Rafael Cəbrayılovun mandatı danışdı: “Nə qədər borc almaq olar e?..”

Rafael Cəbrayılovun mandatı danışdı:
Sent 30, 2019 18:20
Oxunma sayı: 481

Xəbər verildiyi kimi, Milli Məclisin üzvü Rafael Cəbrayılov mandatından imtina etməklə bağlı parlamentə müraciət edib. Buna səbəb onun 300 min dollar borc qarşılığında deputat vəsiqəsini girov qoymasının ortaya çıxmasıdır. “Yeni Sabah” xəbər verir ki, Qaynarinfo-nun əməkdaşı deputat mandatının özü ilə əlaqə saxlamağa və bəzi suallara cavab almağa nail olub... 

– Öncə sizi girovluqdan azad olmağınız münasibətilə təbrik edirik. 

– Çox sağ olun (köks ötürür). Doğrudan da dünyanın qəribə işləri var. Vaxt vardı Rafael müəllimi mandat alması münasibətilə təbrik edirdilər, indi isə həmin mandatı – yəni məni girovluqdan azadlığa buraxılmağım münasibəti ilə təbrik edirlər. 

– Azadlıq necə hissdir? 

– Xahiş edirəm siyasi söhbətlər eləməyək. Burda dediklərimizi ermənilər də oxuyur...

– Axı... 

– Əşşi, uzatma da... Azadlıq-zad, bunlar hamısı inkişafımızı gözü götürməyən qüvvələrin uydurmalarıdır. Azadlıq o demək deyil ki, ağlına, ağzına gələni danışasan, yazasan. Başqasının azadlığı başlayan yerdə mənim azadlığım qurtarır. 

– Siz yanlış anladınız. Mən girovluqdan azad edilməyiniz barədə soruşurdum... 

– Hə, bunu əvvəldən de də... Vallah, hələ ki, məni Rafael müəllimin əlindən almayıblar, buna əvvəlcə Milli Məclis baxmalıdı, sonra da Mərkəzi Seçki Komissiyası qərar verməlidi. Yəni belə baxanda mən hələ də girovluqdayam, fərqi nədir borcverənin əlindəyəm, yoxsa borcalanın. Ancaq hər halda gələcəklə bağlı ümidliyəm. İnanıram ki, tezliklə bu ağır günlər arxada qalacaq.  

– Sirr deyilsə, necə oldu ki, girov qoyuldunuz? 

– Açığı, lap əvvəldən səksəkədə olmuşam, hiss etmişəm ki, Rafael müəllim hər an başıma bir iş gətirə bilər. Toya gedirdik, qorxurdum, bir də gördün pulu olmadı, qutuya nəmər yerinə məni atdı. Maşına benzin vururdu, canıma vicvicə düşürdü ki, aha, vəssalam, axırda operatora pul yerinə məni uzadacaq. Allah heç kimə qismət eləməsin, çox çətin günlər keçirmişəm, çox... 

– Amma axırda 300 min dollar borcun müqabilində girov qoyuldunuz. 

– Qurbanolduğumdan gizli deyil, sizdən niyə gizli olsun, buna bir növ sevindim də... Baxma da, ağzında 300 min deyirsən? Az pul deyil ki! Bir var gedib restoranda yeyib-içəydi, "şot" verməyə pulu çatmazdı, girov qoyardı, bir də var 300 min dolların əvəzində... Bizim də özümüzə görə adımız-sanımız var, yenə şükür, xırda-xuruş, qəpik-quruş şeylərə görə dilə-dişə düşmədik. Dost-düşmən eşidib nə deyərdi?!  

– Girovluqda sizə qarşı rəftardan narazılığınız yoxdu ki? 

– Düzü, məni bir mandat kimi Rafael müəllimə verəndə bilirdim ki, bu yolda hər cür çətinlik var. Ona görə də istənilən situasiyaya hazır idim. Saxlanılma şəraitimdən də heç bir narazılığım olmayıb. Deputatın cibi ilə müqayisədə yerim xeyli geniş idi, üstəlik, qulağım da dinciydi. Yoxsa bezmişdim Rafael müəllimin bu borc söhbətlərindən. Ondan borc, bundan borc... Nə qədər borc almaq olar e? Göydə quş görürdüm, deyirdim, aha, indi müəllim onu da saxlayıb borc istəyəcək. Bir də gördün, odu e, hansısa qaranquşun, leyləyin dimdiyində  yellənirəm. Mənə lazım idi bu?   

– Rafael müəllimi sonuncu dəfə nə vaxt görmüsünüz? 

– Yadıma gəlmir... O qədər müddətdir girovam, bir dəfə maraqlanmayıb ki, görüm hardadı, neyləyir, birdən elə yerdə saxlayarlar nəm-zad çəkər. Hesab edirəm ki, mən bu cür münasibətə layiq deyildim. Necə olsa da, əvəzimdə o boyda pul borc almısan, üstəlik, geri qaytarmamısan, adam heç olmasa arayıb-axtarar, quruca təşəkkür eləyər.  

– Son olaraq söyləmək istədiyiniz bir şey varmı? 

– Xahiş edirəm, Rafael Cəbrayılovun mandatdan imtina ilə bağlı müraciətini möhkəm saxlasınlar. Bilmək olmaz, bir də gördün həmin müraciəti də götürüb girov qoydu, yenidən borc götürdü. Pir mənimdi, kəramətinə bələdəm, ondan nə desən çıxar.

 

Yenisabah.az