“Payız aylarında alaq otlarına, ambroziyaya, yemişan, şam və digər bitkilərə qarşı allergiyası olan insanlarda adətən kəskinləşmə müşahidə olunur. Yəni allergiyanın əlamətləri üzə çıxmağa başlayır. Buraya asqırma, burundan və gözdən şəffaf su gəlməsi, burun tutulması, burunda və gözdə qaşınma, qıcıqlanma hissinin yaranması, burun tənəffüsünün pozulması, gözdə və burunda qaşınma ilə yanaşı daxili qulaqda qaşınma kimi əlamətlər də aid ola bilər…”
Bu sözləri “Yeni Sabah”a allerqoloq pulmonoloq Ramin Nəriman deyib. Payız aylarında artan allergiyalardan danışan həkim vətəndaşlara xəbərdarlıq edib:
“Bu əlamətlər qripə oxşayır, amma qripdən kifayət qədər fərqlənir. Belə ki, qrip zamanı temperatur yüksəlir, insanın əhval-ruhiyyəsi pozulur. İlkin olaraq burundan şəffaf su gəlir, bir-iki sutkadan sonra həmin şəffaf ifrazat irinli ifrazata çevrilir. Sümüklərdə və əzələlərdə ağrı olur, güclü tərləmə müşahidə edilir, iştaha itir, əmək qabiliyyəti pozulur. pizza sifarişi
Amma allergik reaksiyalar zamanı insanın əhval-ruhiyyəsi qripdəki qədər pozulmur, qızdırma olmur. Burundan daim şəffaf su gəlir, yəni irinli ifrazat müşahidə edilmir. Çoxsaylı asqırmalar davam edir və bu, günlərlə, həftələrlə sürə bilər. İnsanın iştahası pozulmur, tərləmə olmur, əmək qabiliyyəti isə çox cüzi miqdarda pozulur”.
Həkim xüsusilə küləkli günlərdə allergiyası olanların özlərini toz və bitki hissəciklərindən qorumasının vacibliyini vurğulayıb:
“Bu aylarda tozlanan bitkilərə qarşı allergiyası olan insanlar bayır tozlarından qorunma qaydalarına riayət etməlidirlər. Bu, ondan ibarətdir ki, gecələr qapı-pəncərəni açıq saxlamaq olmaz.
Çünki gecələr, gün batandan sonra kondensasiya hadisəsinin hesabına toz yerin aşağı təbəqəsinə, yəni havanın yerə yaxın hissəsinə çökür. Ona görə də qapı-pəncərə açıq olduğu halda toz kütləsi otağa daxil olur və xəstələrdə qıcıqlanma yaradır. Buna görə də gecələr qapı-pəncərəni açıq saxlamaq olmaz.
Gündüz isə külək əsəndə qapı-pəncərəni açmaq olmaz. Çünki külək olduqda bütün toz hissəcikləri havada toplanır, onların havadakı miqdarı artır və təbii ki, yaratdığı reaksiya da güclənir.
Küləkli havada allergiyası olan insanların, yəni bayır tozlarına və bitki tozlarına qarşı allergiyası olan insanların bayıra çıxması məsləhət deyil. Əgər bayıra çıxırlarsa, başlarına papaq qoymalıdırlar, yəni baş geyimindən, baş örtüyündən istifadə etməlidirlər. Gün eynəklərindən və maskadan istifadə olunmalıdır.
Baş geyimindən istifadə etməkdə məqsəd odur ki, toz saçda toplanmasın. Yəni biz çölə çıxdığımız halda baş geyimini evə qayıdarkən çıxarırıq və toz papağın üzərində toplanmış olur, saçımıza yox.
Gün eynəklərindən ona görə istifadə olunur ki, külək birbaşa tozu gözümüzə doldurmasın. Maska isə təbii ki, toz dənəciklərinin tənəffüs yollarına düşməsinin qarşısını almaq üçündür. Bu zaman maskanı həm burunu, həm də ağızı örtəcək şəkildə istifadə etmək lazımdır. Yəni maska yalnız ağıza deyil, burun və ağıza taxılmalıdır. Maskanın üst hissəsindəki dəmir hissə sıxılaraq burunun formasına uyğunlaşdırılmalıdır ki, toz hissəcikləri tənəffüs yollarına daxil olmasın.
Eyni zamanda, küləkli havada bayıra çıxan insanlar evə qayıdan kimi duş qəbul etməlidirlər ki, həmin toz orqanizmdən uzaqlaşdırılsın. Həmçinin üst geyimlərini yataq otağına aparmaq olmaz. Küləkli havada geyindiyimiz üst geyimlərini yataq otağına apardıqda həmin paltarların üzərində toplanmış toz gecə yataq otağında qalır və xəstələrdə problem yaratmağa başlayır.
Həmçinin küləkli havada geyinilmiş üst geyimlərini yuyulmadan təkrar geyinmək olmaz. Həmin geyimlər yuyulmalı, sonra istifadə olunmalıdır ki, toz kənarlaşdırılsın.
Bu dediyimiz qaydalara riayət etmək nə qədər çətin olsa da, imkan daxilində bunlara əməl etmək lazımdır”.
Ramin Nəriman bildirib ki, səhər saatlarında havanın təmiz olması ilə bağlı yayılmış fikir əslində allergiyası olanlar üçün keçərli deyil:
“Əsas məsələlərdən biri də budur ki, insanlar havanın səhər saatlarında daha təmiz olduğunu düşünə bilərlər. Amma bitki tozlarına görə havanın ən çirkli vaxtı məhz səhər saatlarıdır. Bayaq da dediyim kimi, kondensasiya hadisəsinin hesabına tozun hamısı səhərlər havanın aşağı, yerə yaxın təbəqəsində toplanır.
Ona görə də gəzinti edənlər, idmanla məşğul olanlar, açıq havada idman edənlər bu planlarını günün ikinci yarısına, yəni günortadan sonra, axşama doğru planlaşdırsalar, daha yaxşı olar.
Bir məsələni də qeyd edim ki, alaq otlarına, çəmən otlarına qarşı reaksiyası olan insanların bitki örtüyü olan yerlərdə, məsələn, meşədə dincəlməsi və istirahətə getməsi məsləhət deyil.
Onlar üçün ən uyğun istirahət yeri dənizdir”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız