İt-pişik allergiyası: Kənd həyatı yaşayanlarda o niyə olmur?

saytların hazırlanması

Evə çatdırılma

İt-pişik allergiyası: Kənd həyatı yaşayanlarda o niyə olmur?

Sosial

25 İyul 2026 11:18 178


Evdə pişik və it saxlayan ailələrdə allergiya şikayətləri artıb.

“Onlara qarşı allergiya istənilən yaşda yarana bilər. Digər allergik xəstəliklər kimi, bu problem də həyatın istənilən dövründə inkişaf edir.

Bunu “Yeni Sabah” pulmonoloq-allerqoloq Ramin Nəriman deyib. Marqarita pizza

Həkimin sözlərinə görə, uşaqlıqdan it-pişiklə böyüyənlərdə sonradan bu heyvanlara allergiya yaranma riski daha az olur:

“Bu, “kəndli həyatı” və ya “gigiyena hipotezi” ilə izah olunur. Lakin bu, həmin uşaqlarda allergiyanın ümumiyyətlə yaranmayacağı anlamına gəlmir. Sadəcə, belə uşaqlarda risk digərləri ilə müqayisədə daha aşağı olur.

Yaş artdıqca ev heyvanlarına qarşı allergiyanın yaranma ehtimalı da artır. Allergiya əsasən heyvanın tükləri, ağız suyu, dəri hissəcikləri və digər ifrazatlarının tənəffüs yollarına düşməsi nəticəsində inkişaf edir. Orqanizm bu maddələri yad qəbul edir və immun sisteminin reaksiyası nəticəsində allergiya yaranır”.

R.Nərimanın sözlərinə görə, ev heyvanı allergiyasından şübhələnən şəxslər mütləq müayinədən keçməlidirlər:

“Bəzi insanlarda eyni şəraitdə allergiya inkişaf etdiyi halda, digərlərində heç bir əlamət olmur. Bunun dəqiq səbəbi hələ də elmə tam məlum deyil və bu sual allergologiyada cavabsız qalan mövzulardan biridir.

Ev heyvanına qarşı allergiyadan şübhələnən şəxslər mütləq allergoloqa müraciət etməlidirlər. Həkim pasiyentin şikayətlərini qiymətləndirərək uyğun müayinə planı tərtib edir. Ən vacib müayinələrdən biri allergik dəri sınağıdır. Bu test vasitəsilə it, pişik və digər allergenlərə qarşı həssaslıq müəyyən edilir.

Əgər dəri sınağının aparılması mümkün olmazsa, qanda spesifik allergenlər yoxlanılır. Bu analizlər nəticəsində şəxsdə ev heyvanlarına qarşı allergiyanın olub-olmadığı müəyyən edilir və buna uyğun müalicə planı hazırlanır.

Ev heyvanlarına qarşı allergiyanın əsas əlamətləri burun və gözlərdə qaşınma, qızartı, sulanma, burundan şəffaf axıntı, fasiləsiz asqırma və burun tutulmasıdır. Daha ağır hallarda öskürək, nəfəs darlığı, fitverici tənəffüs, boğulma hissi, hətta burun tənəffüsünün ciddi pozulması müşahidə oluna bilər. Bu əlamətləri yaşayan şəxslər vaxt itirmədən allergoloqa müraciət etməlidirlər”.

Mütəxəssis qeyd edib ki, ev heyvanı allergiyasının müalicəsində əsas üsullar təmasın kəsilməsi, dərman müalicəsi və immunoterapiyadır:

“Bütün allergik xəstəliklərdə olduğu kimi, ev heyvanlarına qarşı allergiyanın müalicəsi də üç əsas prinsipə əsaslanır. Birincisi, allergiyaya səbəb olan amillə təmasın dayandırılmasıdır. İkincisi, dərman müalicəsidir. Üçüncüsü isə immunoterapiyadır. Xalq arasında buna "allergiya peyvəndi" də deyilir.

Əgər ev heyvanı evdən uzaqlaşdırılır və şəxsin onunla təması tam kəsilirsə, əksər hallarda allergik əlamətlər zamanla öz-özünə aradan qalxır və əlavə müalicəyə ehtiyac qalmır. Lakin şəxs ev heyvanını saxlamaqda israrlıdırsa və şikayətlər davam edirsə, bu zaman dərman müalicəsi və immunoterapiya tətbiq oluna bilər.

İmmunoterapiya zamanı pasiyent allergiyaya səbəb olan heyvanla təmasda olmamalıdır. Bu müalicə adətən uzunmüddətli olur və 3 il, bəzən daha uzun davam edir. Müalicə başa çatdıqdan sonra pasiyentlərin təxminən 70-90 faizində ev heyvanlarına qarşı allergik reaksiya xeyli azalır və ya tamamilə aradan qalxır. Bununla belə, immunoterapiyanın hər kəsdə eyni nəticə verəcəyini əvvəlcədən demək mümkün deyil. Bəzi pasiyentlərdə yüksək effekt əldə olunsa da, digərlərində istənilən nəticə alınmaya bilər”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!