Milli Məclisin plenar iclasında Mülki Məcəllədə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Bəxtiyar Əliyev torpaq sahələrinin qanunvericiliyə uyğun olaraq rəsmi qeydiyyata alınmasının bu sahədə mövcud olan hüquqi boşluqların aradan qaldırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
"Yeni Sabah" xəbər verir ki, parlamentari “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun qəbulundan sonra vahid sistemin formalaşdırıldığını, çıxarış mexanizminin yaradıldığını və torpaq kadastrı üzrə sistemləşdirmə aparıldığını xatırladaraq, əvvəlki dövrlərdə verilmiş şəhadətnamə və aktların mülkiyyət hüququnu təsdiq edən sənədlər kimi qəbul olunduğunu qeyd edib.
B.Əliyevin sözlərinə görə, dövlət reyestrində və ya torpaq kadastrında qeydiyyata alınmayan sahələrlə bağlı ölkənin torpaq ehtiyatları haqqında müfəssəl məlumat əldə etmək çətinləşir. O, bəzi hallarda torpaqdan istifadə edən şəxslərin həmin ərazilərdən hansı mülkiyyət formasında və hansı təyinatla yararlandığı barədə dəqiq informasiyanın olmadığını, düzgün uçot aparılmadıqda isə ölkədə nə qədər əkin sahəsinin mövcudluğu və onların neçə faizinin əkildiyi ilə bağlı dövlət reyestri ilə torpaq kadastrı arasında uyğunsuzluqların yarandığını diqqətə çatdırıb. Məişət texnikası
Deputat yeni qanunun qəbulunun bir tərəfdən əkinə yararlı torpaq sahələrinin dəqiq uçotunun aparılmasına, digər tərəfdən isə istər xüsusi mülkiyyətdə, istərsə də kənd təsərrüfatı təyinatlı ərazilərdə fəaliyyət göstərən şəxslərin torpaqdan daha məqsədyönlü və səmərəli istifadə etməsinə şərait yaradacağını vurğulayıb.
Nazim Hacıyev
Telegram kanalımız