Həftə sonu Bakıda gəzmək üçün mütləq böyük büdcə lazım deyil. Şəhərin mərkəzində elə məkanlar var ki, 10 manatla həm uzun-uzadı gəzmək, həm gözəl şəkillər çəkdirmək, həm də kiçik əyləncə yaşamaq mümkündür.
“Yeni Sabah” xəbər verir ki, paytaxtda həftəsonunu daha sərfəli keçirmək istəyənlər üçün 10 manatlıq bir neçə fərqli gəzinti planı hazırlamaq olar. Burada əsas məsələ pul xərcləməkdən çox marşrutu düzgün qurmaqdır. Məsələn, İçərişəhər, Bulvar, Dağüstü park və Ağ Şəhər kimi yerlərdə əsas gəzinti üçün ayrıca ödəniş tələb olunmur. Metro və avtobusla bir gediş isə hazırda 60 qəpikdir.
Bəs 10 manatla Bakıda hara getmək olar? Pepperoni pizza
İçərişəhər – 10 manatdan da az xərclə şəhər gəzintisi
Şənbə günü üçün ən sadə planlardan biri İçərişəhərdən başlamaqdır. Burada məqsəd pul xərcləmək deyil, küçələri gəzmək, qədim binalara baxmaq və şəhərin fərqli simasını görməkdir. Metro ilə İçərişəhər stansiyasına getmək üçün 60 qəpik kifayətdir. Oradan Qız qalası istiqamətində piyada hərəkət etmək, daş küçələrdə gəzmək, müxtəlif həyətləri və tarixi binaları seyr etmək olar.
10 manatlıq büdcəni belə bölmək mümkündür:
Metro – 0,60 manat
Qayıdış üçün metro – 0,60 manat
Çay və ya kofe – təxminən 2-3 manat
Yüngül qəlyanaltı – 2-3 manat
Qalan pul – ehtiyat
Beləliklə, hətta 6-7 manat xərcləməklə də İçərişəhərdə bir neçə saat keçirmək mümkündür. Üstəlik, İçərişəhəri gəzdikdən sonra piyada Dənizkənarı Bulvara tərəf enmək olar. Beləliklə, əlavə nəqliyyat xərcinə də ehtiyac qalmır.
Bulvar + gəmi gəzintisi – 10 manatı tam istifadə edənlər üçün
Dənizkənarı Bulvar həftə sonu üçün ən rahat seçimlərdən biridir. Burada uzun məsafəni piyada qət etmək, dənizə baxmaq və şəhərin mənzərəsini izləmək mümkündür. Amma 10 manatlıq büdcəni bir az da maraqlı etmək istəyənlər üçün gəmi gəzintisi variantı var. Bulvardakı gəmi gəzintisinin qiyməti 10 manatdır. Gəzinti təxminən 30-40 dəqiqə davam edir və səfərlər hər gün 14:00-dan 21:00-dək həyata keçirilir. Küləkli hava olduqda səfərlər dayandırılır. Əgər bütün 10 manatı gəmi gəzintisinə xərcləsəniz, qalan hissəni isə piyada gəzinti ilə keçirmək olar.
Dağüstü park – Mənzərə üçün pul ödəməyə ehtiyac yoxdur
Şəhərə yuxarıdan baxmaq istəyənlər üçün Dağüstü park ayrıca seçimdir. Burada əsas üstünlük odur ki, şəhər mənzərəsi üçün ayrıca bilet almaq lazım deyil. Parkdan Bakı buxtasına, Bulvara və şəhərin digər hissələrinə baxmaq mümkündür.
10 manatlıq plan belə ola bilər:
Metro – 0,60 manat
Piyada gəzinti – 0 manat
Çay və ya kofe – 2-3 manat
Qəlyanaltı – 2-3 manat
Dağüstü parkı Bulvarla birlikdə planlaşdırmaq daha maraqlıdır. Əvvəlcə Bulvar boyunca gəzmək, daha sonra funikulyor və ya piyada Dağüstü park istiqamətinə getmək olar. Beləliklə, 10 manatın böyük hissəsi xərclənmədən bir neçə saatlıq şəhər gəzintisi alınır.
Bulvarda velosiped – 3 manata fərqli həftə sonu
Sadəcə piyada gəzməkdən yorulanlar üçün daha hərəkətli variant da var. Bulvardakı Veloparkda adi “Star” velosipedinin 1 saatlıq icarəsi 3 manat, sürətli “Star” velosipedinin 1 saatlıq icarəsi isə 5 manatdır. Veloparkların müxtəlif məntəqələri var və iş saatları məntəqəyə görə dəyişir. Bu, 10 manatlıq büdcə ilə ən sərfəli əyləncə variantlarından biri sayıla bilər.
Məsələn:
Velosiped – 3 manat
Metro – 1,20 manat
Su – 1 manat
Çay və ya kofe – 2-3 manat
Cəmi 7-8 manat.
Qalan pula isə kiçik bir qəlyanaltı almaq olar. Üstəlik, velosipedlə Bulvarın daha böyük hissəsini qısa müddətdə gəzmək mümkündür.
“Pulsuz Bakı” planı – Ağ Şəhərdən Bulvara qədər
10 manatın hamısını xərcləmək istəməyənlər üçün daha bir variant var. Ağ Şəhər Bulvarı ərazisindən gəzintiyə başlayıb Bulvar istiqamətində hərəkət etmək olar. Bu planın əsas hissəsi pulsuzdur. Küçələri, dənizkənarı ərazini, müasir binaları və parkları gəzmək, şəkil çəkdirmək mümkündür.
Burada 10 manat belə bölünə bilər:
Nəqliyyat – 1-2 manat
Qəhvə və ya çay – 2-3 manat
Qəlyanaltı – 2-3 manat
Beləliklə, 10 manatın hamısını xərcləmədən də həftə sonunu şəhərdə keçirmək mümkündür.
10 manatla Bakı gəzintisinin əsas sirri
Əslində 10 manatla Bakıda gəzməyin əsas yolu bahalı əyləncə axtarmamaqdır. Şəhərin bir çox məşhur məkanında əsas fəaliyyət – gəzmək, mənzərəyə baxmaq və şəkil çəkmək pulsuzdur. Məsələn, bir gündə İçərişəhərdən başlayıb Bulvara enmək, oradan Dağüstü parka qalxmaq və günün sonunda yenidən şəhər mərkəzinə qayıtmaq mümkündür. Əgər yol boyu hər yerdə yemək və içki almaq əvəzinə əvvəlcədən su və kiçik qəlyanaltı götürülsə, 10 manatlıq büdcə daha da rahat çatır. Üstəlik, 10 manatın hamısını xərcləmək də şərt deyil. Bu büdcə ilə ən azı 5 fərqli şənbə planı qurmaq mümkündür: tarixi Bakı, dənizkənarı Bakı, mənzərəli Bakı, velosipedlə Bakı və tamamilə piyada gəzinti.
Qeyd edək ki, məkanlarda əlavə xidmətlərin qiymətləri dəyişə bilər. Buna görə konkret xidmətə pul ödəməzdən əvvəl günün aktual qiymətini yoxlamaq məsləhətdir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız