“Bizə yüksək sürətlə maşın sürmək yaraşmır” – Dəhşətli qəzanın daha bir səbəbi

“Bizə yüksək sürətlə maşın sürmək yaraşmır” –
İyul 10, 2019
Oxunma sayı: 606

Xəbər verdiyimiz kimi dünən Masallıda 8 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Məlumatda qeyd edilirdi ki, "Mercedes Vito" markalı avtonəqliyyat vasitəsinin sahibi Nizami Mustafayev qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərib. Amma sonradan bu açıqlama təkzib edildi.

Ümumiyyətlə maraqlıdır ki, dəhşətli qəzaların çoxunda sürücünün qeyri-qanuni fəaliyyət göstərdiyi iddia olunur. Buna səbəb nədir? Qəza törətmədən öncə bu cür şəxsləri müəyyən edib, onlar barəsində tədbir görmək mümkün deyilmi?

Bu barədə "Yeni Sabah"a açıqlama verən  yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, ilin əvvəlindən bu günə qədər ümumi hadisələrin sayı azalsa da, ağır nəticəli hadisələrin sayı artıb:

“Dövlət Yol Polisi ilə Dövlət Avtomobil Nəqliyyatı Xidməti əməkdaşları stasional postlarda birgə, ciddi şəkildə fəaliyyət göstərməlidir. Günün 24 saatı sərnişindaşıma, yükdaşıma aləti ilə məşğul olanlara qarşı ciddi nəzarət mexanizmi qurulmalıdır”.

Onun sözlərinə görə, sürücülərə nəzarət müxtəlif vasitələrlə - elektron qaydada, taxoqraflarla, yaxud da şirkətlərin özləri ilə ciddi əməkdaşlıq vasitəsilə edilə bilər:

“Əlaqədar qurumlar dəfələrlə sərnişinlərə müraciət edib ki, peşəkar sürücülərin xidmətinə müraciət edin. Tanımadığınız, bilmədiyiniz şəxslərin xidmətindən istifadə etməyin. Onların sürücülük vəsiqələri, sənədləri tamdır, ya yox onu bilmirsiniz. Standart iş qrafiki olub-olmadığını da bilmirsiniz. Bəzən 2 saat yuxu ilə sükan arxasına keçirlər, tək səbəb də daha çox pul qazanmaq olur. Amma sürücü işləyən insanlar işinə ciddi yanaşmalıdır. Sərnişinlərə pul kimi baxmalı deyillər”.

Ekspert qeyd edib ki, yollarda keçirilən yoxlamalardan sürücülərdən əvvəl sərnişinlər narahat olur,  bunun onların təhlükəsizliyi üçün edildiyini gözardı edirlər:

“Mikroavtobusla sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaq istəyirlərsə, zəhmət çəkib qeydiyyata düşsünlər, o cür fəaliyyət göstərsinlər. Biz nəzarətsiz işləməyə öyrəşməmişik. Vaxt var idi Nəqliyyat Nazirliyinin “qoçuları” sərnişindaşıma ilə məşğul olanları tutub döyürdülər, pulunu əlindən alırdılar, ortalığa qanunsuz tələblər qoyurdular. Qorxularından hamısı nizamla işləyirdilər ki, əks halda döyüləcəklər. İndi onlara sərbəstlik verilib, bəs nədir bu biabırçılıq?”.

Elməddin Muradlı sürətlə maşın sürməyin hər sürücüyə uyğun olmadığını bildirib:

“Hadisə harada baş verib? Sürətli, komfortlu yolda. Deməli, bizə sürətli yol yaraşmır. Bəzi insanlar deyir ki, Avropada 140 sürətlə gedirik. Görürsünüz, qəza törədən sürücü də etiraf edir ki, 120 sürətlə gedirdim. Deməli, bizə yüksək sürətlə maşın sürmək yaraşmır. Ona görə hər kəs öz bacardığı həddə uyğun sürməlidir”.

Elnarə İlham