Oktyabr ayında Azərbaycanda havanın temperaturu iqlim normasından yüksək olaraq qalır. İsti hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində temperatur yüksəlib, Bakıda 26, bölgələrdə isə 30 dərəcəyədək isti qeydə alınıb.
Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın ötən 13 günü ərzində havanın temperaturu 9 gün normadan yüksək, 3 gün normadan aşağı, 1 gün isə normaya yaxın olub. Oktyabrın 13-də temperatur normadan 5 dərəcə yüksək, ayın 3-də isə 5,5 dərəcə aşağı qeydə alınıb. Dördpendirli pizza
Qeyd olunub ki, 13 gün ərzində havanın orta aylıq temperaturunun normadan fərqi 2,9 dərəcə təşkil edib. 2012-ci ildə isə bu göstərici 3,1 dərəcə olub.
Çoxillik meteoroloji müşahidələrin təhlilinə əsasən, oktyabr ayında ən isti hava 2012-ci il oktyabrın 9-da qeydə alınıb. Həmin gün Bakıda havanın maksimal temperaturu 32,7 dərəcə isti olub.
Həftə sonunadək ölkə ərazisində havanın sabit və əsasən yağmursuz keçəcəyi gözlənilir. Bununla belə, axşam saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimal edilir. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə olunacaq, cənub-şərq küləyi əsəcək.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23–28, Naxçıvan Muxtar Respublikasında və Aran rayonlarında 26–31, dağlıq rayonlarda isə 21–26 dərəcə isti olacaq.
Aytac Əliyeva
Telegram kanalımız