Son illərdə dünyanın bir sıra ölkələrində iş saatlarının azaldılması və daha çevik iş rejimlərinə keçidlə bağlı müzakirələr genişlənir. Bu yanaşmanın əsas məqsədi işçilərin istirahət imkanlarını artırmaqla yanaşı, əmək məhsuldarlığını yüksəltmək və işlə şəxsi həyat arasında balans yaratmaqdır. Bəs Azərbaycanda iş saatlarının azaldılması mümkündürmü və bu dəyişiklik ilk növbədə hansı sahələri əhatə edə bilər?
“Yeni Sabah” xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, iş vaxtının azaldılması ilə distant iş modelinin tətbiqini bir-birindən fərqləndirmək lazımdır.
Deputat xatırladıb ki, mövcud qanunvericiliyə əsasən, Azərbaycanda gündəlik normal iş vaxtı 8, həftəlik isə 40 saatdan artıq ola bilməz: pizza
“Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan, həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. Məcəllənin 90-cı maddəsinə uyğun olaraq, bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.
Bununla belə, qanunvericilikdə işçilərin müəyyən kateqoriyaları üçün qısaldılmış iş vaxtı da nəzərdə tutulur. Əmək Məcəlləsinin 91-ci və 92-ci maddələri müvafiq kateqoriyalara aid işçilər, eləcə də əmək şəraiti zərərli olan işlərdə çalışanlar üçün qısaldılmış iş vaxtının tətbiqini tənzimləyir.
Ümumilikdə, ölkə üzrə iş saatlarının azaldılması üçün həftəlik normal iş vaxtına dair qanunvericilikdə dəyişiklik edilməsi mümkündür. Belə bir qərar qəbul olunarsa, onun iqtisadi səmərəliliyi, müəssisələrin maliyyə imkanları, əmək məhsuldarlığı və işçilərin əməkhaqqının qorunması kimi amillər nəzərə alınmalıdır”.
Azər Badamov iş saatlarının azaldılmasının mümkün olduğu sahələrə də toxunub.
Onun sözlərinə görə, bu məsələyə ilk növbədə işin təşkili və əmək məhsuldarlığı baxımından yanaşılmalıdır:
“Xüsusilə informasiya texnologiyaları, proqramlaşdırma, maliyyə və mühasibat xidmətləri, konsaltinq, tərcümə, eləcə də müəyyən inzibati və ofis işlərində daha çevik iş rejimlərinin tətbiqi üçün imkanlar mövcuddur.
Bununla yanaşı, səhiyyə, təhsil, nəqliyyat, sənaye və digər fasiləsiz fəaliyyət tələb edən sahələrdə iş saatlarının azaldılması növbəlilik sisteminin yenidən qurulmasını və əlavə işçi resurslarının cəlb edilməsini tələb edə bilər”.
Deputat Azərbaycanda distant və hibrid iş modellərinin genişləndirilməsini də mümkün alternativlərdən biri hesab edir.
O bildirib ki, bir sıra peşələrdə əmək funksiyalarının yerinə yetirilməsi üçün işçinin hər gün fiziki olaraq ofisdə olması zəruri deyil:
“Mənim fikrimcə, hazırkı mərhələdə Azərbaycan üçün alternativ yanaşmalardan biri də distant və hibrid iş modellərinin genişləndirilməsidir. Çünki bir sıra sahələrdə əmək funksiyalarının yerinə yetirilməsi üçün işçinin hər gün fiziki olaraq ofisdə olması zəruri deyil.
Bu modelin tətbiqi işçilərin işə gedib-gələrkən yollarda sərf etdikləri vaxtı azaltmağa, nəqliyyat sıxlığının müəyyən qədər yüngülləşdirilməsinə və iş-həyat balansının yaxşılaşdırılmasına imkan verə bilər. Eyni zamanda, düzgün idarəetmə və nəticəyönümlü qiymətləndirmə sistemi qurulduğu halda, işçilərin məhsuldarlığının yüksəlməsinə də şərait yarana bilər”.
Azər Badamov vurğulayıb ki, distant iş rejiminə keçid iş saatlarının avtomatik azalması anlamına gəlmir:
“Distant işin tətbiqi avtomatik olaraq iş saatlarının azalması demək deyil. Bu modelin səmərəli olması üçün iş vaxtının uçotu, əmək funksiyalarının dəqiq müəyyənləşdirilməsi, informasiya təhlükəsizliyi və işçinin əmək hüquqlarının qorunması təmin edilməlidir”.
Telegram kanalımız