Sosial mediada yayılan məlumatlara görə Yaxın Şərqdə 30-a yaxın şəhərdə südverən qadınları üzərində tibbi-kliniki tədqiqat aparıblar. Nəticədə ana südü inək südü ilə müqayisədə 3 dəfə daha çox toksik göstərici verib.
Ağır metalların südəmər körpəyə təsiri daha çox autizm spektr pozuntusu, nitq inkişaf ləngiməsi, zəka geriliyi, sinir inkişaf ləngiməsi kimi ağır xəstəliklərin rast gəlmə tezliyinə gətirib çıxardıb.
Bu məlumatlar nə dərəcədə doğrudur? Ana südü körpənin sağlamlığı üçün təhlükə yarada bilərmi, yoxsa bu cür paylaşımlar əsassız narahatlıq yaradır? Pepperoni pizza
Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən ginekoloq Arzu Məhərrəmova bildirib ki, ana südü insanın öz körpəsi, inək südü inəyin, keçi südü isə keçinin balası üçün nəzərdə tutulub:
“Hər canlının südü onun balasının ehtiyaclarına uyğun formalaşır. Ana südünün tərkibində körpənin inkişafı üçün vacib olan böyümə faktorları və immuniteti gücləndirən maddələr var. Bunlar digər heyvanların südündə eyni şəkildə mövcud deyil.
Ana doğuş etdikdən sonra ilk gələn südə ağız südü, yəni kolostrum deyilir. Bu südün tərkibində körpənin immun sistemini gücləndirən maddələr var. Buna görə də, tibbi əks-göstəriş olmadığı halda, yeni doğulan körpənin ilk süddən faydalanması çox vacibdir. Ağız südü körpəni bir sıra infeksiyalardan qorumağa və immun sisteminin formalaşmasına kömək edir.
Ana südündə ağır metalların olması ilə bağlı Yaxın Şərqdə aparıldığı deyilən araşdırmaya gəlincə, həmin tədqiqat məndə yoxdur və bu barədə məlumatım olmayıb. Ancaq onu deyə bilərəm ki, qadın məsləhətxanalarının əsas məqsədlərindən biri də hamiləliyin ilk günlərindən etibarən ananın sağlamlığına nəzarət etməkdir. Ananın düzgün qidalanması, həyat tərzi, psixoloji vəziyyəti və digər amillər körpənin ana bətnində inkişafına, dünyaya gəlməsinə və sonradan ana südü ilə qidalanmasına təsir göstərir”.
Ginekoloq bildirib ki, əgər ana narkotik maddələrdən istifadə edirsə, siqaret çəkirsə, hamiləlik zamanı spirtli içki qəbul edirsə və ya düzgün qidalanmırsa, bu, həm onun, həm də körpənin sağlamlığı üçün risk yarada bilər:
“Mənşəyi məlum olmayan qidaların və çirklənmiş suyun qəbulu da təhlükəlidir. Bəzi zərərli maddələr ana südünə keçərək körpəyə mənfi təsir göstərə bilər. Bununla belə, ana südündə hər hansı zərərli maddənin olması ilə autizm, nitq pozuntusu və ya inkişaf geriliyi arasında birbaşa əlaqə olduğunu demək üçün konkret elmi sübutlar lazımdır.

Ana olmağa hazırlaşan hər bir qadın qidalanmasına, həyat tərzinə və sağlamlığına diqqət yetirməlidir. Bu amillər həm hamiləliyin gedişinə, həm də doğuşdan sonra südvermə prosesinə təsir göstərir.
Südün yaranması və ifrazı da müəyyən fizioloji mexanizmlərlə tənzimlənir. Körpə ananın döşünü əmdikdə beyində yerləşən hipofiz vəzisinə siqnallar ötürülür. Nəticədə prolaktin hormonu südün istehsalını, oksitosin hormonu isə südün döşdən axmasını təmin edir. Oksitosin, eyni zamanda, doğuşdan sonra uşaqlığın yığılmasına da kömək edir. Buna görə də ananın psixoloji vəziyyəti və özünü rahat hiss etməsi südvermə prosesində mühüm rol oynayır. Stress südün axmasına müvəqqəti təsir göstərə bilər.
Mən qadınlarımıza tövsiyə edərdim ki, hamilə qaldıqları andan etibarən həkim nəzarətində olsunlar və düzgün qidalansınlar. Körpəni doğuşdan sonra, tibbi əks-göstəriş yoxdursa, mümkün qədər tez ana südü ilə qidalandırmağa başlamaq lazımdır. Bu məsələdə doğum evlərində çalışan neonatoloqların da üzərinə böyük məsuliyyət düşür. Onlar analara körpəni döşə düzgün qoymağı və ana südü ilə qidalandırmanı davam etdirməyi öyrətməlidirlər”.
A.Məhərrəmova qeyd edib ki, süni qidalar və əmziklər yalnız ehtiyac olduqda və mütəxəssis məsləhəti ilə istifadə edilməlidir:
“Ana südü körpə üçün ən uyğun qidalardan biridir və onun tərkibi körpənin ehtiyaclarına uyğunlaşır. Bununla belə, ana südü ilə qidalandırmanın mümkün olmadığı və ya əlavə qidaya ehtiyac yarandığı hallarda həkimin tövsiyəsi nəzərə alınmalıdır.
Ana südü ilə qidalandırmaya fasilə verilməsi və ya bunun mümkün olub-olmaması konkret tibbi vəziyyətdən asılıdır. Məsələn, bəzi infeksiyalar, qəbul edilən müəyyən dərmanlar və digər sağlamlıq problemləri zamanı xüsusi yanaşma tələb oluna bilər. Açıq vərəm və HİV infeksiyası kimi hallarda da qərar fərdi tibbi qiymətləndirmə əsasında verilməlidir. Buna görə də belə vəziyyətlərdə mütləq həkimlə məsləhətləşmək lazımdır.
Bəzən analara uşağın çəkisinin az olduğu və ya südün çatmadığı deyilir. Lakin südün həqiqətən kifayət edib-etmədiyini uşağın çəki artımı, sidiyə çıxması və ümumi vəziyyəti əsasında qiymətləndirmək lazımdır. Südün az olduğunu düşünən analara dərhal süni qidaya keçmək əvəzinə, ilk növbədə mütəxəssis dəstəyi almağı tövsiyə edərdim.
Ana südü körpəni böyüməsi və inkişafı üçün vacib qidalarla təmin etməklə yanaşı, ana ilə uşaq arasında emosional bağın yaranmasına da kömək edir. Ana körpəsini əmizdirərkən ona yaxınlığını, qayğısını və sevgisini hiss etdirir. Mən həmişə deyirəm ki, ana südü ilə qidalandırma yalnız qidalanma deyil, həm də ana ilə övlad arasında möhkəm bağın formalaşmasıdır.
Bütün analara sağlamlıq arzulayıram. İstəyirəm ki, analarımız körpələrini imkan daxilində öz südləri ilə qidalandırsınlar və bu prosesdə lazımi tibbi dəstəyi alsınlar”.
Aydan Hacı
Telegram kanalımız