Hicabı nədən və kimdən azad etmək lazımdır?

saytların hazırlanması

Evə çatdırılma

Hicabı nədən və kimdən azad etmək lazımdır?

Sosial

12 Oktyabr 2026 14:17 697


Mən hicaba azadlıq verilməsinin tərəfdarıyam.

Əsrlərdir geridəqalmışlığın simvolu olaraq əsarətimizdədir hicab. Bəlkə özü də bezib bizim davranışlarımızdan. Bu qədər cəhalətin, savadsızlığın, xurafatın içində simvol olaraq qalmaqdan yorulub. Bizim cəhalət içində yaşamaq komfortumuzdan, özümüzü aldatmaq həvəsimizdən hicab da narahatdır. Əslində, o, dini simvol olaraq qalmağı daha üstün tutardı. Heç olmasa, onda özünün daha dəyərli olduğunu hiss edərdi.

Amma biz ona bu imkanı vermirik. Pepperoni pizza

Hicabdan siyasi məqsədlər üçün istifadə edirik. Ondan ideoloji təbliğat üçün yararlanırıq. Onu başımıza bağlayıb qeyri-səmimi davranışlara yol veririk. Nə olduğumuz kimi görünürük, nə də göründüyümüz kimi oluruq. Hicabın arxasında gizlənməklə özümüzə mənəvi üstünlük qazandırmağa çalışırıq. Elə bilirik ki, başımızdakı örtük bütün davranışlarımızı, əməllərimizi, hətta niyyətlərimizi də ört-basdır edə bilər.

Hicab isə bizim günahlarımızı örtmək üçün yaradılmış parça deyil.

Hicab vasitədir. Bu gün ayrı-ayrı qruplar, müəyyən siyasi-dini qurumlardan asılı olan, onların ideoloji maraqlarına xidmət edən insanlar hicabdan vasitə kimi istifadə edirlər. Onun üzərindən insanları səfərbər edir, cəmiyyətdə qarşıdurma yaradır, dini hissləri siyasi məqsədlərə yönəldirlər. Hicabın nə qədər müqəddəs olduğunu danışanların bəziləri üçün onun müqəddəsliyindən daha vacib olan, görünür, bu müqəddəslikdən əldə etdikləri imkanlardır.

Beləcə, hicab öz mahiyyətindən uzaqlaşdırılır. Mənəvi seçim olmaqdan çıxarılıb siyasi mövqeyin göstəricisinə çevrilir. Onu geyinənə müəyyən düşüncənin, müəyyən ideologiyanın, hətta müəyyən siyasi düşərgənin nümayəndəsi kimi baxılır. Halbuki bir insanın başındakı örtük onun necə insan olduğunu, nəyə inandığını, nə düşündüyünü, kimə xidmət etdiyini müəyyənləşdirməməlidir.

Ən pisi də odur ki, bütün bunların fonunda hicabın özü müzakirə obyektinə çevrilir, amma ondan istifadə edənlərin məqsədləri çox vaxt müzakirədən kənarda qalır.

“Hicaba azadlıq!” deyirlər.

Mən də bununla razıyam. Hicaba azadlıq vermək lazımdır. Amma gəlin, bir az da dərinə gedək. Hicabı nədən və kimdən azad etmək lazımdır?

Onu siyasi məqsədlər üçün istifadə olunmaqdan azad etmək lazımdır. Mollaların ideoloji maraqlarına xidmət etmək yükündən qurtarmaq lazımdır. Onu cəhalətin, xurafatın, saxta mənəvi üstünlük iddialarının simvoluna çevirməkdən vaz keçmək lazımdır. Hicabı insanların vicdanına, düşüncəsinə və şəxsi seçiminə qaytarmaq lazımdır.

Çünki insanın başını örtməsi onun düşüncəsinin də örtülməsi demək deyil. Necə ki, başı açıq olmaq da insanın azad düşüncəli, savadlı və müasir olduğuna zəmanət vermir. İnsanları geyimlərinə görə mühakimə etmək nə qədər yanlışdısa, geyimdən istifadə edərək özünü başqalarından üstün tutmaq da bir o qədər yanlışdır.

Bəlkə də hicabın əsl dəyərini özünə qaytarmağın vaxtı çoxdan çatıb. Onu siyasi mübarizənin alətindən, ideoloji qarşıdurmanın predmetindən çıxarıb şəxsi inancın və seçimin məsələsinə çevirmək lazımdır.

Hicabın bizim cəhalətimizə, saxtakarlığımıza və siyasi oyunlarımıza daha nə qədər dözəcəyini bilmirəm. Amma bir şeyi bilirəm: insan öz əməlləri ilə qazana bilmədiyi mənəvi üstünlüyü başındakı örtüklə qazanmağa çalışmamalıdır.

Mən hicaba azadlıq istəyirəm.

Hicaba azadlıq! Bəlkə onda hicab da bizim cəhalətimizin simvolu olmaqdan xilas olar.

Tarixi təkrar edək: Ötən əsrin əvvəllərində bunu etmişdik. Bakıda daha bir “Azad qadın” heykəlinə ehtiyac yaratmayaq...

Elnur Məmmədli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!