Hansı peşəni seçəcəyini hələ də bilməyən abituriyentlər üçün ixtisas seçiminə dair vacib məqamlar açıqlanıb.
“Yeni Sabah” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə canlı yayımda deyib.
O bildirib ki, ixtisas seçimi zamanı yalnız balı deyil, abituriyentin maraqları, psixotipi, arzuları və həmin istiqamətdə davamlı istəyi də nəzərə alınmalıdır. pizza hut
Məleykə Abbaszadə abituriyentlərə ilk növbədə özləri üçün istədikləri ixtisasların siyahısını hazırlamağı tövsiyə edib:
“Bəs bu bal olmasaydı, siz hansı ixtisasları seçərdiniz? Gəlin, bir siyahı özünüz üçün müəyyənləşdirin ki, bunlar mənim istədiyim ixtisaslardır”.
DİM sədri həmin istəyin nə qədər davamlı olduğunun da vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, abituriyent özündən soruşmalıdır ki, həmin ixtisası neçə ildir istəyir və ya bu seçim barədə yalnız yaxın zamanda məlumat əldə edib.
O, yüksək keçid balı formalaşan ixtisasları seçmək istəyən, lakin hazırkı nəticəsi buna imkan verməyən abituriyentlərə də müraciət edib. Bildirib ki, bəzi hallarda nəticəni yüksəltmək üçün əlavə hazırlıq və hətta bir neçə il vaxt tələb oluna bilər.
Məleykə Abbaszadə qeyd edib ki, müəyyən ixtisasa qəbul olmaq mümkün olmadıqda həmin sahədə qalmaq üçün kolleclər və digər təhsil imkanları da nəzərdən keçirilə bilər.
DİM sədri əsas məsuliyyətin isə abituriyentin öz üzərində olduğunu bildirib:
“Biz sizə informasiya veririk. Amma verdiyiniz qərar sizin məsuliyyətinizə aiddir. Çünki həyat yolunu siz özünüz keçəcəksiniz”.
O, abituriyentlərə və valideynlərə ixtisas seçimi ilə bağlı DİM-in jurnalında dərc olunan məqalə ilə tanış olmağı tövsiyə edib. Məqalədə “peşə xəritəsi”, özünə uyğun istiqamətin müəyyənləşdirilməsi və qərar qəbul edərkən verilməli olan suallar barədə məlumatların yer aldığı bildirilib.
Məleykə Abbaszadə həmçinin universitetlərin təqdim etdiyi imkanların fərqləndiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bəzi ixtisaslarda tədrisin ingilis dilində aparılması, ikili diplom proqramları və beynəlxalq akkreditasiya kimi üstünlüklər mövcuddur.
DİM sədri abituriyentlərə seçim zamanı yalnız ixtisasın adına deyil, həmin ixtisas üzrə universitetin təqdim etdiyi təhsil imkanlarına və beynəlxalq tanınmaya da diqqət yetirməyi tövsiyə edib.
Aytac Əliyeva
Telegram kanalımız