İtini, pişiyini övladı kimi sevənlərə: “Heyvan evdə yalnız söz-söhbət yaratmır”

saytların hazırlanması

Evə çatdırılma

İtini, pişiyini övladı kimi sevənlərə: “Heyvan evdə yalnız söz-söhbət yaratmır”

Sosial

25 Noyabr 2026 16:00 233


Son illər insanlar ev heyvanlarına münasibətdə daha həssas davranmağa başlayıblar. Bəziləri it və pişiklərini sadəcə ev heyvanı deyil, ailənin bir üzvü, hətta övladı kimi görür. Onlara xüsusi qayğı göstərir, ad günlərini qeyd edir, geyim və oyuncaqlar alır, bəzən isə öz ehtiyaclarından belə əvvəl onların rahatlığını düşünürlər. Lakin bu münasibət hər kəs tərəfindən eyni cür qarşılanmır.

Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən psixologiya üzrə fəlsəfə doktoru Gülər Əhmədova bildirib ki, bu halı qəribə saymır və insan təbiətcə kiməsə qayğı göstərmək, kiminsə ona ehtiyacı olduğunu hiss etmək istəyir:

“Heyvan bu ehtiyacı çox səmimi qarşılayır. Evə gələndə sevinir, gözləyir, heç nə soruşmur. Belə münasibət insanı sakitləşdirir, yalnızlığı azaldır. Bakıda online alış-veriş

Bu mövzu ədəbiyyatda da çox işlənib. Ekzüperinin “Balaca şahzadə”sindəki tülkü deyir ki, sən əhliləşdirdiyin varlığa görə həmişə cavabdehsən. Mənə elə gəlir ki, ev heyvanına bağlılığın mənası da budur: qayğı və məsuliyyət. Problem sevginin özündə yox, onun ölçüsündədir. Bu bağlılıq yaxınlarımıza vaxt və diqqət ayırmağa mane olmursa, ailəyə zərər vermir.

Heyvan bəzən elə sədaqət göstərir ki, insanlar ona heyran qalır. Yiyəsini illərlə gözləyən itlərin hekayələrini hamımız eşitmişik. Belə fədakarlıq görəndə insan onu çox vaxt başqalarından artıq qiymətləndirir, bu da təbiidir. Üstəlik, heyvansevər insana ətrafdakılar daha mehriban, daha isti baxır, onu xarizmatik və sevimli sayırlar. Odur ki, bəziləri bu imicə görə, seçilmək və maraqlı görünmək üçün də heyvan saxlayır. Bu da gizli bir ehtiyacdır: bəyənilmək ehtiyacı”.

Psixoloq qeyd edib ki, heyvanla münasibət asandır:

“O, bizi tənqid etmir, keçmişimizi xatırlatmır, “niyə belə dedin?” deyə incimir. İnsanlarla isə hər şey qarşılıqlıdır. Orada güzəştə getmək, eşitmək, bəzən də özünü müdafiəsiz qoymaq lazım gəlir. İnsan əvvəl məyus olubsa, yaxınlaşmağa qorxur və sevgisini daha təhlükəsiz yerə yönəldir.

Turgenyevin “Mumu” hekayəsində lal-kar Gerasim bunun parlaq nümunəsidir. Ətrafındakılarla dil tapa bilmir, bütün mehribanlığını itə verir. Hekayə bizə göstərir ki, insanın sevgiyə ehtiyacı böyükdür, amma ətrafında onu anlayan insan olmayanda bu ehtiyac təkcə heyvana yönələ bilər.

Hər kəsin övlad sahibi olmaq imkanı yoxdur. Bəzən qadın öz orqanizmindən belə küsür, taleyə, ətrafa inciyir. Belə vaxt sevgi kanalı daralır və bütün istəyi, qayğısı heyvana yönəlir. Bu halda mən onu qınamazdım. Bu, itirilmiş bir şeyin yerini doldurmaq cəhdidir. Amma sevgi tamamilə yalnız heyvana qapanırsa, insanlara qarşı küskünlük dərinləşir. Belə qadına qınaq yox, dəstək lazımdır. Əgər kimsə evdə heyvana ürəyini açıb, yaxınlarına soyuq davranırsa, mən əvvəlcə heyvandan yox, o insanın nəyə ehtiyac duyduğundan soruşardım”.

G.Əhmədova bildirib ki, heyvan qayğıya və məsuliyyətə ehtiyacı doyurur:

“Biri heyvanı sevdiyi üçün qaydalar qoyur, digəri isə “mən arxa plandayam” deyə düşünür. Vaxt, pul, yataq otağı, səyahət planları, hər şey mübahisə mövzusuna çevrilə bilər. Bir tərəf də “mənim hisslərimi qəribə sayırlar” deyə incik qalır.

Burada ən vacibi dinləməkdir. Heyvanı sevməyən tərəfin də narahatlığı, tutaq ki, təmizlik və ya xərc məsələsi, ciddi qəbul edilməlidir. Heyvanı sevən tərəfə də “bu sənin uşaqlığındır” kimi yanaşmaq olmaz. Evdə ümumi qaydalar razılaşdırılmalı, ər-arvad üçün də ayrıca vaxt qalmalıdır.

Amma heyvan evdə yalnız söz-söhbət yaratmır. Bəzən, əksinə, küsmüş cütlükləri barışdırır. Birlikdə qayğı göstərmək, gəzintiyə çıxmaq, onun yaramazlığına gülmək ər-arvadı yenidən ortaq mövzuya qaytarır. Danışmayan insanlar heyvan haqqında danışmağa başlayır, sonra söhbət özü-özünə genişlənir.

Heyvan qayğıya və məsuliyyətə ehtiyacı doyurur. Amma övlad böyüyür, öz fikri, öz yolu olur, ondan sonrakı nəsilə nəsə qalır. Valideynlik təkcə qayğı deyil, həm də onu azad buraxmağı öyrənməkdir. Heyvanla münasibətdə bu mərhələ yoxdur.

Çingiz Aytmatovun “Əlvida, Gülsarı” əsərində Tanabay ilə at arasındakı bağ çox dərindir. Amma bu, bir ömrü bölüşən yoldaşlıqdır, övladla münasibət deyil. Uşaq sahibi olmamaq da şüurlu və sağlam seçim ola bilər. Sadəcə, bu seçim qorxudan və ya qaçışdan yox, özünü yaxşı tanımaqdan gəlməlidir

Biz unutmamalıyıq ki, insan həyatda bütün  addımlarını ehtiyacdan  atır. Ac qalmamaq üçün  işləyir. Lakin açlıq təkcə  bioloji  hiss  deyil”.

Aydan Hacı 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!