Paşinyanın zəif damarı: Məhəllə təfəkkürü…
28 Okt 2020 17:06
1558

Paşinyanın zəif damarı: Məhəllə təfəkkürü…

Azərbaycan atəşkəsdən qorxmamalıdır. Çünki Azərbaycan tərəfi getdikcə düşmənin bütün zəif cəhətlərini sezməkdədir. Atəşkəsin yenidən pozulması üçün dünya liderləri ilə danışıqlar aparmağa, yaxud BMT-nin məlum 4 qətnaməsini, beynəlxalq qurumların ərazi bütövlüyümüz barədəki sənədlərə istinad etdirib hüquqi əsaslandırma ilə danışmağa ehtiyac yoxdur. 

Bunun üçün Ermənistanın baş naziri Nikol Paşinyan kifayətdir. Təsəvvür edin ki, Azərbaycan Prezidenti İlham Əliyev qısa müddət ərzində Paşinyanın zəif damarını tutub. Birinci atəşkəs zamanı İlham Əliyev Paşinyanı daban yalayan adlandırdı. 2 saat keçmədi ki, Ermənistan atəşkəsi pozdu. Üçüncü atəşkəs oktyabrın 25-nə təyin edildi. Saat 08.02-də Ermənistan tərəfi atəşkəsi pozdu, amma mahiyyət baxımından buna böyük pozuntu adı vermək olmazdı. Prezident İlham Əliyevin xalqa müraciəti zamanı onu sərxoş təlxək adlandırmasından sonra Ermənistan tərəfi atəşkəsi bütün cəbhə üzrə pozdu. Hadisələrə və zamana diqqətlə fikir versəz, bu detalı tuta bilərsiz.

Məsələnin kökündə o durur ki, Azərbaycan Prezidentinin Ermənistanın baş nazirinin dırnaqarası şərəfinə səsləndirdiyi fikirlər Paşinyanın psixoloji halına pis təsir edir və bunun əvəzini verəcəyi barədə düşünür. Bu hisslər hələ özündə siyasətçi duyğularını, diplomatik təmkinliliyi formalaşdırmayan insanın hissləridir. Bu hisslər küçə, məhəllə duyğularını hələ özündən uzaqlaşdıra bilməyən insanın "indi baxarsan", "sənə göstərərəm", "qalsın qırmızı qulluğunda" tipli əvəzçıxma cəhdidir. 

Baş nazir seçildiyi vaxtdan etibarən Paşinyan artıq yeni dünya düzəninin qurulduğunu başa düşməyib. Bunun üçün hadisələrin gedişatına fikir verməli, dünya liderlərinin bəyanatlarını dərindən analiz etməli idi. Bunun üçün ən azından Ermənistanın strateji tədqiqatlar mərkəzinin əməkdaşları ilə məsləhətləşmələr aparmalı, dərin analiz nəticəsində Azərbaycanın dünyada tutduğu mövqeyin nədən ibarət olduğunu öyrənməli idi. 

Elə bu yaxınlarda BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycanı razı salmayan bəyanatın hansı səbəbdən qəbul edilmədiyini öyrənməli idi. Alnını ovuşdurub düşünməli idi ki, Azərbaycan Qoşulmama Hərəkatına üzv 120 ölkənin sədri postunu tutur. Və həmin ölkələr Azərbaycanı BMT-də tək qoymadılar. Nəhayət, yenə alnını qırışdırıb öz ölkəsinin dünyada hansı mövqeni tutmasına nəzər salmalı idi. 

Və bu anlamda Ermənistanın 1990-cı il illərdəki hərbi uğurunu unutmalı, eyni zamanda xaricdəki havadarları, erməni lobbisi, erməni iş adamlarına ümid bağlamaqla Azərbaycanla kanfrontasiyaya getmək fikrinə düşməməliydi. Paşinyan heç olmasa strateji partnyoru olduğu Fransanın tarixində iz qoymuş kardinal Rişelye, Şarl Moris de Taleyranın həyat yolu və fəaliyyəti barədəki kitabları oxuya bilərdi. Lap elə Taleyranla bağlı məşhur hadisəni oxusaydı, özündə nisbətən siyasətçi təmkinini formalaşdıra bilərdi. 

Napoleon Bonopart ölkənin xarici işlər naziri Şarl Taleyrana nifrət edərmiş. Lakin Taleyranın xarici siyasətdəki uğurları onu vəzifədən uzaqlaşdırmağa əsas vermirmiş. Məclislərin birində Napoleon ona təhqiredici ifadələr səsləndirib, atmacalar atıb. Bütün məclis üzvləri elə indicə Taleyranın çılğın hərəkətlərlə atmacaların cavabını verəcəyini düşünüb. Lakin gözlənilmədən Taleyran ayağa qalxaraq deyib: "Cənablar, tanış olun, bu Napoleon Bonopartdır". 

Pərt vəziyyətdə qalan imperator daha ona atmaca atmayıb. Həmin hadisə tarixə "Taleyran təmkini" adı ilə daxil olub. Nikol Paşinyanda həmin təmkin yoxdur. O, necə küçədən gəlib baş nazir seçilibsə, elə də qalıb. Halbuki, bu aylar ərzində siyasətin "s" hərfini öyrənə bilərdi. 

Heç olmasa, dünya siyasətçilərinin həyat yolunu, fəaliyyət illərini vərəqləməklə siyasətin ilk rüşeymlərini olmasa da, ilk amöblərini mənimsəmək mümkün idi. Bəlkə də siyasi kitabları oxumaqla da bu cəhətləri özündə formalaşdıra bilməyəcək. Çünki o siyasət üçün yaranmayıb. Atəşkəs elan olunandan 1 saat sonra "Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli yoxdur" deyən insanın quyusuna su tökməklə su olmayacaq. Heç vaxt olmayacaq. 

Azər Qismət

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər