Gül buketləri niyə bahadır?   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Gül buketləri niyə bahadır? - AÇIQLAMA

Sosial

02 Oktyabr 2026 23:19 85


Gül buketlərinin onlayn sifariş zamanı fiziki mağazalarla müqayisədə təxminən iki dəfə baha olması qiymət siyasəti və biznesin xərc strukturu ilə bağlıdır.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Asif İbrahimov bildirib. Onun sözlərinə görə, burada əsas amillər logistika, rəqəmsal reklam, çatdırılma xidmətləri, məhsulun xarab olma riski və sahibkarın mənfəət marjasıdır:

“Lakin qiymət fərqinin hamısını əlavə xərclərlə izah etmək düzgün olmaz. Bəzi hallarda bu fərq sahibkarın yüksək mənfəət marjası və bazarda formalaşan qiymət siyasəti ilə də bağlı ola bilər. Gül biznesinin əsas problemlərindən biri məhsulun tez xarab olmasıdır. Güllər xüsusi temperatur və saxlanma şəraiti tələb edir. Satılmayan məhsulun qısa müddətdə əmtəə dəyərini itirməsi sahibkar üçün birbaşa maliyyə itkisi yaradır. Onlayn sifariş zamanı isə əlavə olaraq daşınma, qablaşdırma və zədələnmə riskləri meydana çıxır. Bu risklər qiymətə təsir etsə də, onların onlayn satışa neçə faiz əlavə xərc gətirdiyini dəqiq demək üçün konkret mağazaların maya dəyəri və satış statistikası araşdırılmalıdır”. Pepperoni pizza

Ekspert qeyd edib ki, digər mühüm məsələ istehlakçının nəyə görə ödəniş etməsidir:

“Onlayn sifariş zamanı alıcı təkcə gül buketini almır. O, həm də vaxta qənaət, rahatlıq, müəyyən ünvana çatdırılma və xüsusi günlərdə sürətli xidmət əldə edir. Xüsusilə bayramlarda, ad günlərində və digər əlamətdar tarixlərdə vaxt amili daha böyük iqtisadi dəyər qazanır. Sahibkar da bu tələbatı nəzərə alaraq qiymətləri yüksəldə bilir. Bu, xidmət iqtisadiyyatında istehlakçının rahatlıq üçün əlavə ödəniş etməsi ilə bağlıdır. Çatdırılma tətbiqləri və rəqəmsal reklamlar da qiymət fərqinə təsir göstərir. Onlayn satış platformalarının komissiyaları, reklam büdcəsi, sifarişlərin idarə olunması və kuryer xərcləri məhsulun son qiymətinə daxil edilir. Əgər mağaza özünün çatdırılma sisteminə malik deyilsə, üçüncü tərəf xidmətlərindən istifadə əlavə xərc yaradır. Eyni zamanda rəqəmsal reklam vasitəsilə müştəri cəlb etmək üçün sərf olunan vəsait də satış qiymətinə təsir edir. Bu xərclərin səviyyəsi istifadə olunan platformadan, sifariş sayından və reklam strategiyasından asılıdır”.

“Mənim fikrimcə, burada əsas iqtisadi məsələ qiymətin hansı xərclər əsasında formalaşması və istehlakçının ödədiyi əlavə məbləğin hansı xidmətləri əhatə etməsidir. Əgər onlayn sifariş fiziki mağazadan iki dəfə baha başa gəlirsə, sahibkar bu fərqi əsaslandıran real əlavə xidmət və xərcləri təqdim etməyi bacarmalıdır. Rəqabət mühiti də burada mühüm rol oynayır. Müştərinin alternativ seçimləri nə qədər çox olarsa, əsassız yüksək qiymət tətbiq etmək imkanları bir o qədər məhdudlaşar. Nəticədə gül buketlərinin onlayn satışında qiymət artımı həm real əməliyyat xərcləri, həm də istehlakçının rahatlıq və sürətli xidmət üçün ödəməyə hazır olduğu məbləğlə formalaşır. Bu bazarda qiymət fərqinin nə qədərinin xərc, nə qədərinin mənfəət olduğunu müəyyənləşdirmək üçün fiziki və onlayn satışın ayrıca gəlir-xərc təhlili aparılmalıdır. Belə təhlil həm sahibkarın qiymət siyasətini, həm də istehlakçının ödədiyi məbləğin iqtisadi əsaslarını daha aydın göstərər”.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!