Milli Məclisin bugünkü plenar iclasında növbəti müddətə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilən Səbinə Əliyeva çıxış edərək qarşıdakı mərhələdə əsas hədəfin Ombudsmanın tövsiyələrinin icrasına nəzarət mexanizmlərinin gücləndirilməsi və insan hüquqları sahəsində qanunvericiliyin təkmilləşdirilməsi olduğunu bildirib.
"Yeni Sabah" xəbər verir ki, S.Əliyeva diqqətə çatdırıb ki, həssas əhali qruplarının hüquqlarının müdafiəsinin gücləndirilməsi, milli preventiv və müstəqil monitorinq mexanizmlərinin təkmilləşdirilməsi, regionlarda təsisata əlçatanlığın artırılması, rəqəmsal transformasiya və süni intellekt kontekstində insan hüquqlarının müdafiəsinə dair müasir yanaşmaların tətbiqi fəaliyyətin prioritet istiqamətləri sırasında yer alacaq. Müvəkkil, həmçinin hüquqi maarifləndirmənin yeni çağırışlara uyğunlaşdırılması, ictimai iştirakçılığın təşviqi və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Beynəlxalq fəaliyyətə toxunan Ombudsman milli təcrübənin təşviqi, ölkəmizin insan hüquqları sahəsindəki nailiyyətlərinin, eləcə də müharibə və postmüharibə dövrünün humanitar nəticələrinin obyektiv faktlarla beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində işlərin davam etdiriləcəyini qeyd edib. pizza mizza
Səbinə Əliyeva ona göstərilən yüksək etimadı insan hüquq və azadlıqlarının müdafiəsi missiyasına verilən böyük dəyər kimi qiymətləndirərək, qazanılmış təcrübə və institusional imkanların Ombudsman təsisatının fəaliyyətini müasir tələblərə uyğun inkişaf etdirməyə və Milli Məclislə uğurlu əməkdaşlığı daha da gücləndirməyə imkan verəcəyini əminliklə ifadə edib.
Nazim Hacıyev
Telegram kanalımız