Kəlağayı, yoxsa çadra? – Sizcə hansı gözəldir?

saytların hazırlanması

Evə çatdırılma

Kəlağayı, yoxsa çadra? – Sizcə hansı gözəldir?

Sosial

13 Oktyabr 2026 14:41 630


Ritorik bir sual vermək istəyirəm: İnsan üçün yad daha əzizdir, yoxsa doğma?!

Yad yaddır, nə qədər onu doğmalaşdırmağa çalışsan da, sənin deyil. Onun cinsi də, tipi də, qanı da, rəngi də yaddır.

Eyni məqsədlə ikinci bir sual verim: Sizcə, bir qadının başına kəlağayı daha gözəl yaraşır, yoxsa çadra?! Sezar pizza

Mən düşünmədən kəlağayı deyirəm. Çünki özümü ən zövqlü və eyni zamanda ən milli adamlardan biri hesab edirəm. Kəlağayı özündə bütün elementləri ilə türk qadınının ruhunu daşıyır. Mən gözümü açandan anamı kəlağayıda görmüşəm. Onun xeyir üçün, şər üçün, gündəlik həyat üçün, iş üçün fərqli-fərqli kəlağayıları olub. Hər bir kəlağayı materialından tutmuş üzərindəki naxışlara qədər özündə fərqli simvolları daşıyıb.

Kəlağayı bizimdir, doğmadır, əzizdir. Onu bizdən ayırmaq mümkün deyil, çünki bizim anaların bir parçasıdır. Yad olandan imtina etmək asandan da asandır. Əgər burada digər maraqlar yoxdursa...

***

Hicabın qadın üçün namus, mənəviyyat kimi təqdim olunmasına gəldikdə, bir neçə gün əvvəl yazıçı Şərif Ağayar Nizami Gəncəvinin “İsgəndərnamə” əsərindən bir məzmun paylaşmışdı.

Qafqaza — qıpçaqların yurduna gəlib çıxan böyük İsgəndər qəribə bir narahatlığını dilə gətirir.

Qıpçaq qadınları başlarını bağlamırlar, asudə gəzirlər, at minirlər, ov ovlayırlar, döyüşürlər və s.

İsgəndərin ordusunda isə uzun səfərlər boyu “arvadsızlamış” minlərlə kişi var. Hər an təcavüz etməyə amadə...

Buna görə İsgəndər qıpçaq ağsaqqallarını yanına çağırıb qadınların başlarını bağlamasını məsləhət görür. Və bu yerdə islam dinində, şəriətdə qadının örtünməsi ilə bağlı ən vacib məqamları diqqətə çatdıran şair İsgəndərin dili ilə deyir:

“Bizim adət-ənənəmiz belədir!”

Qıpçaqların cavabı qeyri-adidir:

“Bizim adət-ənənəmizə görə isə qadınlar üzünü yox, kişilər gözünü bağlayır. Qoşuna əmr edin, bizim məmləkətdə bizim adət-ənənələrə əməl etsinlər...”

***

Bu mövzuda müasir dövrümüzlə bağlı da maraqlı bir hekayə mövcuddur...

Bir gün Bəxtiyar Vahabzadə dostuna bir zənbil verir və “Mümkünsə, bunu bizim evə çatdır”, — deyir.

Zənbili alan dostu “Evdə kişi xeylağı var?” sualını verir.

Bəxtiyar Vahabzadə isə ona belə bir cavab verir:

“Evdə kişinin olub-olmamağı əsas deyil, əsas odur ki, qapını döyən kişi olsun”.

***

Yəni qadının nə qədər namuslu, mənəviyyatlı olub-olmaması onun özü qədər kişilərdən də asılıdır. Əgər hər tərəf çirkabdırsa, orada kimsənin təmiz qalması mümkünsüzdür. Mütləq və mütləq hər kəsin üzərində bu çirkabdan bir ləkə olacaqdır.

Qadının namusunu onun başındakı örtükdə axtarmaq asandır. Çətini kişinin öz gözünü, dilini, nəfsini və davranışını nəzarətdə saxlamasıdır. Qadına nə geyinəcəyini söyləmək asandır, çətini ona hörmət etməyi bacarmaqdır. Bir qadının saçını örtmək olar, bəs onun azadlığını, düşüncəsini, şəxsiyyətini örtməyə nə ehtiyac var?

Məncə, namus baş örtüyünün altında axtarılacaq qədər kiçik, bir parça parçanın içində gizlənəcək qədər kövrək deyil. O, insanın içindədir. Kişinin gözündə, dilində, əməlində, qadına münasibətindədir.

Bəlkə də elə buna görə mən kəlağayını çadradan daha əziz bilirəm. Çünki kəlağayı qadının üzünü gizlətmək üçün deyil, gözəlliyini naxışlarla bəzəmək üçün yaranıb. O, qadının baxışlarını dünyadan qaçırmayıb, əksinə, o baxışlara rəng verib. Kəlağayının hər naxışında bir el yaddaşı, hər rəngində bir ömür hekayəsi var.

Mən anamı kəlağayıda xatırlayıram. O kəlağayıların altında gizlənən bir qadın yox idi, bir dünya vardı. Sevinci, kədəri, zəhməti, mərhəməti, namusu və mənəviyyatı ilə bütöv bir dünya...

Elnur Məmmədli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!