AzParking mobil tətbiqi bir sıra yeni funksiyalarla təkmilləşdirilərək istifadəçilərə təqdim edilib.
“Yeni Sabah” xəbər verir ki, təkmilləşdirmə istifadəçi təcrübəsini yaxşılaşdırmağı, sessiya idarəetməsini sadələşdirməyi və məlumatlandırma prosesini daha şəffaf etməyi hədəfləyib.
Qeyd edək ki, əlavə edilən və təkmilləşdirilən bütün funksiyalar istifadəçi rəyləri əsasında hazırlanıb və tətbiqin istifadəsinin daha rahat, sürətli və etibarlı olmasına yönəldilib. Sezar pizza
Əlavə edilən yeni funksiyalara daxildir:
CarPlay dəstəyi: Parklanma funksiyalarını birbaşa avtomobilin CarPlay ekranı üzərindən istifadə etmək mümkündür.
Canlı fəaliyyətlər: İstifadəçi aktiv parklanma sessiyasını telefonun kilid ekranından, tətbiqi açmadan izləyə bilər.
Xəritə görünüşü seçimi: Məntəqəni tapmaq üçün standart xəritə və ya peyk görünüşü seçimlərindən birini istifadə etmək mümkündür.
İnternet bağlantısı xəbərdarlığı: Bağlantı kəsildikdə istifadəçi dərhal məlumatlandırılır və bağlantını yenidən yoxlamaq mümkün olur.
Xidməti parklanma xəbərdarlığı: Yaxınlıqda xidməti avtomobilin park edildiyi barədə istifadəçiyə bildiriş göndərilərək düzgün məntəqədə park etməsi ilə bağlı məlumatlandırılır.
Məntəqənin düzgünlüyünün təsdiqi: Fərqli qiymət indeksli məntəqələrin yaxın yerləşdiyi kəsişmələrdə səhv seçim riskini azaltmaq üçün sessiyaya başlamazdan əvvəl seçilmiş məntəqə təsdiqlənir.
Təkmilləşdirilən funksiyalara daxildir:
Sadələşdirilmiş qeydiyyat: Artıq avtomobil məlumatlarının əlavə edilməsi məcburi deyil, istifadəçi qeydiyyatdan keçdikdən sonra istənilən vaxt avtomobilini əlavə edə bilər.
Daha rahat ana səhifə istifadəsi: Eyni ekranda parklanma məntəqələrinin siyahısını görmək, məntəqələrin xəritədə yerləşməsini müəyyən etmək, hər məntəqə üzrə saatlıq tariflə tanış olmaq, mövcud boş və dolu yerlərin təqribi sayını görmək mümkündür.
mygov bağlantısı: mygov ilə qeydiyyatdan keçməyən istifadəçi hesablarını profil bölməsindən birbaşa mygov ilə əlaqələndirə bilər.
Seçilmiş məntəqələr: Tez-tez istifadə olunan parklanma məntəqələri “Seçilmişlər” bölməsində ayrıca göstərilir.
Fərdi parklanma talonu müraciəti: mygov vasitəsilə qeydiyyatdan keçən vətəndaşların FİN-i tətbiqdə avtomatik göstərilir. Bu təkmilləşdirmə məlumatların doldurulmasını sürətləndirir və müraciət prosesini rahatlaşdırır.
Fərdi parklanma talonu məntəqələri: Fərdi parklanma talonu üzrə istifadəçiyə təyin olunmuş məntəqələr “Talonlular” bölməsində göstərilir. Məntəqəni seçərək birbaşa sessiya başlatmaq mümkündür.
Fərdi parklanma talonu müraciətinin ləğvi: İstifadəçi gözləmədə olan fərdi parklanma talonu müraciətini istədiyi vaxt ləğv edə bilər.
GPS icazəsi: Artıq GPS icazəsi vermədən də parklanma sessiyasını başlatmaq mümkündür.
Digər məntəqələr: "Digər" kateqoriyasına daxil olan xüsusi parklanma əraziləri "Digər" bölməsində qruplaşdırılıb. İstifadəçi bu bölməyə daxil olduqda özünə ən yaxın xüsusi parklanma ərazisini görə və mövcud parklanma borcunu bir toxunuşla ödəyə bilər.
Tarixçədən yenidən parklanma: Əvvəl parklanma edilən məntəqədə bir toxunuşla yenidən sessiya başlatmaq mümkündür.
Bildiriş icazəsinin izlənməsi: İstifadəçi bildiriş icazəsinin aktiv olub-olmadığını tətbiq üzərindən asanlıqla yoxlaya bilər.
Borc bildirişi: “Borcu ödə” düyməsi ilə birbaşa “Borclarım” bölməsinə keçid etmək mümkündür.
Borc məlumatına rahat giriş: Mövcud borcları profil bölməsindən asanlıqla izləmək və ödəniş etmək mümkündür.
Sessiyalara rahat keçid: Əsas menyudan “Sessiyalar” bölməsinə birbaşa keçid etmək və bütün sessiyaları bir ekrandan izləmək daha əlçatandır.
Bütün sessiyaların bir arada görünməsi: Təkmilləşdirilmiş mobil tətbiqdə bütün sessiyalar bir ekranda göstərilir.
Avtomobil məlumatları: “Avtomobil məlumatı” bölməsində nəqliyyat vasitəsi haqqında ətraflı məlumatlara baxmaq mümkündür.
Profil və ödənişlər: Burada istifadəçi şəxsi məlumatlarını nəzərdən keçirə, ödəniş vasitələrini idarə edə və hesabı ilə bağlı əsas məlumatları rahat şəkildə əldə edə bilər.
Artıq həm Android, həm də iOS istifadəçiləri AzParking mobil tətbiqini yeniləyərək funksionallıqlardan yararlana bilərlər.
Telegram kanalımız