Toy günü süfrələr açılır, yüzlərlə qonaq gəlir, amma bütün bunların arxasında ciddi bir xərc dayanır. Bəs zərflərə yığılan “toy pulu” bu xərclərin hamısını həqiqətən qarşılayırmı?
“Yeni Sabah” 300 nəfərlik orta səviyyəli toyun əsas xərclərini hesablayıb. Hesablamada orta gəlirli ailələrin toyunda daha çox rast gəlinən qiymətləri əsas götürdük.
İlk və ən böyük xərc qonaqların menyusudur, yəni yemək-içmək. 300 nəfərlik toyda bir nəfərlik menyu 50 manat olarsa, yalnız yeməyə 15 min manat xərclənir. Pepperoni pizza
Eyni vaxtda 300 qonağın hər birinin toya orta hesabla 100 manat yazdırdığını götürsək, toyda 30 min manat toplanır. Yəni menyunun xərcini çıxdıqdan sonra kağız üzərində 15 min manatlıq fərq qalır. Amma toy yalnız yeməkdən ibarət deyil.
Qonaqların qarşısında süfrə açıldıqdan sonra gəlin-bəyin foto və video çəkilişi, musiqi, aparıcı, dekor, gəlinlik və digər xərclər başlayır. Toyun foto və video çəkilişinə orta hesabla 1800 manat ayıraq. Bunun təxminən 700 manatı foto, 900 manatı video çəkilişi, 200 manatı isə montaj və əlavə xidmətlər üçün hesablana bilər.
Musiqi və aparıcı da toy büdcəsində ciddi pay tutur.
Orta səviyyəli bir toy üçün müğənniyə 1500 manat, DJ-ə 500 manat, aparıcıya 500 manat, səs avadanlığına isə təxminən 300 manat hesablasaq, bu hissənin ümumi xərci 2800 manat edir.
Dekor üçün isə təxminən 2500 manat nəzərdə tutmaq olar.
Bura gəlin-bəy masasının bəzədilməsi, fotozona, masa dekorları, güllər və zalın ümumi görünüşü daxildir. Daha sadə seçimlərlə bu məbləği azaltmaq, daha bahalı dekorla isə bir neçə dəfə artırmaq mümkündür.
Gəlinlik, tac, ayaqqabı və digər aksesuarlar üçün orta hesabla 1300 manat götürək. Gəlinin toy günü saç düzümü, makiyajı, manikürü və digər hazırlıqları üçün isə təxminən 300 manat xərclənə bilər.
Bəyin kostyumu, ayaqqabısı, köynəyi, qalstuku və digər geyimləri üçün orta hesabla 700 manat nəzərdə tutulur.
Gəlin buketinə 200 manat, toy avtomobilinə isə təxminən 300 manat ayıraq.
Bundan başqa, dəbdəbəli toy tortu, dəvətnamələr, qonaqlar üçün xırda hədiyyələr, masa nömrələri, çatdırılma və digər kiçik xərclər də var. Bunlar üçün də təxminən 800 manat hesablamaq olar.
Beləliklə, 300 nəfərlik orta səviyyəli toyun hesabını topladıqda mənzərə belə olur:
15 min manat menyuya,
1800 manat foto və videoya,
2800 manat müğənni, DJ, aparıcı və səs avadanlığına,
2500 manat dekora,
1300 manat gəlinlik və aksesuarlara,
300 manat gəlinin saç və makiyajına,
700 manat bəyin geyiminə,
200 manat buketə,
300 manat toy avtomobilinə,
800 manat isə tort və digər xırda xərclərə gedir.
Bütün bunları topladıqda 300 nəfərlik toyun ümumi xərci təxminən 25 900 manat edir.
İndi isə gələk əsas suala: “Toy pulu” bu xərci çıxarırmı?
Əgər 300 qonağın hər biri orta hesabla 100 manat yazdırırsa, toyda 30 min manat toplanır.
25 900 manatlıq xərci çıxanda ailənin əlində təxminən 4100 manat qalır.
Yəni bu hesablamaya əsasən, menyu 50 manat olduğu və hər qonaq orta hesabla 100 manat yazdırdığı halda, 300 nəfərlik toy xərclərini qarşılaya və müəyyən məbləğ də artıq qala bilər.
Amma burada mühüm bir məqam var.
Real toyda bütün qonaqların ayrıca 100 manat yazdırması şərti hər zaman mümkün deyil. Bir ailədən bir neçə nəfər birlikdə gələ və bir zərf verə bilər. Yaxın qohumlar isə 100 manatdan daha çox yaza, bəzi qonaqlar daha az məbləğ verə və ya hədiyyə gətirə bilər.
Ona görə də 300 qonaq = 30 min manat toy pulu hesabı yalnız orta məbləğə əsaslanan nümunədir.
Üstəlik, toy sahibinin xərcləri bununla da bitməyə bilər. Bəzi ailələr nişan, xına, cehiz, gəlin maşını, ayrıca çəkiliş, məşhur müğənni, daha bahalı dekor və digər xidmətlərə də böyük məbləğ ödəyir. Məsələn, daha bahalı menyu seçilərsə, 300 nəfərlik toyun xərci dərhal artır. Menyu 60 manat olarsa, yalnız yemək üçün 18 min manat, 70 manat olarsa isə 21 min manat tələb olunur.
Bu zaman digər xərclər dəyişməsə, ümumi toy büdcəsi müvafiq olaraq təxminən 28900 və ya 31900 manat olacaq. Belə halda 30 min manatlıq “toy pulu” artıq əvvəlki qədər rahat şəkildə xərci qarşılamır.
Qonaq sayı artdıqda da hesab avtomatik olaraq ailənin xeyrinə dəyişmir. Məsələn, əlavə 100 qonağın hər biri 100 manat yazdırsa, ailəyə 10 min manat daxil olur. Amma həmin 100 qonağın menyusu üçün də 5 min manat xərclənir. Yəni bu 100 nəfərin gətirdiyi pulun hamısı qazanc deyil. Əvvəlcə onların yemək xərci çıxılır. Bu səbəbdən toy hesabında əsas göstəricilərdən biri qonağın yazdırdığı pulla onun üçün çəkilən xərc arasındakı fərqdir. Bizim nümunədə bir qonağın menyusu 50 manat, yazdırdığı məbləğ isə orta hesabla 100 manatdır.
Əsmətxanım Rzazadə
Telegram kanalımız