Prezidentin reaksiya verdiyi problem! Həll yolu varmı?

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin reaksiya verdiyi problem! Həll yolu varmı?

Sosial

14 İyul 2026 12:41 494


Elektromobillərdə radioların yoxluğu IV Şuşa Qlobal Media Forumunda da gündəmə gətirilib.

Gürcüstanın “Fortuna Radio Holding” şirkətini təmsil edən Tamara Giqoqidze bu mövzuda Prezident İlham Əliyevə sual verib:

“Avtomobil texnologiyalarının sürətlə inkişaf etməsi həm radio yayımçıları, həm də dinləyicilər üçün ciddi narahatlıq doğurur. Diqqətinizi ona yönəltmək istərdim ki, idxal olunan yeni elektromobillərin sayı artır və onların bir çoxunda FM radio ümumiyyətlə yoxdur və ya avtomobilin ekranında onu tapmaq xeyli çətindir. Pepperoni pizza

Avropada bir çox yayımçı və tənzimləyici orqanlar yeni elektromobillərdə FM radiosunun əlçatan və asanlıqla tapılan olmasını təmin etmək üçün siyasət və qanunvericilik işləyib hazırlayırlar. Azərbaycan Hökuməti bütün yeni avtomobillərdə cəmiyyətin maraqları naminə və təcili rabitə üçün FM radiosunun əlçatanlığını təmin etmək məqsədilə hökumət, tənzimləyicilər, yayımçılar və avtomobil sənayesi arasında əməkdaşlığı dəstəkləyəcəkmi?”

Azərbaycan dövlət başçısı qaldırılan məsələni dəstəkləyib.

Bəs, FM radiosu olmayan elektromobillərdə bu funksiyanı sonradan aktivləşdirmək və ya quraşdırmaq mümkündürmü?

Avtomobil mütəxəssisi Elçin Abbasov “Yeni Sabah”a bildirib ki, radionun yoxluğu daha çox Çin bazarı üçün istehsal olunan avtomobillərdə müşahidə edilir:

“Təkcə elektrik avtomobillərində deyil, bəzi hibrid və hətta benzin mühərrikli avtomobillərdə də ənənəvi FM radio olmur. Söhbət radio dalğalarını antena vasitəsilə qəbul edən standart radiodan gedir. Bu avtomobillərdə, əsasən, internet radio mövcuddur. Bu hal daha çox Çin istehsalı olan avtomobillərdə müşahidə edilir. İnternet radio adi FM radiodan daha geniş imkanlar təqdim edir”.

E.Abbasov bildirib ki, bəzi modellərdə e-SİM yerli SİM kartla əvəz edilərək problem həll oluna bilər:

“Problemlərdən biri odur ki, bu avtomobillər internetə daxildə quraşdırılmış e-SİM vasitəsilə qoşulur. Həmin e-SİM-lər əksər hallarda yalnız Çində fəaliyyət göstərən mobil operatorlarla işləyir. Azərbaycanda bu operatorların xidməti olmadığı üçün avtomobil internetə qoşula bilmir və nəticədə internet radio da işləmir.

Bu problemi bir neçə yolla həll etmək mümkündür. Bəzi avtomobillərdə e-SİM-i çıxarıb onun yerinə yerli mobil operatorun SİM kartını quraşdırmaq olur. Avtomobil internetə qoşulduqdan sonra internet radio da aktivləşir.

Digər çıxış yolu isə xüsusi FM radio qurğusundan istifadə etməkdir. Bu qurğular USB portu vasitəsilə avtomobilə qoşulur, öz antenasına malik olur və xüsusi tətbiq vasitəsilə radio dalğalarını qəbul edərək avtomobildə FM radionun işləməsini təmin edir.

Ümumiyyətlə, müasir avtomobillərdə internet bağlantısının olması sürücülərə bir sıra əlavə imkanlar yaradır. Məsələn, avtomobili uzaqdan idarə etmək, onun texniki vəziyyəti barədə məlumat almaq, kondisioneri məsafədən işə salmaq, avtomobilin yerini xəritədə görmək, işıqları yandırıb-söndürmək və digər funksiyalardan istifadə etmək mümkündür. Hətta avtomobilin açarı yanınızda olmadıqda belə, rəsmi mobil tətbiq vasitəsilə avtomobilin qapılarını açmaq və bəzi funksiyalarını idarə etmək mümkündür”.

Mütəxəssis qeyd edib ki, ABŞ-dən gətirilən bəzi avtomobillərdə də FM tezlikləri ilə bağlı problem olur:

“Digər bir problem isə ABŞ-dən gətirilən bəzi avtomobillərlə bağlıdır. Bu avtomobillərdə FM radio tezlikləri fərqli standartla işlədiyi üçün yalnız sonu tək rəqəmlə bitən tezliklər qəbul olunur. Məsələn, 90.0 FM kimi tezlikləri dinləmək mümkün olmur. Bu problemi də əlavə avadanlıq quraşdırmaq və ya radio blokunda müəyyən texniki dəyişikliklər etməklə aradan qaldırmaq mümkündür".

Avtomobil ustası Dəniz Ağabəyli deyib ki, bu problem əsasən Çin üçün istehsal olunan avtomobillərdə olur:

“Çində istehsal olunan bəzi avtomobillərdə FM radio olmur. Bunun əsas səbəbi həmin avtomobillərin Çin bazarı üçün istehsal edilməsidir. Ona görə də Azərbaycanda istifadə olunan radio tezliklərini qəbul etmirlər. Amma bu, elə də ciddi problem deyil. Müxtəlif proqramlar quraşdırmaqla internet üzərindən Azərbaycan radiolarını, həmçinin dünyanın istənilən ölkəsinin radio kanallarını dinləmək mümkündür. “YouTube”, “Waze”  və digər tətbiqlərdən də rahat istifadə olunur.

Əgər sürücü mütləq FM radionun olmasını istəyirsə, avtomobilin modelindən asılı olaraq 10 manatdan 50 manata qədər xərclə əlavə radio modulu quraşdırmaq mümkündür.

Azərbaycana gətirilən Çin istehsalı avtomobillərinin böyük əksəriyyətində bu xidməti həyata keçirmişik. Bizə müraciət edən sürücülərin demək olar ki, hamısının avtomobilinə uyğun həll təqdim etmişik. Nəticədə onlar həm radio dinləyə, həm də digər multimedia funksiyalarından rahat şəkildə istifadə edə bilirlər. Qısası, FM radionun olmaması Çin istehsalı avtomobildən imtina etmək üçün əsas səbəb deyil. Bu məsələ asanlıqla həll olunur”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!