Milli Məclisin bugünkü plenar iclasında Miqrasiya Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Zahid Oruc xaricdən aqronom gətirməklə ziyanla işləyən istixanaların bütün problemlərinin həll olunmayacağını bildirib.
"Yeni Sabah" xəbər veri ki, deputat diqqətə çatdırıb ki, qanun layihəsi aqronom, bağçılıq mütəxəssisi və baytar həkimlərin ölkəyə cəlb edilməsini nəzərdə tutsa da, ilk növbədə yerli kadr potensialının vəziyyəti dərindən araşdırılmalıdır.
Azərbaycanda uzun illər kənd təsərrüfatı üzrə mütəxəssis hazırlığının aparıldığını və bu sahədə zəngin ənənələrin mövcudluğunu vurğulayan Z.Oruc sovet dövründə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu hər il minlərlə ali təhsilli mütəxəssisin bitirdiyini xatırladıb. Sezar pizza
Deputat Azərbaycan Dövlət Aqrar Universitetinin göstəricilərinə də toxunaraq bildirib ki, 2017-ci ildə universitetin 880 əyani və 269 qiyabi bakalavr məzunu olduğu halda, 2024/2025-ci tədris ilində aqronomluq ixtisasını 80, baytarlıq təbabətini isə 76 nəfər bitirib.
Zahid Oruc hesab edir ki, əsas məsələ yalnız kadr hazırlığının azalması deyil, diplomlu mütəxəssislərin aqrar təsərrüfatlarda çalışmasına mane olan səbəblərdir. Kənd Təsərrüfatı nazirinin açıqlamasına istinad edən deputat aqrar ixtisas məzunlarının öz sahələri üzrə məşğulluq göstəricisinin son üç ildə 32 faizdən 65 faizə yüksəldiyini, lakin kəndlərdə və aqroparklarda mütəxəssis ehtiyacının yaranma səbəblərinin mütləq araşdırılmalı olduğunu ifadə edib.
Ölkədə istixanaların sayının və pomidor istehsalının dinamikasına diqqət çəkən Z.Oruc bildirib ki, 2023-cü ildə 3 228 istixana fəaliyyət göstərdiyi halda, bu rəqəm 2024-cü ildə 3 027-yə, 2025-ci ildə isə 2 995-ə düşüb, istixana pomidorunun istehsalı da müvafiq olaraq 268,9 min tondan 156,8 min tona enib. Deputat bu azalmanı təkcə aqronom çatışmazlığı ilə əlaqələndirməyin düzgün olmadığını, təbii qazın qiyməti, istehsalın maya dəyəri və xarici bazarlarda satış qiymətlərinin aşağı olmasının yerli şirkətlərin rəqabət qabiliyyətinə birbaşa təsir göstərdiyini vurğulayıb.
Deputat Rusiyanın tərəvəz idxalı göstəricilərini də müqayisə edərək qeyd edib ki, Rusiya 2024-cü ildə 1 milyon 717 min tondan çox tərəvəz, o cümlədən 479 min ton pomidor idxal edib və həmin il Azərbaycanın bu ölkəyə pomidor tədarükü 141,9 min ton təşkil edib. 2025-ci ildə isə Rusiyaya Azərbaycandan 166,1 min ton pomidor və 141 min tona yaxın xurma göndərilib.
Aqrar sahədə xarici mütəxəssislərin cəlb edilməsinin müəyyən ehtiyacları qarşılaya biləcəyini, lakin bunun yerli kadr potensialının qiymətləndirilməsini əvəz etməməli olduğunu diqqətə çatdıran Z.Oruc ölkəmizin vaxtilə keçmiş sovet məkanına mütəxəssis ixrac etdiyini xatırladıb və kadr itkilərinin səbəblərinin araşdırılmasını vacib sayıb. Deputat qanunvericilikdə xaricdən gələn mütəxəssislərin peşə təcrübəsini müəyyənləşdirən şəffaf meyarların təsbit olunmasını, onların təhsilinin yoxlanılmasının təmin edilməsini, eləcə də yerli aqronom, bağçılıq mütəxəssisi və baytarlar üçün ödənişli təcrübə və mentorluq proqramlarının həyata keçirilməsini təklif edib.
Nazim Hacıyev
Telegram kanalımız