Milli Məclisin deputatı Fazil Mustafanın bir müddət əvvəl Şah İsmayıl Xətai və Səfəvilər dövrü ilə bağlı səsləndirdiyi fikirlər cəmiyyətdə müzakirələrə səbəb olub.
Deputatın Səfəvi siyasi-dini irsinə tənqidi yanaşması sosial şəbəkə istifadəçilərinin bir qismi tərəfindən narazılıqla qarşılanıb.
Fazil Mustafanın bu yanaşması yenə də tarixçilər, siyasətçilər və sosial şəbəkə istifadəçiləri arasında ciddi polemikalara yol açıb. pizza hut
Müzakirələr fonunda Milli Məclisin deputatı Ceyhun Məmmədov da Şah İsmayıl Xətai irsinə münasibət məsələsinə toxunub.
“Yeni Sabah” xəbər verir ki, C.Məmmədov bildirib ki, tarixi şəxsiyyətlərin qiymətləndirilməsində obyektivlik əsas prinsip olmalıdır:
“Tarixə münasibətdə ən vacib prinsiplərdən biri obyektivlikdir. Keçmiş haqqında danışarkən hadisələrə və tarixi şəxsiyyətlərə şəxsi maraqlarımızın, siyasi baxışlarımızın və emosional münasibətlərimizin təsiri ilə yanaşmaq düzgün deyil. Çünki tarixə öz maraqlarımızın prizmasından baxdıqda, bir müddət sonra faktlarla ona verdiyimiz qiymət bir-birinə qarışır”.
C.Məmmədov Şah İsmayıl Xətai kimi Azərbaycan və region tarixində mühüm yer tutan şəxsiyyət haqqında danışarkən məsələyə xüsusi diqqətlə yanaşmağın vacibliyini vurğulayıb:
"Şah İsmayılın fəaliyyəti ilə bağlı müxtəlif fikirlərin olması təbiidir və tarixdə böyük iz qoymuş şəxsiyyətlər haqqında fərqli yanaşmalar həmişə mövcud olub. Əsas məsələ isə bu yanaşmaların nəyə söykənməsidir. Şah İsmayıl 1487-ci ildə Ərdəbildə anadan olub, 1501-ci ildə Təbrizdə hakimiyyətə gələrək Səfəvi dövlətinin əsasını qoyub. Gənc yaşında böyük siyasi hakimiyyət formalaşdırması və qısa müddətdə geniş ərazilərə nəzarət edən dövlət yaratması həmin dövr üçün ciddi siyasi hadisə idi. Səfəvilərin meydana çıxması Cənubi Qafqazdan Anadoluya, İran ərazisindən Yaxın Şərqə qədər uzanan geniş coğrafiyada siyasi münasibətlərə təsir göstərdi. Şah İsmayılın tarixdəki yeri yalnız dövlətçilik fəaliyyəti ilə ölçülmür. Şah İsmayıl “Xətai” təxəllüsü ilə Azərbaycan türkcəsində əsərlər yazıb və Azərbaycan ədəbiyyatında özünəməxsus iz qoyub. Şah İsmayılın yaşadığı dövr mürəkkəb siyasi proseslərlə xarakterizə olunub. Osmanlı-Səfəvi münasibətləri, Şirvan və Ağqoyunlu siyasi qüvvələri ilə qarşıdurmalar həmin dövrün siyasi mənzərəsini müəyyənləşdirən əsas amillərdəndir. 1514-cü il Çaldıran döyüşü də bu rəqabətin mühüm hadisələrindən biri kimi tarixə düşüb. Bu hadisələrə beş əsr sonra, bugünkü siyasi və ictimai reallıqların içindən baxmaq asandır. Lakin tarixi düzgün anlamaq üçün ilk növbədə həmin dövrün şərtlərini nəzərə almaq lazımdır. XVI əsrdə dövlətlərarası münasibətlər, hakimiyyət uğrunda mübarizə, hərbi-siyasi rəqabət və ərazi uğrunda mübarizə indiki dövrdən fərqli idi. Buna görə də həmin dövrün hadisələrini yalnız müasir meyarlarla mühakimə etmək bizi bəzən tarixi reallıqdan uzaqlaşdıra bilər”.
Deputatın fikrincə, bu, tarixi şəxsiyyətlərin tənqid edilməməsi anlamına gəlmir:
"Şah İsmayılın fəaliyyətinin mübahisəli tərəfləri müzakirə oluna və onun müəyyən qərarları tənqid edilə bilər. Amma tənqidin özü də faktlara və mənbələrə əsaslanmalıdır. Tarixi şəxsiyyəti tənqid etmək başqa şeydir, onu müəyyən siyasi və ya şəxsi məqsədə uyğun şəkildə təqdim etmək tamam başqa. Tarixi şəxsiyyətlərin həddindən artıq ideallaşdırılması da doğru deyil. Şah İsmayılın dövlət quruculuğundakı rolunu, hərbi-siyasi fəaliyyətini və ədəbi irsini yüksək qiymətləndirmək onun bütün qərarlarını mütləq şəkildə doğru hesab etməyi tələb etmir. Tarixdə heç bir şəxsiyyət səhvsiz olmayıb. Tarixi şəxsiyyətə hörmət onun hər addımını müdafiə etmək deyil, onun fəaliyyətini bütün tərəfləri ilə öyrənməkdir".
C.Məmmədov həmçinin Şah İsmayıl Xətai irsinə dövlət səviyyəsində göstərilən münasibətə diqqət çəkib:
"Ulu öndər Heydər Əliyevin formalaşdırdığı milli-mədəni irsə münasibət ənənəsinin sonrakı dövrdə də davam etdirilib. 2018-ci ildə Heydər Əliyev Mərkəzində Şah İsmayıl Xətaiyə həsr olunmuş “Əbədiyyət xəzinəsi” sərgisinin keçirilməsini nümunə göstərmək olar. Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev də həmin sərgidə iştirak edib. 2020-ci ildə Prezident İlham Əliyev Şah İsmayıl Xətainin yeni salınmış parka köçürülmüş heykəlini ziyarət edib və abidənin önünə gül dəstəsi qoyub. Hesab edirəm ki, Şah İsmayıl Xətaiyə münasibəti yalnız bugünkü siyasi mübahisələrin prizmasından qiymətləndirmək doğru deyil. Təəssüf ki, bu gün bəzən tarix müasir siyasi mübahisələrin bir hissəsinə çevrilir. Tarixi şəxsiyyətlər öz dövrünün insanı olmaqdan çıxarılaraq bugünkü siyasi mövqelərin simvoluna çevrilirlər. Belə olduqda artıq həmin şəxsiyyətin real fəaliyyəti deyil, onun haqqında formalaşdırılmış təsəvvür müzakirə olunur. Tarixi faktla həmin fakta münasibəti bir-birindən ayırmaq lazımdır. Əgər biz tarixi şəxsiyyətə yalnız şəxsi maraqlarımızın və siyasi mövqeyimizin prizmasından baxırıqsa, əslində tarixə qiymət vermirik. Özümüz üçün yaratdığımız tarixi təsəvvürə qiymət veririk".
Deputat Şah İsmayılın dövlətçilik fəaliyyəti, hərbi-siyasi qərarları, Azərbaycan türkcəsində yaratdığı ədəbi irs və regionun sonrakı siyasi inkişafına təsirinin bütöv şəkildə araşdırılmasının vacibliyini vurğulayıb.
“Tarixi şəxsiyyətləri nə bütləşdirmək, nə də qaralamaq lazımdır. Onları öz dövrləri, gördükləri işlər, qəbul etdikləri qərarlar və yaratdıqları irslə birlikdə qiymətləndirmək lazımdır. Çünki tarixə hörmət keçmişi öz baxışımıza uyğunlaşdırmaqdan deyil, onu bütün mürəkkəbliyi ilə anlamağa çalışmaqdan başlayır”, - deyə deputat fikirlərini yekunlaşdırıb.
Telegram kanalımız