“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev avqust ayının 11-də Naxçıvan Muxtar Respublikasına səfər etdi. Bu, cənab Prezidentin sayca 17-ci səfəridir. Bu rəqəmin özü bir göstəricidir və bir daha təsdiqləyir ki, Naxçıvanın sosial-iqtisadi inkişafı, əhalinin rifahı və təhlükəsizliyi hər zaman dövlət başçısının diqqət mərkəzindədir”.
Bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfərini “Yeni Sabah”a şərh edərkən bildirib. O vurğulayıb ki, Naxçıvanın fiziki təhlükəsizliyi ilə yanaşı, onun enerji təhlükəsizliyi də dövlət başçısının xüsusi diqqətindədir:
“Cənab Prezident bu səfər çərçivəsində Azərbaycan Dövlət Televiziyasına verdiyi müsahibəsində də vurğuladı ki, Naxçıvana hər zaman xüsusi diqqət və qayğı var. Biz ilk növbədə Naxçıvanın bir sıra parametrlər üzrə gücləndirilməsində maraqlıyıq. Bu, ilk növbədə regionun coğrafi konumundan — Azərbaycanın əsas ərazisindən ayrı düşməsindən irəli gəlir. Məhz bu reallıq fonunda Naxçıvanın təhlükəsizliyi bizim üçün bir nömrəli prioritetdir. Bu məntiqdən çıxış edərək Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu formalaşdırılıb və yeni komando hərbi hissəsi yaradılıb. Təhlükəsizlik məsələləri son dərəcə əhəmiyyətlidir və Əlahiddə Ümumqoşun Ordusu ən güclü birləşmələrdən biri kimi Azərbaycan Silahlı Qüvvələrinin tərkibində özünü doğruldub. pizza hut
Dövlət başçısı Naxçıvanın fiziki təhlükəsizliyi ilə yanaşı, enerji təhlükəsizliyinə də xüsusi diqqət ayrıldığını bildirərək qeyd etdi ki, bu gün muxtar respublikada elektrik enerjisi və qaz təminatı 100% səviyyəsindədir. İranla əldə olunmuş razılaşmaya əsasən, bu ölkə Naxçıvanı 100% qazla təmin edir, Azərbaycan isə Astaradan keçməklə İranın həmsərhəd ərazilərinə qaz ötürür. Proses məhz bu qarşılıqlı razılaşma əsasında həyata keçirilir.
Dövlət başçısı onu da vurğuladı ki, hələ 2020-ci il noyabrın 10-da Qarabağın taleyi ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı üçtərəfli bəyanatda Zəngəzur dəhlizi ilə bağlı məsələ də öz əksini tapmışdı. Ermənistan tərəfi bundan yayınmağa çalışsa da, Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi və tələbləri nəticəsində bu bənd sənədə daxil edildi. Lakin təəssüf ki, sonrakı dövrdə müxtəlif bəhanələrlə Zəngəzur dəhlizinin işə düşməsinə mane olmağa çalışdılar”.

Millət vəkilinin əlavə edib ki, Naxçıvanın sosial-iqtisadi tərəqqisi, əhalinin rifahı, eləcə də regionun fiziki və enerji təhlükəsizliyi dövlətin prioritet fəaliyyət istiqamətləridir:
“Yalnız 2025-ci il avqustun 8-də Vaşinqton sammitində əldə edilmiş tarixi razılaşmalara əsasən, Zəngəzur dəhlizinin (buna həm də TRIPP layihəsi deyilir) çəkilməsi istiqamətində prinsipial qərar qəbul olundu və artıq ilkin addımlar atılıb. Dəhlizin işə düşməsi nəticəsində Azərbaycanın öz tarixi ərazisi olan Naxçıvanla dəmir və avtomobil yolu vasitəsilə birbaşa əlaqəsi bərpa ediləcək. Cənab Prezident bu yolun strateji əhəmiyyətindən bəhs edərkən bildirdi ki, dəhliz gələcəkdə yalnız nəqliyyat deyil, həm də fiber-optik kabel, elektrik xətləri və hətta neft-qaz kəmərlərinin çəkilişi üçün də istifadə oluna bilər.
Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat koridorlarının mühüm tərkib hissəsidir. Dövlətimizin başçısı diqqətə çatdırdı ki, gələcəkdə bu yolun 15 milyon tondan artıq yükdaşıma qabiliyyətinin olması planlaşdırılır. Hazırda Horadizdən Ağbəndə qədər avtomobil yolu çəkilib, dəmir yolu xəttinin tikintisi isə gələn il başa çatacaq. Naxçıvandakı dəmir yolu xəttinin ümumi uzunluğu 194 kilometrə çatacaq ki, bunun da 42 kilometri Zəngəzur dəhlizinin payına düşür. Bu istiqamətdə Ermənistandan konkret əməli addımlar gözləyirik.
Beləliklə, Prezident İlham Əliyevin Naxçıvana səfəri çərçivəsində regionun sosial-iqtisadi inkişafı, Naxçıvan şəhərinin Baş planının təsdiqi və kənd təsərrüfatının inkişafı ilə bağlı mühüm məsələlər müzakirə olundu. Səfər bir daha göstərdi ki, Naxçıvanın sosial-iqtisadi tərəqqisi, əhalinin rifahı, eləcə də regionun fiziki və enerji təhlükəsizliyi dövlətin prioritet fəaliyyət istiqamətləridir”.
Nazim Hacıyev
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanıb.

Telegram kanalımız