Müasir dövrdə təhsil hər bir dövlətin diqqət ayırmalı olduğu ən strateji sahələrdən biridir.
Bu sözləri “ Yeni Sabah”a açıqlamasında Filologiya üzrə fəlsəfə doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi Orxan İsayev bildirib. Onun sözlərinə görə, təhsilin inkişafı dövlətin inkişafı deməkdir və xalqın gələcəyi məhz bugünkü təhsilin səviyyəsi ilə müəyyən edilməlidir:
“Ona görə də inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrin demək olar ki, hər birində müasir və dünyəvi təhsil tətbiq olunur. Azərbaycan həm dünyəvi dövlət olduğundan, həm də müasir dünyaya inteqrasiya siyasəti həyata keçirdiyindən təhsildə dünyəvilik prinsipinin qorunması vacib şərtdir. Marqarita pizza
Dünyəvilik təkcə fənn proqramları ilə deyil, eyni zamanda məktəblərin idarə olunması və məktəblilərin davranış qaydaları ilə müəyyən edilir. Vahid məktəbli formasının tətbiq olunması, şagirdlər arasında bərabərlik prinsipinin qorunması da bu qəbildəndir.
“Adından da göründüyü kimi, vahid geyim forması hər bir şagird tərəfindən əməl olunmalı qaydalardandır. Burada şəxsi istək və arzu deyil, dövlətin qəbul etdiyi qaydalara uyğun şəkildə davranmaq önəmlidir. Əgər vahid geyim forması tətbiq olunursa, demək ki, bu, şagirdlər arasında istər şəxsi, istərsə də sosial-iqtisadi fərqlərin aradan qalxmasına xidmət edir”.
O. İsayev qeyd edib ki, dini inanc hər bir insanın şəxsi seçimidir və buna kimsə müdaxilə edə bilməz:
“Azərbaycan dünyəvi dövlət olduğu kimi, tolerantlıq və multikultural dəyərləri də daim ön planda mühafizə edən ölkələrdəndir. Lakin dini, etnik və fərdi fərqliliklər dövlətin nəzarəti altında təhsil müəssisələrində ayrı-seçkiliyə yol açırsa, təbii ki, bunun qarşısı alınmalı və hər kəsin bərabər olduğu bir təhsil mühiti yaradılmalıdır.
Vahid məktəbli geyimi ilk növbədə şagirdlərdə nizam-intizam qaydalarına riayət etmək vərdişlərini formalaşdırır. Bu, onların gələcək həyatında da mühüm rol oynayacaq amillərdəndir. Hər hansı bir fərqlilik ümumi qaydaların pozulmasına və birinin digərindən seçilməsinə, fərqlənməsinə səbəb olur. Təbii ki, belə bir mühit şagirdin fərdi inkişafına və özünüifadə etmə bacarığına mənfi təsir göstərir.
Dünya təcrübəsində təhsilin dünyəviliyi və müasirliyi ciddi şəkildə gözlənilir. Yuxarıda da qeyd etdiyimiz kimi, dünyəvi təhsil xalqın və dövlətin gələcəyini təmin edən ən önəmli sahədir. Nəinki dövlətçilik təcrübəsi bizdən çox olan ölkələrdə, müstəqillik tarixi bizimlə eyni olan postsovet ölkələrində belə təhsildə dünyəvilik prinsipinə ciddi şəkildə nəzarət edilir. Təhsilin dövlət qayda və qanunlarına tabe edilməsi, yad ünsürlərin cəmiyyətə ayaq açmasının da qarşısını alır”.
Cəlalə Cəlalqızı
Telegram kanalımız