Avqustun 6-da Prezident İlham Əliyevin Fəxrəddin İsmayılovu Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması barədə sərəncam imzalayıb. Sözügedən vəzifəyə hələki yeni təyinat yoxdur. Bəzi müşahidələrə əsasən, analitiklərin AŞ ilə siyasi münasibətlər nəzərə alınmaqla, həmin vəzifəyə bir müddət təyinatın olmacağı iddia olunur.
“Səfirlərin geri çağırılması rotasiya sistemi ilə bağlıdır. Bildiyimiz odur ki, səfirlərin fəaliyyət müddəti 4 il olur. Əgər səfir 4 ildən tez çağırılırsa, ya onun işində nöqsan olur, ya da təmsil etdiyi qurumda, dövlətdə hər hansı problemlər olur. Yaxud yeni vəzifəyə təyinat alır. Ona görə də, bu geri çağırılmanı və yeni təyin olunmanı sadaladığım parametrlərlə ölçmək olar”.
Bu sözləri “Yeni Sabah”a Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov deyib. pizza
O qeyd edib ki, Avropa Şurasından çıxmaq məsələsi isə ilk növbədə siyasi qərardır:
“Əgər səfir geri çağırılırsa və uzun müddət vəzifəyə heç kim təyin edilmirsə, bu, diplomatik jestdir. Bu onu göstərir ki, münasibətlərdə problemlər var və onlar həll edilməyənə qədər səfir təyin edilməyəcək.
Avropa Şurasından çıxmaq məsələsi isə ilk növbədə siyasi qərardır. Siyasi qərarın verilməsi bu prosedurların başlanması açıq şəkildə elan edilir”.
F.Məmmədov əlavə edib ki, problemlərin əsası Avropa Şurası institutlarının Azərbaycana qarşı qərəzli mövqeyidir:
“Cənab Prezidentin çıxışı, Azərbaycanın atdığı addımlar da onu göstərir ki, Avropa Şurası institutları ilə problemlər yaşanır və problemlərin əsası Avropa Şurası institutlarının Azərbaycana qarşı qərəzli mövqeyidir. Avropa Şurasına vaxt verilir ki, öz institutlarında müəyyən iş aparsın. Bu nəticə vermədikdə, o zaman belə siyasi qərarlar qəbul edilir”.
Xatırladaq ki, Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı rəsmi Bakının Avropa Şurasından (və onun Parlament Assambleyasından) tamamilə çıxmaq imkanını nəzərdən keçirdiyini bildirmişdi:
"Biz onlara qarşı heç bir səhv addım atmamışıq. Həmin ədalətsiz hərəkəti onlar ediblər və buna görə onlar da cəsarət tapıb geriyə çəkilməlidirlər, böyük səhvə yol verdiklərini etiraf etməlidirlər. Bilirsiniz, mən məsələ ilə bağlı öz fikrimi dəfələrlə bildirmişəm. Əgər Azərbaycan Avropa Şurasını tam tərk edərsə, ölkədə bunu hətta heç kəs hiss etməyəcək. Yəni orada olmaq və ya olmamaq çox şeyi dəyişmir.
Bilmirəm, orada olmaq bəlkə də daha yaxşı olardı. Biz toqquşma axtarmırıq və xüsusən də bir vaxtda ki, nəinki Avropa Şurası Parlament Assambleyası, o cümlədən Avropa Parlamenti dövri olaraq bizə yenə də hər hansı əsas olmadan hücum çəkir. Düşünürəm ki, onların Azərbaycana bir növ qərəzi var. Beş il ərzində onlar Azərbaycanı hədəfləyən 13 qətnamə qəbul ediblər və onlardan heç biri bizim üçün vacib deyil, onlardan heç biri burada hər hansı məsələyə təsir etmir. Beləliklə, əlbəttə, həmin təsisatlarla toqquşma deyil, normal münasibətlərin olması daha yaxşıdır. Amma bir daha deyirəm ki, bu, bizim seçimimiz olmayıb. Biz Avropa Şurasına 2001-ci ildə könüllü şəkildə qoşulmuşuq".
Nazim Hacıyev
Telegram kanalımız