Kürəkənini öldürən qayınata azadlığa buraxıldı –   Ali Məhkəmədən gözlənilməz qərar

saytların hazırlanması

Evə çatdırılma

Kürəkənini öldürən qayınata azadlığa buraxıldı – Ali Məhkəmədən gözlənilməz qərar

Kriminal

22 Oktyabr 2026 11:09 107


Qızına qarşı uzun müddət zorakılıq edən kürəkənini öldürən şəxsin cəzası 9 il 6 aydan 1 il 6 aya endirilib. Ali Məhkəmə hesab edib ki, hadisə zamanı qayınata real və davam edən hücumdan müdafiə olunub, lakin müdafiə həddini aşıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ali Məhkəmənin qərarında qeyd olunub.

Məlumata görə, cinayət hadisəsi 2024-cü il yanvarın 18-də baş verib. Təqsirləndirilən şəxsin qızı uzun müddət həyat yoldaşı tərəfindən fiziki və mənəvi zorakılığa məruz qalıb. Hadisə günü də əri tərəfindən döyülən qadın azyaşlı uşağı ilə birlikdə evdən qaçaraq mağazada gizlənib və atasından kömək istəyib. pizza mizza

Ata qızını və nəvəsini evinə aparıb, səhhəti pisləşən qızını isə xəstəxanaya yerləşdirib. Lakin kürəkən həyat yoldaşının evdən getməsinə etiraz edərək həmin gün qayınatasının evinə gəlib və aqressiv davranışlar nümayiş etdirib.

Hadisədən xəbər tutan qayınata evə qayıdaraq kürəkəni ilə danışmağa çalışıb. Qızına qarşı zorakılığın səbəblərini soruşduqda isə kürəkəni kobud cavab verərək onu şillələyib, daha sonra gödəkcəsində gizlətdiyi mətbəx bıçağı ilə hücum edərək baş nahiyəsindən yaralayıb.

Qarşıdurma zamanı kürəkən yıxılıb və qayınata bıçağı onun əlindən alıb. Buna baxmayaraq, kürəkən təpik və yumruq zərbələri ilə hücumunu davam etdirib. Qayınata əlindəki bıçaqla ona dörd xəsarət yetirib. Xəsarətlərdən üçünün həyat üçün təhlükəli olması nəticəsində kürəkən kəskin qanitirmədən ölüb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 12 may 2025-ci il tarixli hökmü ilə şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə qəsdən adam öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi də 26 fevral 2026-cı il tarixli qərarı ilə hökmü dəyişdirmədən saxlayıb.

Müdafiə tərəfi isə şəxsin real hücumdan qorunmaq məqsədilə hərəkət etdiyini bildirərək əməlin zəruri müdafiə həddini aşmaqla adam öldürmə kimi tövsif edilməsini istəyib.

Ali Məhkəmənin Cinayət Kollegiyası işə hakim Ələsgər Novruzovun sədrliyi ilə baxaraq aşağı instansiya məhkəmələrinin hüquqi qiymətləndirməsini düzgün hesab etməyib.

Qərarda vurğulanıb ki, zəruri müdafiə hüququ şəxsin özünü və ya başqasını ictimai təhlükəli hücumdan qorumaq üçün hücum edənə zərər vurmasına imkan verir. Hücuma məruz qalan şəxsdən hadisənin bütün təfərrüatlarını soyuqqanlılıqla qiymətləndirməsi və müdafiə tədbirlərinin sərhədlərini dəqiqliklə müəyyən etməsi tələb oluna bilməz.

Məhkəmə kollegiyası qeyd edib ki, bıçağın hücum edənin əlindən alınması təhlükənin avtomatik olaraq aradan qalxması demək deyil. Hadisədə kürəkənin fiziki zorakılığı davam etdirməsi, qayınatasından daha cavan və fiziki cəhətdən güclü olması, eləcə də qarşıdurmanın digər halları nəzərə alınıb.

Bununla belə, qayınatanın bıçaqla dörd xəsarət yetirməsi, onlardan üçünün həyat üçün təhlükəli olması və ölümün baş verməsi müdafiə tədbirlərinin zəruri həddi aşdığını göstərib.

Ali Məhkəmə nəticəyə gəlib ki, hadisə adi qəsdən adam öldürmə deyil, zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə kimi qiymətləndirilməlidir. Buna görə də məhkumun əməli Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən 123.1-ci maddəsinə tövsif edilib.

Cəza təyin edilərkən şəxsin könüllü olaraq hüquq-mühafizə orqanlarına gəlməsi, təqsirini etiraf etməsi, cinayətin açılmasına kömək göstərməsi, əməli zərərçəkmişin qanunsuz hərəkətlərinin təsiri altında törətməsi və zərərçəkmişin hüquqi varisi ilə barışması yüngülləşdirici hallar kimi nəzərə alınıb. Cəzanı ağırlaşdıran hal müəyyən edilməyib.

Nəticədə məhkuma 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Cəza müddəti 18 yanvar 2024-cü ildən hesablandığı üçün onun cəzasını çəkmiş olduğu qəbul edilib və şəxs məhkəmə iclas zalından dərhal azadlığa buraxılıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!