Kimisi oğurluqdan qorunmaq, kimisi də qonşu ilə problemə əyani sübut üçün qapısı ağzına kamera qoydurub. Amma Ali Məhkəmə son hüquqi mövqeyi ilə pul xərcləyib namərdi evinə qədər qovmaq istəyən şəxsləri peşman edib.
“Hər bir şəxs öz mənzilinin və əmlakının təhlükəsizliyini təmin etmək üçün müşahidə kamerası quraşdıra bilər. Ancaq bu hüquq həyata keçirilməsi digər şəxslərin şəxsi həyatına qanunsuz müdaxilə təşkil etməməlidir”, - deyə Ali Məhkəmənin şərhində bildirilib.
Üstəlik əlavə olunub ki, “çoxmənzilli yaşayış binasının ümumi istifadədə olan dəhlizini və ya digər mənzillərin giriş hissələrini əhatə edən müşahidə kamerası yalnız həmin dəhlizə çıxan qonşuların razılığı olduqda quraşdırıla bilər”. pizza mizza
Ali Məhkəmənin “kamera görüntüləri məhkəmədə sübut kimi qəbul olunmaya bilər” xüsusilə çoxlu sual yaradıb.
Vəkil Babək Həmidov “Yeni Sabah”a bildirib ki, Ali Məhkəmənin bu qərarı Konstitusiyaya uyğundur və gələcəkdə oxşar işlər üçün nümunə olacaq:
“Qərar gələcək məhkəmə təcrübəsi baxımından da müsbət presedent yaradır. Çünki Konstitusiya hər bir şəxsin şəxsi həyatının toxunulmazlığı hüququnu təmin edir və hər kəs başqalarının da bu hüququna hörmət etməyə borcludur. İnsanlar öz hüquqlarından istifadə edərkən digər şəxslərin şəxsi həyatına müdaxilə edə bilməzlər.
Bu baxımdan yaşayış binasının ümumi dəhlizinin hər hansı bir sakinin öz təşəbbüsü ilə daim kameraya çəkilməsi yolverilməzdir. Çünki “şəxsi həyat” anlayışı yalnız insanın mənzilinin daxili ilə məhdudlaşmır. Onun gündəlik həyatı, işgüzar fəaliyyəti və yaşayış yerinə giriş-çıxışı da şəxsi həyatının tərkib hissəsidir.
Əgər kamera vasitəsilə hər hansı görüntü əldə olunubsa və həmin görüntü şəxsin razılığı olmadan, onun şəxsi həyatına müdaxilə edilməklə qeydə alınıbsa, bu sübut qanunsuz əldə edilmiş sübut hesab oluna bilər. Qanunvericiliyə görə, qanunsuz yolla əldə edilmiş sübutların məhkəmədə sübut kimi hüquqi qüvvəsi olmur”.
Babək Həmidovun sözlərinə görə, kamera elə quraşdırılmalıdır ki, qonşuların giriş-çıxışı görünməsin:
“Əlbəttə, yaşayış binalarında təhlükəsizliyin təmin edilməsi məqsədilə kamera quraşdırılması mümkündür. Lakin bu, ayrı-ayrı sakinlərin şəxsi qərarı ilə deyil, binanın idarəedicisinin və ya sakinlərin ümumi yığıncağının qərarı əsasında həyata keçirilməlidir. Bununla yanaşı, kameralar elə quraşdırılmalıdır ki, konkret mənzillərin qapıları, insanların evlərinə kimlərin girib-çıxması kimi şəxsi həyata aid məlumatlar birbaşa müşahidə olunmasın.
Yəni bir nəfərin istəyi ilə ümumi dəhlizə kamera quraşdırılması düzgün deyil. Belə qərar yalnız sakinlərin ümumi razılığı əsasında qəbul oluna bilər. Ancaq bu halda belə, şəxsi həyatın toxunulmazlığı hüququ hər zaman üstün tutulmalıdır.
Əgər bu hüquq pozularsa, həmin şəxs məhkəməyə müraciət edərək görüntülərin qanunsuz əldə edildiyini əsaslandıra və onların sübutlar siyahısından çıxarılmasını tələb edə bilər.
Bir məqama da diqqət yetirilməlidir. Məsələn, sakin öz təşəbbüsü ilə kamera quraşdırıb və həmin kamera təsadüfən üçüncü bir şəxsin törətdiyi cinayəti qeydə alıb. Belə halda həmin görüntülərin hüquqi qiymətləndirilməsi fərqli ola bilər. Lakin söhbət məhz kameranı quraşdıran şəxsin qonşusu ilə bağlı mülki, inzibati və ya cinayət işindən gedirsə, qonşu şəxsi həyatına qanunsuz müdaxilə edildiyini əsas gətirərək həmin görüntülərin sübut kimi qəbul edilməməsini tələb etmək hüququna malikdir”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız