Son illərdə mərkəzi ərazilərdə kirayə qiymətlərinin kəskin artması tələbələrin mənzil seçimindəki prioritetlərini köklü şəkildə dəyişib. Artıq gənclər daha çox nəqliyyat baxımından əlverişli, lakin qiymət baxımından dəfələrlə sərfəli olan kənar ərazilərə üz tuturlar.
“Yeni Sabah”ın araşdırmasına əsasən, son illərin ən kütləvi tələbə mərkəzlərinə Xırdalan şəhəri və Masazır qəsəbəsi çevrilib. Bakı-Sumqayıt qatarının istifadəyə verilməsi və sürətli avtobus xətlərinin artması sayəsində mərkəzdəki ali məktəblərə gediş-gəliş xeyli asanlaşıb. Mənzil haqlarının mərkəzə nisbətən yarıbayarı ucuz olması bu istiqamətə böyük tələbə axını yaradır.
Mərkəzdən çox uzaqlaşmaq istəməyən, lakin bina evlərinə yüksək məbləğ ödəmək gücündə olmayan gənclər xüsusilə Xutor, Biləcəri və Yeni Yasamal ərazilərindəki həyət evlərinə və ya kənar mikrorayonlara üz tuturlar. "20 Yanvar" və "Memar Əcəmi" metro stansiyalarına yaxınlıq nəqliyyat problemini həll etməyə imkan verir. Marqarita pizza
Şərq istiqamətində isə Bakıxanov qəsəbəsi, "Qara Qarayev" və "Neftçilər" metro stansiyalarının ətrafı ön plana çıxır. Bu ərazilərdə köhnə tikili mənzillərin və həyət evlərinin qiyməti mərkəzlə müqayisədə kifayət qədər münasibdir. Metro xəttinin varlığı bura üz tutan tələbələrin sayını ildən-ilə artırır.
"Əhmədli" və "Həzi Aslanov" əraziləri də metro infrastrukturunun mövcudluğu və mərkəzi stansiyalara nəzərən qiymətlərin daha əlçatan olması səbəbindən tələbələrin otaq yoldaşı taparaq ən çox məskunlaşdığı zonalar sırasındadır.
Minimum büdcəyə sahib olan və nəqliyyatda bir qədər çox vaxt itirməyə razılaşan gənclər üçün isə Hövsan, Binəqədi və Zabrat qəsəbələri son illərdə ən çox üz tutulan ucqar, lakin sərfəli mənzil alternativlərinə çevrilib.
Nazim Hacıyev
Telegram kanalımız