Almaniyada beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının ölkəmizə ekstradisiyasına razılıq verilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Baş Prokurorluğun Almaniya Federativ Respublikasının Federal Ədliyyə İdarəsinə müraciəti və tələb olunan sənədlərin təqdim edilməsindən sonra aparılan danışıqlar nəticəsində Elmir Elxan oğlu Nuriyevin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Marqarita pizza
Məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsində istintaqı aparılan cinayət işi üzrə Elmir Nuriyev özünü şirkət rəhbəri kimi təqdim edərək müxtəlif şəxsləri aldadıb, onların etibarından sui-istifadə edib. O, vətəndaşların mənzillərini təmir edəcəyinə dair yalan vədlər verməklə onlara xeyli miqdarda ziyan vurmaqda şübhəli bilinir.
Həmin şəxs barəsində cinayət təqibinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilib. İstintaqdan yayınaraq gizləndiyinə görə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib.
Keçirilən tədbirlər nəticəsində Elmir Nuriyevin Almaniya ərazisində olduğu yer müəyyənləşdirilib və onun saxlanılması təmin edilib.
Hazırda onun Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür.
Baş Prokurorluq axtarışda olan şəxslərin müəyyən edilərək ölkəmizə gətirilməsi məqsədilə xarici dövlətlərin aidiyyəti qurumları, o cümlədən İnterpol ilə əməkdaşlığın davam etdiriləcəyini bildirib.
Aytac Əliyeva
Telegram kanalımız