır. İş axtaran insanlar da bu üsullarla hazırlanan tələlərin hədəfinə çevrilirlər. Yüksək maaş, evdən işləmək imkanı, təcrübə tələb olunmaması və dərhal işə qəbul vədi. İlk baxışdan belə elanlar xüsusilə iş tapmaqda çətinlik çəkən insanlar üçün cəlbedici görünür. Dələduzlar süni intellektdən istifadə etməklə səliqəli iş elanları, saxta şirkət yazışmaları, inandırıcı sənədlər və hətta video müsahibələr hazırlaya bilərlər. Bəzən isə başqa şəxslərin oğurlanmış məlumatlarından istifadə edərək saxta namizədlər yaradırlar.

Adi vətəndaş üçün isə başqa təhlükə də var: saxta işəgötürən sizdən qeydiyyat haqqı, təlim pulu, avadanlıq üçün əvvəlcədən ödəniş və ya bank məlumatları tələb edə bilər. Digər bir üsulda insanı guya onlayn tapşırıqları yerinə yetirərək pul qazanmağa dəvət edirlər. İlk mərhələdə kiçik məbləğdə qazanc göstərilə, hətta pulun bir hissəsi ödənilə bilər. Daha sonra tapşırıqları davam etdirmək və qazancı çıxarmaq üçün şəxsdən öz pulunu yatırması istənilir. Hesabda böyük məbləğ göstərilsə də, pulu çıxarmaq mümkün olmur. Bu cür sxemlərdə süni intellekt dələduzluğun daha inandırıcı görünməsinə kömək edir. Lakin əsas tələ dəyişmir, insan əvvəlcə qazanc əldə edəcəyinə inandırılır, sonra isə öz pulunu verməyə sövq olunur.

Məşhur şəxslərin videosu ilə insanları necə aldadırlar?

Sosial şəbəkələrdə məşhur şəxslərin guya hansısa investisiya platformasını tövsiyə etdiyi videolara da rast gəlmək mümkündür. Tanınmış sima kameraya baxaraq danışır, qazanc əldə etdiyini bildirir və izləyiciləri müəyyən layihəyə pul yatırmağa çağırır. Ancaq həmin şəxsin belə bir açıqlama verdiyinə dair heç bir sübut olmur. Video onun üzünün və səsinin süni intellektlə təqlid edilməsi nəticəsində hazırlanır. Bu sxemlərin işləmə prinsipi sadədir, əvvəlcə tanınmış sima vasitəsilə etibar yaradılır, sonra yüksək qazanc vədi verilir. İnsana az məbləğlə başlamaq təklif edilir. Bəzən saxta hesabda qazanc da göstərilir. Qurban daha çox pul yatırdıqda isə vəsaiti çıxarmaq üçün əlavə ödəniş tələb olunur və ya platforma tamamilə yoxa çıxır.

Burada bir məqam xüsusilə vacibdir, videonun keyfiyyətli olması, danışanın məşhur şəxsə bənzəməsi və ya paylaşımın çoxlu bəyənmə toplaması onun həqiqiliyini sübut etmir. Hətta şərhlərdə “Mən də pul qazandım” yazan şəxslər də saxta hesablar olur.

Özünüzü bu tələlərdən necə qorumalısınız?

Təcili pul istəyinə dərhal inanmayın. Hətta zəng edən şəxs yaxınınızın səsini təqlid etsə belə, onun kimliyini başqa nömrə vasitəsilə yoxlayın.

Videozəngi şəxsiyyətin sübutu hesab etməyin. İşgüzar və maliyyə əməliyyatlarını ikinci, müstəqil əlaqə kanalı ilə təsdiqləyin.

İşə qəbul üçün əvvəlcədən pul ödəməyin. Şirkətin rəsmi saytını, elektron poçt ünvanını və vakansiyanın başqa etibarlı mənbələrdə olub-olmadığını yoxlayın.

Bank məlumatlarınızı qətiyyən paylaşmayın. Kartın təhlükəsizlik kodunu, birdəfəlik təsdiq kodunu, internet bankçılıq şifrəsini və digər məxfi məlumatları heç kimə verməyin.

Qazanc vədlərinə ehtiyatla yanaşın. Zəmanətli yüksək gəlir, az risk və qısa müddətdə böyük qazanc vədləri ciddi şübhə yaratmalıdır.

Şübhəli keçidlərə daxil olmayın. Tanımadığınız şəxslərin göndərdiyi link vasitəsilə bank hesabınıza və sosial şəbəkələrinizə giriş etməyin.

Şəxsi səs və görüntülərinizi qoruyun. Açıq profildə paylaşdığınız səs yazıları və videolar başqaları tərəfindən sui-istifadə edilə bilər, ehtiyyatlı olun.

Əgər artıq pul köçürmüsünüzsə, dərhal bankınızla əlaqə saxlayın, əməliyyatın dayandırılması və ya geri qaytarılması imkanını soruşun. Yazışmaları, telefon nömrələrini, hesab məlumatlarını və ödəniş qəbzlərini saxlayın, hüquq-mühafizə orqanlarına müraciət edin. Ən vacibi, pulunuzu itirdikdən sonra onu geri qaytaracağını vəd edən naməlum şəxslərə də inanmayın. Dələduzlar bəzən özlərini hüquqşünas, polis əməkdaşı və ya pulun qaytarılması üzrə mütəxəssis kimi təqdim edərək zərərçəkənləri ikinci dəfə aldadırlar.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!